KÖŞƏ

Cavid Əkbərov

Öz gözlərində tiri görməyənlər...

09 dekabr 2020 16:33
2397

44 günlük Vətən müharibəsinin başa çatmasını rəsmiləşdirən və Ermənistanın faktiki kapitulyasiyası kimi qiymətləndirilən 10 noyabrda Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış üçtərəfli Bəyanat Avropanın bəzi az sayda ölkələrində olduğu kimi, erməni diasporu və lobbisinin təsiri altında olan Niderland parlamentində də anti-Azərbaycan, anti-Türkiyə, islamofob, ultra-sağçı və ultra-millətçi qüvvələrin hədəfinə çevrilib. Müharibənin başa çatmasından sonrakı ilk günlərdə parlamentin Nümayəndələr Palatasında Azərbaycan və Türkiyə əleyhinə bir sıra qətnamə təşəbbüsləri irəli sürülüb. Qardaş Türkiyə və Azərbaycana qarşı sanksiyaların tətbiq olunması, Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki qondarma rejimin tanınması, uydurma “suriyalı terrorçular” məsələsinin araşdırılması və s. cəfəng çağırışlar edən bu layihələrin müəllifləri Martin van Helvert (Xristian Demokratik Çağırış Partiyası), Joel Voordevind (Xristian İttifaqı Partiyası), Sven Koopmans (Azadlıq Naminə Xalq Partiyası) və digər ultra-sağçı, anti-Türkiyə və faşist ideologiyasının təbliğatçıları ermənipərəst qüvvələrin əlaltılarıdır.

Onların səyləri ilə noyabrın 17-də Niderland parlamenti tərəfindən Azərbaycan və Türkiyə əleyhinə bir neçə tövsiyə xarakterli qətnamə qəbul olunub. Reallıqla heç cür barışmaq istəməyən bu qüvvələr parlamentdə mütəmadi olaraq mövzunu qaldırır, hökumətə müxtəlif təxribat xarakterli suallar ünvanlayırlar. Ədalət naminə demək lazımdır ki, Niderland hökuməti parlamentdəki təxribatçı təşəbbüsləri müəyyən mənada neytrallaşdırmağa və sənəd layihələrini balanslaşdırmağa çalışır. Amma aydındır ki, hökumətin reallığı əks etdirən və beynəlxalq hüquqa söykənən birmənalı mövqe nümayiş etdirməməsi parlamentdə radikal qüvvələrin əl-qolunu daha da açır.

Bu gün artıq heç kim üçün sirr deyil ki, erməni lobbisi öz çirkin siyasi məqsədlərini və siyasətlərini bir çox ölkələrdə həyata keçirir. Hadisələrin bu müstəvidə cərəyan edəcəyini gözləniləndir. Çünki yalanlar üzərində piar aparmaqda usta olan erməni lobbisi uğradığı ağır məğlubiyyətdən sonra böyük təşviş içindədir. Bütün dünyaya yaxşı məlumdur ki, biz öz ərazilərimizi işğaldan azad etmək üçün müharibə aparmışıq, ermənilərin niyyəti isə işğalçılıq olub. Erməni lobbisi indi də müxtəlif nəşrlərdə Azərbaycanın azad etdiyi ərazilərdə erməni irsinin qorunmasının zəruriliyini qabardır, bizə şər, böhtan atırlar. Halbuki, bugünlərdə əsl vandalizmin kim tərəfindən törədildiyi göz qabağındadır. Onlar hətta işğal etdikləri ərazilərdən çıxarkən oraları yandırırdılar, minalayayırdılar. Təkcə işğaldan azad edilən ərazilərimizə baxmaq kifayətdir ki, ermənilərin nə qədər barbar olduğu haqda təsəvvür yaransın. Erməni işğalı altında olmuş bütün şəhər və kəndlərimizdə məzarların dağıdılması, məscidlərin və tarixi abidələrin vandalizmə məruz qalması haqda yüzlərlə fakt var.

Məlumdur ki, xarici ölkələrdə erməni lobbisi uzun illərdir ki, fəaliyyət göstərir və onlar yaşadıqları ölkənin hökumət, qanunverici orqanlarında demək lövbər salıblar, orada təmsil olunurlar, eləcə də yaşadıqları ölkələrin kütləvi informasiya vasitələrinə də təsir göstərmək imkanları var. Bu baxımdan son günlərdə dünyanın bir sıra ölkələrində azərbaycanlılara qarşı təcavüz hərəkətləri heç də təsadüfi deyil. Onlar fəaliyyətlərində Azərbaycanı hədəf seçiblər. Azərbaycana, Türkiyəyə qarşı yürüdülən siyasət dünyanın və gözümüzün qarşısında baş verir. Ermənistan bilir ki, bu məsələdə Azərbaycan həm tarixə, həm beynəlxalq hüquqa, həm də ədalətə əsaslanır. Lakin ermənilərin yürütdüyü təcavüzkar siyasət və iddialar heç nəyə əsaslanmır. Bu baxımdan Azərbaycanın dövlət başçısının yürütdüyü siyasət, Azərbaycanın xarici siyasətində milli maraqların üstün tutulması, milli maraqlara əsaslanan müstəqil daxili və xarici siyasət heç şübhəsiz ki, erməni lobbisini razı salmır.

