KÖŞƏ

Cavid Əkbərov

Ermənistan meyitlərinə niyə sahib çıxmır?

29 oktyabr 2020 17:55
2799

Məlum olduğu kimi, oktyabrın 28-də Prezident İlham Əliyev Rusiyanın İnterfaks agentliyinə müsahibə verib. Dövlətimizin başçısı müsahibə zamanı bir sıra vacib məqamlara toxunub. Qeyd edib ki, artıq çoxdandır həlak olanların cəsədlərinin və hərbi əsirlərin dəyişdirilməsi barədə söhbət gedir: “Prinsip etibarilə bu mövzu Moskvada səslənib. Bu ayın 10-da humanitar mülahizələrə əsasən biz Beynəlxalq Qırmızı Xaç Komitəsinə dəfələrlə müraciət etmişik ki, gəlin, mübadiləni təşkil edək. Özü də, tam təfərrüatı ilə deyim, mən həlak olmuş erməni hərbçilərinin cəsədləri barədə tapşırıq vermişəm ki, onları maksimum dərəcədə refrijiratorlarda (soyuducularda), soyuq yerlərdə saxlasınlar, biz hamımız bilirik, insanların cəsədləri qalanda nə hala düşür.”

Belə ki, Moskvada qəbul edilmiş bəyanatda göstərilir ki, humanitar əsaslarla həlak olanların cəsədləri, əsirlərin dəyişdirilməsi nəzərdə tutulur. Ancaq Ermənistan tərəfi bunu istəmir. Maraqlıdır, Ermənistan tərəfi cəsədlərin mübadiləsini niyə istəmir?

Ermənistan tərəfindən həlak olan hərbçilərin sayı hədsiz dərəcədə çox olduğu üçün onlar cəsədləri götürmək istəmirlər. Çünki işğalçı dövlət tərəfi həlak olan cəsədləri ailələrinə göndərsə, orada böyük ajiotaj yaranacaq və daxildə Nikol Paşinyan hakimiyyəti əleyhinə narazılığın daha da artmasına səbəb olacaq. İşğalçı ölkənin rəhbərliyi yalandan əhalini aldadır ki, guya onların itkiləri azdır və qələbə qazanırlar. Halbuki, Ermənistan ordusu çökmüş vəziyyətdədir. Dağlıq Qarabağdakı qondarma rejimin rəhbəri elan etmişdi ki, cəsədləri götürməyə vaxtımız yoxdur.

Danılmaz faktdır ki, Ermənistan öz əsgərlərinin meyitlərini döyüş meydanından yığmaq istəmir. Çünki məlumatlara görə, döyüş meydanında qalan erməni meyitlərinin sayı 5 mindən çoxdur. Təcavüzkar dövlətin rəhbərliyi yaxşı bilir ki, o meyitlər Ermənistana gedəndə, ailələrinə təhvil veriləndə nə baş verəcək? Ermənistan həlak olmuş əsgərlərin ailələrinin reaksiyasından qorxduğu üçün cəsədlərin mübadiləsinə razılıq vermir.

Dövlət başçısı İlham Əliyev sözügedən müsahibəsində, həmçinin cəsədlərin mübadiləsi ilə bağlı danışarkən qeyd edib ki, hər dəfə erməni tərəfi imtina edir: “Hər dəfə bəhanələr gətirirdilər ki, gəlin, bunu döyüşlər gedən yerdə edək. Başa düşürsünüzmü, bu, mübadiləni aparacaq insanların, mülki şəxslərin həyatını təhlükə altına qoymaq deməkdir. Biz deyirik yox, axı, bizim dövlət sərhədimiz var. Gəlin, bunu Tovuz rayonunda, Qazax rayonunda edək. Gəlin, orada edək. Deyirlər, yox, yalnız burada. Buna görə dünən mən qərar qəbul etmişəm ki, Ermənistanın həlak olmuş hərbi qulluqçularının cəsədlərinin çox hissəsi birtərəfli qaydada Ermənistana verilsin. Üstəgəl daha iki mülki şəxsi – bu ahıl insanları da verəcəyik. Dünən biz bunu etməyə çalışdıq, onları maşınlarla sərhəd tərəfə yola saldıq. ATƏT-in ofisini, Qırmızı Xaç Komitəsini bu işə cəlb etdik, lakin erməni tərəfi onları qəbul etmir...”

Prezident İlham Əliyevin tapşırığına əsasən, Azərbaycanın birtərəfli qaydada cəsədləri dövlət sərhədində təhvil vermək təşəbbüsünü irəli sürməsi ölkəmiz tərəfindən növbəti humanizm aktıdır. İşğalçı Ermənistanın bu məsələdə mövqeyi  isə əxlaq normalarına və insanlıq anlayışına heç cür sığmır. Bu, beynəlxalq hüquq normalarına hörmətsizlik əlaməti olmaqla, eyni zamanda, Ermənistan dövlətinin öz vətəndaşlarına qarşı qeyri-humanist mövqeyi kimi dəyərləndirilməlidir.