KÖŞƏ

Cavid Əkbərov

Pandemiya ilə bağlı bütün tələblərə ciddi şəkildə əməl edək!

20 avqust 2020 22:00
5930

Qaydalara əməl etməmək virusun yenidən geniş yayılmasına səbəb ola bilər

Xəbər verildiyi kimi, yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılması ilə bağlı ölkə üzrə xüsusi karantin rejiminin 31 avqust saat 00:00-dək tətbiq olunması qərara alınıb. Hazırda 13 şəhər və rayonda (Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax, Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan) tətbiq olunan sərtləşdirilmiş xüsusi karantin rejimi davam edir.

Məlum olduğu kimi, avqustun 5-i saat 06:00-dan etibarən sərtləşdirilmiş xüsusi karantin zonasına daxil olan şəhər və rayonlarda şəxslərin yaşayış yerini və olduğu yeri SMS icazə, xidməti vəsiqə, icaze.e-gov.az portalı vasitəsilə tərk etmək sistemi ləğv olunub. Nazirlər Kabinetinin qərarı ilə xüsusi karantin rejimi tətbiq olunan ərazilərdə açıq havada olan kafe və restoranların fəaliyyəti də bərpa olunub. Son vaxtlar koronavirusa yoluxma sayı və ölüm hadisələrində azalma müşahidə olunurdu. Ancaq son günlər virusa yoluxma sayı yenidən 3 rəqəmli həddə qalxıb. Avqustun 19-da Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 146 yeni yoluxma faktı qeydə alınıb, 162 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Avqustun 18-də isə 131 yoluxma faktı qeydə alınmışdı.

Faktlardan da göründüyü kimi, bəziləri məsələyə bir qədər laqeyd yanaşırlar. Belə ki, yenə də bəzi insanlar qapalı məkanlarda maskadan istifadə etmirlər. Həmçinin gigiyena tələblərinə məhəl qoymamaq xəstələrin sayının artmasına bilavasitə yol açır. Maksimum dərəcədə diqqətli olmaq lazımdır. Yoluxma sayında müşahidə edilən artım davam edərsə, karantin rejimi yenidən daha da sərtləşdirilə bilər. Ehtiyatı əldən vermək faciəvi nəticələrə yol aça bilər.

Pandemiyanın ikinci dalğasının olması təhlükəsi realdır və bəzi ölkələrdə, artıq rəsmən elan edilib. Üstəlik, virus mutasiya edərək daha aqressiv forma alıb. Belə bir şəraitdə Azərbaycanda da əsas məqsəd son aylar pandemiya ilə mübarizədə əldə olunmuş nəticələri və müsbət dinamikanı qoruyub saxlamaqdır. Bunun üçün heç kim arxayınlaşmamalı, yumşaldılmış karantin şərtləri təhlükənin artıq dəf olunması anlamına gəlməməlidir. Virusa qalib gəlməyin yeganə yolu məsuliyyətli davranmaq, karantinin tələblərinə, şəxsi gigiyena qaydalarına riayət etməkdir.

Unutmamalıyıq ki, bəşəri kabus hələ də aramızda dolaşmaqda, fəlakətlər yaratmaqda, insanların həyatını riskə atmaqda davam edir. Qaydalara əməl etməmək virusun yenidən geniş yayılmasına səbəb ola bilər. Bu halda karantin rejiminin yenidən sərtləşdirilməsi lazım gələcək. Həyata keçirilən tədbirləri, işləri yarımçıq qoymamaq və əldə olunan nəticələri davam etdirmək, uğurlu sonluğa çatmaq üçün karantin rejiminin bütün qaydalarına riayət etmək başlıca zərurətdir.