KÖŞƏ

Mənsumə Babayeva

Ermənistan niyə heç kimə lazım deyil?

16 fevral 2022 02:39
1601

Tarixi mənbələr sübut edir ki, erməni millətçilərinin türk xalqlarına qarşı düşmənçilik siyasətinin 200 ildən artıq yaşı vardır. Xalqımıza, türk dünyasına qarşı erməni daşnaklarının həyata keçirdikləri soyqırımı siyasətinin bir məqsədi olub: işğal olunmuş türk torpaqları hesabına “böyük Ermənistan” dövləti yaratmaq. Prezident İlham Əliyev mötəbər tədbirlərdə, beynəlxalq qurumların və nüfuzlu dövlətlərin rəsmiləri ilə görüşlərində dəfələrlə qeyd edib ki, İrəvan, Zəngəzur və digər indiki Ermənistan əraziləri tarixi Azərbaycan torpaqlarıdır. Yəni, indiki Ermənistan Respublikası Azərbaycan torpaqları üzərində yaradılıb.

1905-1906-cı, habelə 1918-1920-ci illərdə İrəvanda, Dərələyəzdə, Zəngəzurda, Göyçədə, Tiflisdə, Naxçıvanda, Bakıda, Gəncədə, Şamaxıda, Qubada, Lənkəranda, Qarabağda, Muğanda və s. tarixi torpaqlarımızda dinc əhalimiz ermənilər tərəfindən soyqırımına məruz qalıb. Yüz minlərlə soydaşımız vəhşicəsinə qətlə yetirilib, olmazın işgəncələrin qurbanı olub. Ermənilərin qaniçən əməlləri məhz faşizmə xas olan terrorçuluq siyasətidir. Daha sonra 2020-ci il sentyabrın 27-də işğal­çı Ermənistanın başladığı növbəti təxribatlar müharibəyə çevrildi. Beləliklə, 44 günlük Vətən müharibəsi dövründə döyüş meyda­nında davamlı məğlubiyyətlərə məruz qalan düşmən insanlıq əleyhinə və müharibə cinayətləri törədib, o cümlədən döyüş bölgəsindən xeyli uzaqda olan ərazilərə raket zərbələri endirib, dinc sakinləri qətlə yetirib. Bununla da işğalçı Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini, Cenevrə konvensiyala­rını və onların əlavə protokollarını, habelə 2020-ci il oktyabrın 10-u saat 12:00-dan etibarən elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini pozaraq Azərbaycanın dinc əhalisini qəsdən hədəfə alıb. Onu da qeyd edək ki, Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəsin pozulması nəticəsində çox sayda dinc sakin həlak olub, 407 nəfər yaralanıb və xeyli yaşayış evi yararsız vəziyyətə düşüb. Operativ və əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdam, Ağ­daş, Ağcabədi, Bərdə, Beyləqan, Biləsuvar, Goranboy, Naftalan, Füzuli, Tərtər, Gəncə və Mingəçevir şəhərləri ərazisində ev və həyətyanı sahələrə, neft kəmərinin yaxınlığına, Mingəçevir İstilik Elektrik Stansiyasının ərazisinə, əkin və otlaq sahələrinə, yol kənarına və digər ərazilərə baxış keçirilib, 67 ədəd müxtəlif növ partlamamış hərbi sursat, hərbi məqsədlər üçün istifadə olunan 2 ədəd metroloji radiopelen­qator, o cümlədən 94 ədəd partlamış mərmi qalıqları aşkarlanaraq götürü­lüb.

