KÖŞƏ

Qvami Məhəbbətoğlu

XXI əsrin barbarları

20 noyabr 2020 18:43
2791

İşğaldan azad edilmiş ərazilərimizlə bağlı təqdim olunan kadrlara baxanda adamın ürəyi ağrıyır. İşğalçı Ermənistan 28 il əsarət altında saxladığı bizim şəhər, kənd və qəsəbələrimizi, mədəni, tarixi və dini abidələrimizi, eləcə də yeraltı, yerüstü sərvətlərimizi elə dağıdıb, elə talan edib ki, həmin ərazilərdə vəhşi bir qəbilənin yaşadığı qənaətinə gəlmək mümkündür. Hətta  əksər hallarda nəinki dağıdılmış evlərin yerlərini, hətta kəndlərin tam olaraq harada yerləşdiyini müəyyənləşdirmək belə çətindir. Ona görə də ekspertlər çox haqlı olaraq bildirirlər ki, indiyədək heç bir ölkədə müharibə şəraitində kənd və qəsəbələrin dağıdılmasına,  dini abidələrin bu səviyyədə təhqir olunmasına, məqsədli şəkildə dağıdılmasına rast gəlinməyib.

Ərazilərimizin belə vəziyyətə salındığını gördükdə bir daha bu qənaətə gəlirsən ki, ermənilər ötən müddət ərzində yalnız talançılıqla, tikdiklərimizi dağıtmaqla, oğurluqla məşğul olublar. Bu, bir daha göstərir ki, erməni vandalları həmin yerlərdə müvəqqəti olduqlarına bilirdilər. Bir sözlə, ermənilər işğal etdikləri yaşayış məskənlərimizdə azərbaycanlılara məxsus hər şeyi məhv etməyi qarşılarına məqsəd qoyub və çox təəssüf ki, buna nail olublar. Şübhəsiz, bütün bunları həm də  erməni faşizminin təzahürü kimi xarakterizə etmək olar. 28 il ərzində taladıqları, dağıtdıqları azmış kimi, Azərbaycan Ordusu tərəfindən azad olunmuş torpaqlarımızı tərk edən mənfur ermənilər  əllərinə keçən bütün əşyaları da özləri ilə aparırlar. Yayımlanan videokadrlara istinadən qeyd edək ki, hətta onlar evlərdəki unitazları  belə “qənimət” kimi Ermənistana aparırlar. Üstəlik, apara bilmədikləri ev heyvanlarına divan tuturlar. Beynəlxalq aparıcı media qurumları da bütün bunları lentə alır və dünyaya yayırlar. Bununla da daşnakların faşizm xisləti bir daha dünyaya bəyan olunur.

Prezident İlham Əliyev bugünlərdə işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarında olarkən mənfur düşmənin vəhşiliklərindən, törətdikləri dağıntılardan söz açıb çox haqlı olaraq demişdir ki, indiyədək dünyada bir çox müharibələr olub, bu gün də gedir, ancaq bu cür qeyri-insani, qəddar hərəkətlər olmayıb: “Bu gün də bəzi yerlərdə işğal davam edir. Amma inanmıram ki, kimsə bu qədər qəddar, bu qədər qeyri-insani bir düşmənlə üz-üzə qalsın.” Dövlətimizin başçısı noyabrın 20-də xalqa müraciətində də bu məsələyə bir daha toxunaraq bildirmişdir ki, mənim Füzuli və Cəbrayıla səfərlərim mətbuat tərəfindən işıqlandırılıb və hər kəs, bütün dünya gördü ki, hansı vəhşi düşmənlə biz üz-üzə qalmışdıq: “Nə Cəbrayılda, nə Füzulidə bir dənə də salamat bina qalmayıb, yalnız hərbi hissə və hərbi hissəyə aid olan bəzi tikililər. Qalan bütün infrastruktur, bütün binalar, evlər, tarixi abidələr, dini abidələrimiz vəhşi düşmən tərəfindən dağıdılıb.” Bu mənada ermənilərin XXI əsrin barbarları adlandırılması tam məntiqlidir.

Şühbəsiz,  onların bu əməlləri də cəzasız qalmayacaq. Belə ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına icra edərək zəfər qazanan Azərbaycan faşizm ideologiyasını özünün dövlət siyasətinə çevirən Ermənistanın işğal etdiyi ərazilərimizdə törətdiyi vandallığına, barbarlığına, ekoloji terrora görə beynəlxalq hüquq çərçivəsində layiq olduğu cəzasını almasına nail olacaq. Üstəlik, İkinci Qarabağ savaşı zamanı işğalçı ölkənin Azərbaycanın ikinci böyük şəhəri Gəncəni, Tərtəri, Bərdəni və digər bölgələrimizi dəfələrlə bombalaması məsələsi də diqqətdən kənarda qalmayacaq. Dövlət başçımızın bildirdiyi kimi, onlar beynəlxalq məhkəmələrdə cavab verəcəklər:  “Mən demişəm, bir dəfə də demək istəyirəm ki, beynəlxalq qurumlar gələcək, ekspertlər gələcək. Bütün ziyan hesablanacaq. 30 il ərzində bizə vurulmuş ziyan hesablanacaq və onlara qarşı təzminat davası açıla­caq.” Qeyd edək ki, hazırda düşmən tərəfindən vurulmuş ziyan müvafiq qurumlar tərəfindən hesablanır.

Göründüyü kimi, Ermənistan haqqın-ədalətin məhkəməsindən canını qurtara bilməyəcək. Terroru dövlət siyasəti səviyyəsində həyata keçirən, vətəndaşlarımıza qarşı soy­qırımlar törədən, nahaq qanlar tökən Ermənistan bu cinayətlərə görə beynəlxalq hüququn tələblərinə uyğun olaraq ədalət məhkəməsi qarşısında mütləq cavab verəcəyini hələ də dərk etmir... Amma bu yerdə bir məsələni bir daha xatırlatmaq yerinə düşərdi. Ermənistan savaş meydanında Azərbaycanın onu cəzalandıracağına da inanmaq istəmirdi. Amma Azərbaycan Ordusu onu nəinki inandırdı, üstəlik, diz çökdürdü. Şübhəsiz, Azərbaycan bu missiyasını da beynəlxalq arenada  şərəflə yerinə yetirəcək.