KÖŞƏ

Qvami Məhəbbətoğlu

Əgər dövlətə rəhbərlik edənlər fərari idilərsə...

28 yanvar 2021 17:21
4138

Erməni vəhşiləri mədəniyyət beşiyimiz sayılan qədim Şuşanı tarixboyu ələ keçirmək üçün minbir hiyləyə əl atıblar. Təəssüf ki, 1992-ci il may ayının 8-də erməni vandalları öz çirkin istəklərinə  çatdılar. Bu da o vaxtkı Azərbaycan rəhbərliyinin və hakimiyyət uğrunda mübarizə aparan AXC-Müsavat cütlüyünün xəyanəti nəticəsində baş verdi.

Dövlətimizin başçısı İlham Əliyev yanvarın 27-də Aydın Kərimovu Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən Şuşanın işğalının heç də təsadüfi olmadığını bir daha xatırladıb. Bildirib ki, 1992-ci ilin mayında o vaxtkı Azərbaycan rəhbərliyinin və hakimiyyət uğrunda mübarizə aparan AXC-Müsavat cütlüyünün xəyanəti nəticəsində kifayət qədər mühüm strateji məkanda yerləşən Şuşa işğal altına düşüb. Yəni, Şuşanın işğalı Ermənistanın hərbi imkanlarının nəticəsində baş verməyib. Bu qədim, tarixi şəhərin  işğalı ilə Ermənistan Dağlıq Qarabağda strateji üstünlüyünü təmin edib.

Artıq bu, faktdır ki, o zaman AXC-Müsavat  cütlüyünün  yalnız bir məqsədi vardı: nəyin bahasına olursa olsun hakimiyyətə gəlmək. Şuşa və ondan bir neçə gün sonra Laçın rayonunun işğal altına düşməsi nəticəsində o vaxtkı hakimiyyət kənarlaşdırılıb və hərbi çevriliş nəticəsində AXC-Müsavat hakimiyyətə yiyələnib. Şuşanın faktiki olaraq düşmənə təhvil verilməsi, bağışlanılması elə AXC-Müsavat cütlüyünün birbaşa bu təxribatı nəticəsində baş verib. Prezident, həmçinin qeyd edib ki, bu təslimdə, bu bağışlamada da Azərbaycanın o vaxtkı müdafiə naziri  öz “fəallığı” ilə daha çox seçilib: “Şuşanı satan birinci o olmuşdur. Sonra da demişdi ki, mənim günahım yoxdur.” Halbuki o bildirmişdi ki, Şuşa əldən getsə, başıma güllə çaxacağam: “Bu günə qədər də bu gülləni çaxmayıb öz satqın başına”.

Qeyd edək ki, AXC-Müsavat cütlüyü hakimiyyətdə olduğu zaman, daha doğrusu,  1993-cü ilin aprel ayında Kəlbəcəri də düşmənə təhvil verib. Bütün bunlarla da ölkəmizin digər rayonlarının işğalı üçün əlverişli şərait yaranıb. AXC-Müsavat cütlüyünün rəhbəri, eləcə də hakimiyyətin digər nümayəndələri xalqı xilas etmək, qorumaq əvəzinə fərarilik ediblər: “Ali Baş Komandan fərari, dövlət katibi fərari, parlamentin sədri fərari, digər fərarilər qaçıb gizləndilər, biri Kələkidə, biri xaricdə.” Prezident haqlı olaraq qeyd edib ki, əgər müharibə dövründə Ali Baş Komandan qaçırsa, onun adı fəraridir, başqa adı yoxdur.

Dövlətimizin başçısı, həmçinin bir məqama da aydınlıq gətirib. Bildirib ki, bu kimi faktlara rəğmən, bəziləri hələ tariximizi malalamaqla,  saxta tarix yazmaqla məşğuldurlar. “Hamı bunu bilməlidir, heç kim bunu unutmamalıdır” deyən Prezidentin sözləri ilə desək, yenə kimsə hansısa fərarinin, satqının, qorxağın günahlarını yumaq istəyir. Bizə isə saxta tarix lazım deyil. Elə bu səbəbdən buna imkan verilməməlidir: “Hər kəs bilməlidir, torpaqları satan kimdir, torpaqları əsarətdən qurtaran kimdir.” Şübhəsiz, Prezident İlham Əliyevin  bu sözlərindən sonra bəzi tarixçilərimiz də müəyyən nəticələr çıxaracaq və faktları bir daha təhrif etməyəcəklər.

...Ötən il sentyabrın 27-dən başlanan Vətən müharibəsi şanlı Qələbəmizlə başa çatdı. 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu işğalçı Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın edərək, böyük zəfərə imza atdı, öz ərazi bütövlüyünü bərpa etdi və Qarabağ nisgilimizə son qoydu. Bu zəfər xalqımızın şərəf və qəhrəmanlıq salnaməsi kimi tariximizə yazıldı. Bu adi həqiqətdən çıxış etsək, cəsarətlə belə demək olar: Torpaqları əsarətdən qurtaran odur, yəni ordumuzu qarşıda dayanan bütün vəzifələri yerinə yetirməyə qadir mükəmməl hərbi gücə çevirən, xalqı öz ətrafında birləşdirən, dünyanın ən nüfuzlu siyasi liderləri ilə bir cərgədə dayanan Prezidentimiz, Ali Baş Komandanımız cənab  İlham Əliyevdir.