KÖŞƏ

Elçin Zaman

Ordumuz ona görə qalib gəlir ki..

19 oktyabr 2020 19:38
2458

Düşməndən fərqli olaraq əsgərlərimiz savaş meydanlarında hərbçi şərəfi ilə döyüşürlər

Bizim cəbhədəki qələbəmizin bir çoxmühüm əsasları var: Nizami ordu, ən müasir silahlar, xalq-Ali Baş Komandan-ordu birliyi, haqlı tərəf olmağımız və sair. Digər çox mühüm məqam isə Azərbaycan Ordusunun hərbçi ləyaqətini qoruması və şərəfli döyüşlər aparmasıdır.

Azərbaycanın Milli Qəhrəmanı Asif Məhərrəmovun sosial şəbəkələrdə (Fred Asif) yayımlanan bir videosu var. Həmin videoda o deyir: «Əgər mən bilsəm ki, Azərbaycan xalqı da ermənilər kimi şərəfsiz və namussuz hərəkət edir mən xalqım tərəfindən döyüşsəm şərəfsiz olaram.»

Həmçinin Aqil Abbasın ssenarisi əsasında çəkilən «Dolu» filmində əsgərlərimiz bir erməni qadınını tuturlar. Əsgərlər onu güllələmək istəyəndə komandir deyir ki, buraxın onu: «Biz torpaq davası aparırıq, qadın davası yox…» 

Bax budur, bizim hərbçi əxlaqımız, hərbçi şərəfimiz. Biz Xocalı soyqırımı törədənlərin yox, şərəflə döyüşərək  23 gündə  iki rayon mərkəzini, 73 kənd və qəsəbəni azad edən, hətta minlərlə erməni əsgərinin, muzdlu döyüşçülərin, terroristlərin meyitlərinə sahib çıxmaları üçün humantiar atəşkəsə razı olan Azərbaycan Ordusuna sahibik. 

Ancaq Paşinyan hakimiyyəti isə döyüş meydanında uduzmağının qisasını mülki əhalidən çıxmağa çalışır. Hətta iki dəfə humanitar atəşkəsin əldə edilməsinə rəğmən bu namussuz dığanın şərəfsiz ordusu Tərtəri, Ağdamı, Bərdəni, Beyləqanı, Ağcabədini, hətta cəbhə xəttindən 100 kilometrə yaxın yerləşən Gəncə şəhərini beynəlxalq  hərbi konvensiyalarla qadağan olunmuş raketlərlə vurub. Nəticədə bir neçəsi uşaq olmaqla 50-dən çox mülki şəxs həlak olub, minlərlə ev və mülki obyekt dağıdılıb.    

Bəli, bu bir acı həqiqətdir ki, müasir dünyamızda da öz siyasi kursunu faşizmə kökləyən ölkələr var. Onlardan biri də məhz Ermənistandır. Bu gün Ermənistanın baş naziri Nikol Paşinyan ən yeni faşist tarixini yazır, bununla da bütün dünyaya bəyan edir ki, faşizm hələ də mövcuddur və Ermənistan siyasi kursunu bu ideologiya üstündə tənzimləyir. Əslində, dünya onilliklər boyu ermənilərin faşist xislətinə şahidlik edib və bu gün də bu mənzərəni seyr etməkdə davam edir. Məkan və zaman fərqli olsa da, ermənilərin bu günlərdə törətdikləri qanlı cinayətlər faşistlərin 1930-1940-cı illərdə törətdiyi cinayətlərdən fərqlənmir. Uşaq öldürmək, dinc əhalini raket atəşinə tutmaq, bu, artıq müharibə deyil. Müharibənin yazılan və yazılmayan qanunlarında bu cür hallar yolverilməzdir.

Faşist Almaniyasının dinc əhalinin məhv edilməsi ilə bağlı xüsusi planları da olub. Adolf Hitlerin imzası ilə təsdiqlənən bu plan «Bakke» adlanıb. Bu planda işğal olunmuş ərazilərdə girov götürülən dinc əhalinin aclıqdan məhv edilməsi nəzərdə tutulub. Erməni faşistləri alman faşistlərinin bu təcrübəsindən də istifadə ediblər.
Bütün bu hadisələr yaxın tariximizdə baş verib, üstündən heç bir əsr də ötməyib. Dünya ictimaiyyəti bu cür hadisələri lənətləyib, hərbi cinayətlərin, dinc əhaliyə qarşı zorakılığın aradan qaldırılması üçün beynəlxalq təşkilatlar qanunlar, konvensiyalar qəbul edib. Amma bütün bunlara baxmayaraq Ermənistan öz barbarlıq fəaliyyətindən əl çəkmək niyyətində  deyil. Bununla da Nikol Paşinyan və onun cinayətkar dəstəsi «könüllü» olaraq məhv olmaq haqqını qazanıb.

Bəli, Nikol Paşinyan, Serj Sarkisyan və Robert Koçaryan üçün Nürnberq məhkəməsi, başqa məkanda, başqa adda yenidən qurulacaq. Həmin məhkəmədə olduğu kimi, faşist xislətli siyasi və hərbi cinayətkarlar bu məhkəmənin qarşısına çıxarılacaqlar. Paşinyan isə elə həmin məhkəmədə olduğu kimi törətdiyi cinayət əməllərinə haqq qazandıra bilməyəcək və layiqli cəzasını alacaq. O gün çox da uzaqda deyil...