Prezident İlham Əliyev Gəncəyə səfəri zamanı Vətən müharibəsi ərzində erməni faşist ordusu tərəfindən dağıdılmış ərazidə Me­morial Kompleksin təməlini qoydu. Ölkə başçısı burada Azərbaycan Dövlət İnformasiya Agentliyinə müsahibəsində dedi ki, bu dağılmış evlərin önündə olmaq, dəhşətli mənzərəni seyr etmək hər bir azərbaycanlı üçün çox ağırdır. İkinci Qarabağ müharibəsi dövründə Gəncə dəfələrlə cinayətkar Ermənistan ordusu tərəfindən bomba­lanıb. Şəhərə 13 raket atılıb, onlar­dan 8-i partlayaraq, əfsuslar olsun ki, insanların həyatına son qoyub. Ancaq bu namərd atəş nəticəsində həlak olan vətəndaşlarımız arasında uşaqlar, qadınlar, yaşlı insanlar da var idi. Təkcə Gəncə şəhərində 26 mülki vətəndaş erməni faşizminin qurbanı oldu. Gəncə şəhəri həm “Toçka-U”, həm “SCUD” raketləri ilə atəşə tutu­lurdu.

Təəssüf ki, hər dəfə olduğu kimi, bu dəfə də beynəlxalq təşkilatlar erməni vəhşiliyinə münasibət bildirmədilər. Baxmayaraq ki, Ermənistan beynəlxalq hüquq normalarını kobud şəkildə pozmuşdu, dünya birliyi isə bu ədalətsizliyə növbəti dəfə biganəlik nümayiş etdirdi. Bu təcavüzlər fonun­da Ermənistan tərəfindən törədilmiş müharibə, insanlıq əleyhinə cinayətlər və soyqırımı aktları insan hüquqları və beynəlxalq humanitar hüququn, xüsusilə 1949-cu il Cenevrə konven­siyaları, Soyqırımı Cinayətinin Qarşı­sının alınması və Cəzalandırılması haqqında Konvensiya, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt, İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan davranış və cəza növlərinə qarşı Konvensiya, İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiya, Uşaq Hüquq­ları haqqında Konvensiya və İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın ciddi şəkildə pozulmasıdır.

Düşmən bu vəhşiliyi ilə dö­yüş meydanında uğradığı acı məğlubiyyəti ört-basdır etməyə ça­lışdı. Ancaq bacarmadı. Ermənistan tərəfi BMT Baş Assambleyasının 44/25 saylı qətnaməsi ilə 20 noyabr 1989-cu ildə qəbul edilmiş “Uşaq Hüquq­ları haqqında” Konvensiyanı silahlı münaqişələr zamanı uşaq hüquqla­rının təminatı hissəsini də tapdaladı. Konvensiya 2 sentyabr 1990-cı il tarixində qüvvəyə minmişdir. Azərbaycan 1992-ci ildə BMT-nin “Uşaq Hüquqları haqqında” Konven­siyasına, 2002-ci ildə isə Konvensi­yanın iki əlavə protokoluna qoşulub. 1998-ci ildə ölkəmizdə BMT-nin “Uşaq Hüquqları haqqında” Konven­siyasının müddəalarını özündə əks etdirən “Uşaq hüquqları haqqında” Qanun da qəbul edilmişdir. Ermənistan isə bütün bunların heç birinə əməl etməyib. Söz yox ki, düşmən layiqli cavabını aldı, qətlə yetirilən dinc əhalinin, uşaqların, habelə şəhidlərimizin qanı yerdə qalmadı. Bütün bunlara baxmayaraq, dünya birliyi Ermənistanın bəşəri cinayətlərinə siyasi-hüquqi qiymət verməlidir. Artıq bu istiqamətdə ilk addım­lar atılır. Onu da qeyd edək ki, Belarus Prezidenti Alek­sandr Lukaşenko bir müddət əvvəl mətbuata müsahibəsində bildirmişdi: “Çox güman ki, Ermənistan da Belarus və Rusiya İttifaq Dövlətinə qoşula bilər. Ermənistanın gedəcək yeri yoxdur. Çünki bu ölkə heç kimə lazım deyil”.

Məhərrəm Ağalaroğlu
Anama məktub
Elşad Miraləm
BİZ KİMİK?