KÖŞƏ

Mənsumə Babayeva

Olmusuz ac-yalavac... Vazgen qaçır, səndə qaç!

07 sentyabr 2022 02:36
954

Ac əhali çıxış yolunu ölkəni tərk etməkdə görür

Uzun illərdir sosial-iqtisadi problemlərlə üz-üzə qalan Ermənistan 44 günlük İkinci Qarabağ müharibəsində ağır məğlubiyyətə uğradıqdan sonra yeni tənəzzül dövrünə qədəm qoyub. Belə ki, məğlub ölkə ciddi ictimai-siyasi xaosla yanaşı, dərin sosial-iqtisadi böhran dövrünü də yaşayır. Yaşanan iqtisadi böhran şəraitində gündəlik istehlak mallarının, xüsusən də ərzaq məhsullarının qiymətində artım mövcud durumu daha da pisləşdirir. Bu da ölkədə getdikcə daha böyük narazılıqlara səbəb olur.

Onu da qeyd edək ki, Ermənistanda hökumətin qərarı ilə 2022-ci il yanvarın 1-dən minimum pensiya və müavinətlərin artırılması fonunda istehlak və ərzaq məhsullarının qiymətləri 20 faizdən çox artıb.  İqtisadçı ekspert Suren Parsyan qeyd edir ki, 2019-cu ildən Ermənistanda yoxsulluq  səviyyəsinin artması tendensiyası davam edir: “2022-ci ilin qalan dövründə qiymətlərin  kəskin artması buna daha ciddi təsir göstərəcək. Erməni milli valyutası olan dramın devalvasiyası ölkədə həm qiymətlərin artımına, həm aclığa, həm də yoxsulluq səviyyəsinin yüksəlməsinə təkan verəcək. Erməni valyutasının bundan sonra da ucuzlaşması prosesi davam  edəcək”.

“Moody's”in proqnozuna görə, 2022-ci ildə Ermənistanda iqtisadi artım 1,8, 2023-cü ildə isə təxminən 3 faizə qədər azalacaq. Nəzərə alınmalıdır ki, ilin birinci rübündə baş verənlər hakim dairələrin ikirəqəmli iqtisadi artım proqnozları fonunda olanlardır. Ermənistanın “Past” nəşri yazır ki, “Hayastan” blokunun deputatı Tadzos Avetisyan hökumətin real və adekvat antiböhran tədbirləri olmayacağı təqdirdə, ölkədə iqtisadi tənəzzülün qaçılmaz olduğunu vurğulayıb. Ümumilikdə praqmatik təhlilçilər ölkə iqtisadiyyatının 2022-ci ildə daha 25 faizə qədər “əriyəcəyini” qaçılmaz hesab edirlər. Bu isə o deməkdir ki, ötən illərdəki vəziyyət bu il də təkrarlanacaq.

Bu arada onu da qeyd edək ki, hazırda Ermənistanın dövlət borcu 9,97 milyard dollara çatıb. Təkcə 2021-ci ildə işğalçı ölkənin dövlət borcu 1,3 milyard dollar və ya 16 faiz, ümumi daxili məhsulu isə cəmi 5,7 faiz artıb. “4rd.am” saytı yazır ki, Paşinyan hökumətinin 4 ili ərzində Ermənistanın dövlət borcu 3,1 milyard dollar və ya 45,2 faiz artıb. Təkcə bu ilin yanvar-iyul aylarında Ermənistanın dövlət borcu 748,36 milyon dollar və ya 8,1 faiz artıb. Maraqlıdır ki, dövlət borcunun artması daxili borcun çoxalması hesabına həyata keçirilib. Müqayisə üçün qeyd edək ki, 2021-ci ilin dekabrında Ermənistanın dövlət borcunun 66,9 faizini xarici borc, 33,1 faizini isə daxili borc təşkil edib. Yəni, bu ilin 7 ayı ərzində dövlət borcunun strukturunda kəskin dəyişiklik baş verib.

Ekspertlərin  fikrincə, indiki vəziyyət tamamilə iflasa uğrayan Ermənistan üçün daha faciəvidir. Heç bir istehsalı olmayan, iqtisadiyyatı çökən ölkədə ümumi daxili məhsulun artımı bu durumda mümkün olmayacaq. Əksinə, sözügedən sahədə tənəzzülün olması və böyük geriləmənin yaşanması tamamilə gözləniləndir. Hazırda əsas proqnozlar ondan ibarətdir ki, Ermənistanda dolların və digər xarici valyutaların qiyməti  bundan sonra da artacaq. Elə bu səbəbdən ölkədə zəruri ərzaq mallarının qiyməti getdikcə qalxır. Hökumət dramın möhkəmlənməsi üçün imkanların mövcud olmadığını bildirir. Çünki valyuta ehtiyatları çox azdır. Xaricdən, xüsusən də Rusiyadan köçürülən pulların miqdarının azalması isə daha böyük iqtisadi problemlərə yol açır.

Bütün bunların nəticəsidir ki, işğalçı ölkədə ictimai gərginlik azalmır. Hökumətə qarşı keçirilən etirazlara dəstək verənlərin sayının artması isə iqtidar üçün əsl təhlükə yaradır. Bir neçə gündür ki, ölkə rəhbərliyinin yarıtmaz siyasətinin əleyhinə nümayişlər keçirilir. Sosial problemlər fonunda təşkil edilən aksiyalarda siyasi tələblər irəli sürülür, hakimiyyət istefaya çağırılır. Ümidini üzənlər isə çıxış yolunu ölkəni tərk etməkdə görürlər.

Məhərrəm Ağalaroğlu
Anama məktub
Elşad Miraləm
BİZ KİMİK?