KÖŞƏ

Mənsumə Babayeva

12 fevral 2021 18:16
2956

Qarabağa qaynar həyat qayıdacaq

Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə şanlı Azərbaycan Ordusu 44 gündə torpaqlarımızı işğaldan azad edərək, 30 ilə yaxın davam edən erməni işğalına son qoydu və ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Bu müharibə, eyni zamanda, erməni vəhşiliyinə, vandalizminə işıq saldı. Müharibə getdiyi ərəfədə işğalçı Ermənistan nəinki cəbhəyanı bölgədə olan şəhərlərimizi, kəndlərimizi hədəfə aldı, eyni zamanda, döyüş bölgəsindən xeyli uzaqda yerləşən ya­şayış məntəqələrimizi də atəşə məruz qoydu. Bununla da düşmən azərbaycanlı mülki əhali arasında böyük sayda insan itkisinə səbəb olmaq və onları didərgin salmaq məqsədilə qəsdən ağır artilleriya, ballistik raketlər, ağ fosfor və kasetli sursatlardan istifadə etdi. Lakin düşmənin dinc əhaliyə qarşı törətdiyi terror hadisələri, yaşanan faciələr, insan itkiləri xalqı sındırmadı, əksinə, onlarda qələbəyə olan inamı daha da artırdı.

Dövlətimizin haqq savaşı, eyni zamanda, Ermənistanın vandal, barbar bir dövlət olduğunu, faşist ideolo­giyasına xidmət etdiyini də dün­yaya göstərdi. Beləliklə, şəhər və kəndlərimiz düşməndən təmizləndikcə, bütün yaşayış məntəqələrimizin barbar­casına dağıdıldığının, infrastrukturdan əsər-əlamət qalmadığının, maddi-mədəniyyət abidələrimizin izinin belə silindiyinin, qəbiristanlıqlarımızın  təhqirə məruz qaldığının şahidi olduq. Bütün bunlarla kifayətlənməyərək, işğaldan azad edilən ərazilərin boşaldılması zamanı ermənilər öz vəhşiliklərindən əl çəkməyərək həmin yerlərdə maddi-mədəniyyət nümunələrimizi dağıtmaqla yanaşı, evləri, məktəbləri, meşələri yandırmaqla ekoloji fəlakət törətməkdən belə çəkinmədilər.

Görünür, düşmən ölkə bu vəhşiliyi  ilə işğalçılıq siyasəti ilə əldə etdiyi ərazilərimizin unudulacağını, əsl sahiblərinin bir daha bu yerlərə dönməyəcəklərini düşünürdü.  Prezident İlham Əliyevin qeyd etdiyi kimi, onlar hesab edirdilər ki, bu da­ğıntılardan sonra Azərbaycan əhalisi heç vaxt buraya qayıtmayacaq: “O məqsədlə buranı dağıdıblar. Amma səhv ediblər. Biz qayıtmışıq. Bax, durmuşuq burada, öz doğma tor­pağımızda… Bütün buraları bərpa edəcəyik. Yeni böyük baş plan tərtib ediləcək. Müvafiq göstərişlər verilib. Hər bir şəhər üçün xüsusi baş plan tərtib ediləcək. Burada bütün inzibati binalar, ictimai binalar, məktəblər, tibb ocaqları yaradılacaq. Bütün infrastruktur yaradılacaq. Küçələr salınacaq, parklar, xiyabanlar salınacaq. Bütün şəhərlərdə qələbə abidələri ucaldılacaq və həyat qayı­dacaq”.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva bu günlərdə ICESCO-nun “Qadınlar və qızlar elmdə” Beynəlxalq Günü münasibətilə keçirdiyi tədbirdə videoformat şəklində çıxışı zamanı “Hazırda dövlət qarşısında azad olunmuş ərazilərin canlandırılması və azərbaycanlı məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz qayıdışının təmin edilməsi kimi nəhəng vəzifə dayanır” söyləyərək bu inamı da ifadə etmişdir ki, bunun öhdəsindən gələcəyik. Dağıdılmış şəhərləri və kəndləri bərpa edəcəyik. Biz orada məktəblər tikəcəyik. Biz yalnız müsəlmanlara deyil, bütün dinlərə məxsus mədəni irsi bərpa edəcəyik.