KÖŞƏ

Cavid Əkbərov

Böhran vəziyyəti işğalçı Ermənistanı yeni hərbi avantüraya meyilləndirir

23 sentyabr 2020 18:21
2159

Xəbər verildiyi kimi, sentyabrın 19-da Prezident İlham Əliyev  Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirak edib. Dövlət başçısı mərasimdən sonra yerli telekanallara müsahibə verərək bir sıra məqamlara toxunub.

Prezident deyib ki, ermənilər öz çirkin planlarından əl çəkməsələr, bunun onlar üçün çox ağır nəticələri olacaq: “Ermənistan aqressiv dövlətdir. Onların Azərbaycana, azərbaycanlılara qarşı nifrəti çirkin siyasətlərində də özünü göstərir. Bir daha demək istəyirəm və onlara xəbərdarlıq etmək istəyirəm ki, əgər öz çirkin planlarından əl çəkməsələr, onlar üçün çox ağır nəticələr olacaq. Onlar yeni müharibəyə hazırlaşırlar. Təmas xəttinə yaxın onların qüvvələrinin konsentrasiyası baş verir. Biz hər şeyi görürük, hər şeyi izləyirik. Onların bütün hərəkətlərini izləyirik. Əlbəttə ki, özümüzü müdafiə edəcəyik. Necə ki, Tovuzda özümüzü müdafiə etdik, bütün başqa istiqamətlərdə də özümüzü müdafiə edəcəyik. Onlar üçün Tovuz hadisələri növbəti dərs oldu. Əgər yeni dərs almaq istəyirlərsə, biz buna hazırıq.”

Göründüyü kimi, Ermənistan Tovuz döyüşlərindən sonra aqressiv davranışlarından əl çəkmək istəmir. İşğal olunmuş ərazilərdə hərbi qüvvələrini artırır, atəşkəsi pozmaqla yanaşı, cəbhə bölgəsində müxtəlif diversiya xarakterli təxribatlara cəhd edir. Bütün bunlar da təbii ki, gərginliyi artırır.

Maraqlıdır, bütün bunlara görə beynəlxalq vasitəçilər niyə işğalçı Ermənistana qarşı tədbirlər görmürlər? Vasitəçilik missiyasını üzərinə götürən ATƏT-in Minsk Qrupu həmsədrləri niyə bunları görməzdən gəlirlər?

Son zamanlar Ermənistanda iqtisadi vəziyyətin ağırlığı ölkə rəhbərliyini yeni hərbi avantüraya meyilləndirir. Bu addımlar gözlənilən idi. Ermənistan hakimiyyəti yaxşı başa düşür ki, ölkənin düşdüyü bu ağır durumu yalnız hərbi ritorika ilə əvəzləyə bilər. Müharibə ritorikası Ermənistan hökumətinin əlində yeganə kartıdır. Ermənistanda hərbi səfərbərlik tədbirləri, Livandan, Suriyadan ermənilərin Qarabağda yeləşdirilməsi prosesi onu deməyə əsas verir ki, Paşinyan Azərbaycana qarşı yeni təxribatlar hazırlamaqdadır. Biz baş nazir Paşinyanın Qarabağa tez-tez səfər edərək özünə siyasi dividend qazandığını açıq şəkildə görürük.

Bütün bunların fonunda beynəlxalq təşkilatlar, hər zaman olduğu kimi, ikili standartlar sərgiləyərək, ciddi bir mövqe ortaya qoymurlar. Həmsədrlərin səsi ona görə çıxmır ki, onlar münaqişənin ədalətli həllində maraqlı deyillər. Yoxsa, işğalçı Ermənistan bu dərəcədə həyasızlıq etməzdi. Prezident İlham Əliyev Ermənistan hakimiyyətinə və xalqına açıq mesajlarını çox aydın şəkildə çatdırdı. Həqiqətən ermənilər və onların havadarları bölgədə gedən prosesləri diqqətlə nəzərdən keçirib, işğal etdikləri Azərbaycan torpaqlarını qeyd-şərtsiz olaraq azad etməsələr, Ermənistanın bir dövlət kimi mövcudluğu sual altında qalacaq.