KÖŞƏ

Cavid Əkbərov

Tarixi qələbəyə aparan yol

30 noyabr 2020 21:14
2520

İşğalçı Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti 30 il davam edib. Bu müddətdə respublikamızın beynəlxalq səviyyədə tanınan ərazilərinin 20 faizi işğal olunub, 1 milyona yaxın soydaşımız doğma yurdundan didərgin salınıb. İşğal altındakı ərazilərimiz düşmən tərəfindən talan edilib, qeyri-qanuni məskunlaşdırılma aparılıb, tarixi və mədəni irsimiz dağıdılıb. Bununla da Azərbaycanın ərazi bütövlüyü pozulub.

Həmin vaxtdan başlayan sülh danışıqları, ərazi bütövlüyümüzün bərpası istiqamətində atılan addımlar heç bir nəticə vermədi. Hətta Ermənistan BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli dörd qətnaməsini (822, 853, 874 və 884) pozaraq, torpaqlarımızdan çıxmaqdan imtina etdi. Düşmən bütün bunlarla kifayətlənməyib, digər ərazilərimizin də ilhaq olunması məqsədilə işğalın nəticələrini möhkəmləndirmək istiqamətində ardıcıl məkrli addımlar atdı. Qəsbkarlar münaqişənin siyasi həlli əleyhinə yönələn təxribat xarakterli bəyanat və hərəkətlərə üstünlük verdilər. Nəhayət, işğalçının bu il sentyabrın 27-də Azərbaycana qarşı genişmiqyaslı təcavüzündən sonra Silahlı Qüvvələrimiz əks-hücum əməliyyatı keçirməyə məcbur oldu.

Azərbaycan Ordusu sentyabrın 27-dən noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kəndi işğaldan azad etdi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində, Zəngilanda, habelə digər ərazilərdə bir neçə strateji yüksəklik düşməndən təmizləndi. Noyabrın 8-də isə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu Şuşa şəhərini yenidən özümüzə qaytardı. Bu, Vətən müharibəsinin davam etdiyi 44 gün ərzində ən mühüm tarixi hadisə və böyük hərbi qələbə kimi yaddaşlara yazıldı. Bu, eyni zamanda, müharibənin sonrakı gedişinə və taleyinə ciddi təsir göstərdi, Ermənistanın kapitulyasiyası reallaşdı.

Üç dövlət başçısının imzaladığı birgə bəyanat Azərbaycan üçün milli təhlükəsizlik və milli həmrəylik məsələsi olaraq, respublikamızın gələcək siyasi, sosial-iqtisadi inkişafını şərtləndirdi. Çünki ərazi bütövlüyümüzün işğalçı tərəfindən pozulması 30 il ərzində ölkəmizin sürətli tərəqqisinə mənfi təsir göstərirdi. Bu həssas məsələyə beynəlxalq təşkilatların, nüfuzlu dünya dövlətlərinin lazımi qiymət verməmələri də münaqişənin birdəfəlik həllini ləngidirdi. Prezident İlham Əliyevin 17 il ərzində gərgin siyasi fəaliyyəti, xalqımızın sarsılmaz həmrəyliyi, rəşadətli ordumuzun gücü öz uğurlu nəticəsini verdi. Beləliklə, bütün bu amillər Azərbaycanı möhtəşəm qələbəyə qovuşdurdu.

Müharibənin gedişində Ermənistan silahlı qüvvələri həm canlı qüvvə, həm də texnika baxımından böyük itkilər verərək, geri çəkildilər və döyüş mövqelərindən qaçdılar. Elə buna görə də qəsbkarlar döyüşdə uduzduqlarını anlayıb, təxribatlara əl atmaqla, mülki vətəndaşlarımızı atəşə tutmaqla, infrastrukturumuzu dağıtmaqla qeyri-insani xislətlərini, beynəlxalq hüquqa hörmətlə yanaşmadıqlarını bir daha dünyaya nümayiş etdirdilər. BMT-nin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dörd qətnaməsinin heç birini yerinə yetirməyən Ermənistan mülki insanları atəşə məruz qoymaqla yeni-yeni cinayətlər törətdi.

Təəssüf ki, beynəlxalq ictimaiyyət işğalçının Azərbaycan xalqına qarşı olan bu qeyri-insani aktlarına göz yumdu. Halbuki, terroru dövlət siyasətinə çevirən Ermənistanın hərbi-siyasi rəhbərliyi dinc əhalini raket atəşinə tutmaq qərarı verdiyinə görə məsuliyyət daşımalı, milli və beynəlxalq hüquq mexanizmlərindən istifadə olunmaqla, ədalət mühakiməsinə cəlb edilməli idi. Əslində biz düşmənin 30 il ərzində bu cür qeyri-insani əməllərinin dəfələrlə şahidi olmuşuq. Azərbaycanın ərazi bütövlüyünün bərpasında Silahlı Qüvvələrimiz rəşadət, şücaət göstərdi. Bu, təsadüfi deyildi. Çünki ordumuzun güc-qüdrətinə mühüm önəm verilib, ən müasir döyüş texnikaları alınıb. Əsgər və zabitlərimizin sosial şəraitinin yaxşılaşdırılması daim diqqət mərkəzində saxlanılıb. Hazırda Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasında yer alır. Ötən 17 ildə Prezident İlham Əliyevin fəaliyyətində ordu quruculuğu hər zaman prioritet istiqamət olub. Silahlı Qüvvələrə xüsusi diqqətin ayrılması hər şeydən öncə ölkəmizin müharibə şəraitində yaşaması ilə şərtlənib. Buna görə də hərbi hissələrin tikintisində Azərbaycan standartlarına üstünlük verilib, xidmətin yüksək səviyyədə aparılması üçün bütün sosial imkanlar yaradılıb. Hərbçilər dövlət tərəfindən yüksək təminatla əhatələnib. Əməkhaqları müntəzəm olaraq artırılıb.

Ötən illər ərzində Azərbaycan beynəlxalq mövqelərini də gücləndirib, dünyanın ən müxtəlif ölkələri ilə əlaqələrini yüksək səviyyəyə çatdırıb. Bu uğurlu əməkdaşlıq hazırda Ermənistanın havadarlarının Azərbaycana qarşı birləşdiyi məqamda öz müsbət nəticəsini verir, haqq səsimizin beynəlxalq kürsülərdə eşidilməsinə şərait yaradır.

Bütün bunlar deməyə əsas verir ki, Azərbaycanın döyüş meydanında qazandığı qələbələr Prezident İlham Əliyevin səmərəli fəaliyyətinin, xalqımızın dövlət başçımıza dərin inam və etimadının məntiqi nəticəsidir.