Noyabrın 18-də Prezident İlham Əliyev Niderlandın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Paulin Eizemanın etimadnaməsini qəbul edərkən Niderland Parlamentinin bu təxribatçı qərarlarına kəskin münasibətini onun diqqətinə çatdırıb. Paulin Eizeman parlamentdəki müzakirələr zamanı Niderland XİN başçısı S.Blokun balanslaşdırılmış yanaşma ilə çıxış etməsini təqdir etsə də, ümumilikdə belə ədalətsiz qərarların ölkələrimiz arasında yaxın əlaqələrin qurulmasına kömək etməyəcəyini xüsusilə vurğulayıb.

Keçən əsrin 70-ci illərinə qədər müstəmləkəçi ölkə olan Niderland Amerika, Asiya və Afrika qitələrində onlarla xalqı siyasi və iqtisadi əsarətdə saxlayıb. Dünyada ən çox sayda müsəlman əhalisi olan İndoneziya kimi nəhəng ölkə əsrlər boyu holland müstəmləkəçiliyinə qarşı mübarizə aparıb. Öz müstəqilliyini 1945-ci ildə elan etməsinə baxmayaraq illərlə davam edən müharibədən sonra Niderland yalnız 1949-cu ilin sonunda onun suverenliyini tanımağa məcbur olub. Həmin illərdə Niderland hərbçiləri tərəfindən İndoneziyada bir çox qətllər törədilib. Bunlar arasında 1947-ci ilin 9 dekabrında Yava adasının qərbində yerləşən Ravaqede kəndində (hazırda Balonqsari kəndi) 431 kəndlinin güllələnməsini qeyd etmək olar. İndoneziyanın müstəqillik müharibəsi illərində vəhşicəsinə qətlə yetirilmiş mülki şəxslərin yaxınları tərəfindən indiyə qədər Niderland məhkəmələrində iddialar qaldırılır.

Srebrenitsa soyqırımı 90-cı illərin Balkan müharibələrinin ən acı səhifəsidir. 1995-ci ilin iyulunda Bosniya və Herseqovinanın Srebrenitsa şəhərində 8300-dən çox insanın soyqırımına məruz qalmasının məhz BMT-nin Niderland sülhməramlı kontingentinin fəaliyyətsizliyi və qorxaqlığı nəticəsində baş verməsi məlum tarixi faktdır. Niderland Ali Məhkəməsinin 2013-2014-cü illərdə qəbul etdiyi qərarlarla ölkə yalnız 300-dən bir qədər artıq insanın qətlində günahkar olduğunu etiraf edib.

Niderland siyasi dairələrinin anti-Türkiyə mövqeyi özünü ən bariz şəkildə 2017-ci ilin martın ortalarında Türkiyənin Xarici İşlər naziri M.Çavuşoğlunun ölkəyə girişinə qadağa qoyulması, Ailə və Sosial Siyasət naziri, doktor Betül Sayan Kayanın isə polis tərəfindən güc tətbiq edilməklə Niderlanddan zorla çıxarılmasında göstərib. Hazırda Niderland cəmiyyətində ultra-sağ, ultra-xristian və radikal-şovinist meyillər artmaqda davam edir. Türkiyə və digər müsəlman əsilli vətəndaşlara qarşı təhqir və hücumlar, ölkə mediasında açıq islamofob təzahürlər, siyasətçilərin İslam dininin dəyərlərini təhqir etməsi, Avropa İttifaqı daxilində sonradan birliyə qoşulmuş ölkələrə qarşı ayrı-seçkilik Niderlandın dövlət siyasətinin bir hissəsinə çevrilib. Təbii ki, bütün bunlar erməni lobbisinin təsiri altında baş verir.

Təəssüf doğuran haldır ki, özünü Avropanın aparıcı ölkəsi hesab edən bir dövlətin siyasətini ultra-sağçı ekstremist siyasətçi, Azadlıq Naminə Xalq Partiyasının rəhbəri Qert Vilders, o cümlədən Martin van Helvert, Joel Voordevind və Sven Koopmans kimi radikal elementlərin təbliğ etdiyi ideologiya müəyyən edir.

Təbii ki, Niderland deputatları belə təxribatlara yol verərkən ölkələrinin Azərbaycanda və dünyadakı nüfuzuna imicinə xələl yetirirlər. Beləliklə, erməni diasporunun, işğalçı Ermənistanın maraqlarını qorumaqla məşğuldurlar. Onlar belə addımları ilə Azərbaycanda holland biznesinin mövcudluğunu, Azərbaycan-Niderland ikitərəfli əlaqələrinin gələcək inkişafını sual altına alırlar.