KÖŞƏ

Mənsumə Babayeva

Dünya birliyi erməni vəhşiliyinə göz yummamalıdır

08 iyul 2022 19:29
3132

Məlum olduğu kimi, 2020-ci ildə müzəffər Azərbaycan Ordusu Qarabağı və Şərqi Zəngəzuru erməni işğalından azad etdi. Erməni vandalizminin miqyası yalnız Azərbaycan xalqını deyil, bütün dünyanı heyrətə saldı. Otuz ilə yaxın işğal altında saxladıqları əraziləri xarabalığa çevirmiş ermənilər nəinki evləri, inzibati binaları, hətta təkcə Azərbaycan xalqı üçün deyil, bütün bəşəriyyət üçün müstəsna tarixi əhəmiyyətə malik olan tarixi, dini abidələrimizə qarşı da əsl barbarlıq göstəriblər.

Təəssüf ki, Azərbaycan tarixində, mədəniyyətində müstəsna yeri olan qədim İrəvan şəhəri də uzun illərdir ki, eyni aqibəti yaşayır. Beynəlxalq qanunlara əhəmiyyət verməyən, dünya ictimaiyyətinin qınağından çəkinməyən ermənilər tərəfindən İrəvan şəhərində Azərbaycan irsi bir əsrdir ki, sistemli şəkildə dağıdılır. Artıq Azərbaycanın milli-mədəni, tarixi irsinin sonuncu qalığı Təpəbaşı məhəlləsi də məhv edilməkdədir.

Ermənilər tərəfindən aparılan 100 ildən çox davam edən və sistemli xarakter daşıyan söküntü proseslərinə baxmayaraq, onun son qalıqları günümüzə qədər gəlib çıxıb. Tarixi abidələrlə zəngin, görkəmli azərbaycanlıların yaşadığı bu məhəllənin müasir zamanda müqəddəratı ilə bağlı ciddi narahatlıq var. Əlbəttə ki, belə bir abidənin Təpəbaşının məhv edilməsinin qarşısının alınmasına dünya ictimaiyyətinin göz yumması yolverilməzdir. Xüsusilə UNESCO tərəfindən etinasızlıq göstərilməməlidir. Çünki bu, dünya mədəni irsinin bir hissəsidir. İrəvan, o cümlədən şəhərin Təpəbaşı məhəlləsində yerləşən Azərbaycan xalqının milli-mədəni, tarixi irsinə qarşı Ermənistanın həyata keçirdiyi mədəni soyqırımı prosesi ilə bağlı Azərbaycanın bir qrup elm xadimi və ictimaiyyət nümayəndələri tərəfindən UNESCO-nun Baş direktoru Odre Azuleyə müraciət ünvanlanıb. Beləliklə, 102 nəfər tanınmış elm və ictimai xadimin imzaladığı müraciətdə UNESCO-nun bütün dünyada bəşəriyyət üçün müstəsna dəyər hesab olunan mədəni və təbii irsin müəyyən edilməsini, qorunmasını və mühafizəsini təşviq etməyə çalışdığı vurğulanıb. Bildirilib ki, bu, UNESCO tərəfindən qəbul edilmiş müxtəlif konvensiyalarda öz əksini tapıb. Ümumdünya irsinə aid olan obyektlər yerləşdikləri ərazidən asılı olmayaraq, bütün dünya xalqlarına məxsusdur: “Tarixi şəhərlər və bu şəhərlərin əraziləri cəmiyyətin təkamülünü və onun mədəni kimliyini təsvir edən məkan formasiyalarıdır. Onlar böyük təbii, yaxud süni mühitin bir hissəsidir və bir-birindən ayrıla bilməz. Tarixi şəhərlər onları formalaşdıran keçmişin canlı sübutudur”.

Müraciətdə hazırda Ermənistanın paytaxtı İrəvan şəhərində yerləşən maddi-mədəni irs nümunələrinin yaşının heç 200 ilə də çatmadığı, səbəbləri tarixşünaslıqda bəlli olsa da dünya ictimaiyyətinin bundan xəbərsizliyi diqqətə çatdırılıb. Bəs, nə üçün bu şəhərdə yaşı 200 ilə yaxın və daha çox olan heç bir maddi mədəniyyət nümunələri yoxdur və ya qalmayıb? Bu sualın cavabı aydın şəkildə müraciətdə verilib: “Bu abidələr Azərbaycan xalqına məxsus maddi-mədəni irs nümunələri olduğundan ermənilər tərəfindən məhv edilmiş və günümüzə qədər gəlib çatmamışdır”.

Müraciətdə tarixi faktlar da nəzərə çatdırılıb. Belə ki, İrəvan şəhərinin qala istisna olmaqla Şəhər, Dəmirbulaq və Təpəbaşı hissələrinə bölündüyü hər birində də şəhər yaranandan XX əsrin əvvəllərinədək azərbaycanlıların yaşadıqları qeyd olunub. Vurğulanıb ki, xalqımız XIX-XX əsrlər ərzində indiki Ermənistanın ərazisində azərbaycanlılara qarşı məqsədyönlü və mərhələli şəkildə həyata keçirilən etnik təmizləmə siyasəti nəticəsində böyük milli faciə yaşayıb.

Azərbaycan xalqının tarixinin saxtalaşdırılması məqsədilə daha bir addım 2006-cı ildə atılıb. Belə ki, Ermənistanda təsdiq edilən İrəvan şəhərinin baş planında fars memarlığı kimi təqdim olunan azərbaycanlılara məxsus memarlıq nümunələrinin yerləşdiyi altı ərazini göstərmək olar. Qeyd edək ki, 2006-cı ildə həmin ərazilərin ümumi ölçüsü 29 hektar idi. Onlardan bu gün yalnız Təpəbaşı hissəsi (16 hektar) qalmaqdadır. Cəmi 16 il ərzində Ermənistanda Azərbaycan xalqına məxsus memarlıq üslubunda tarixi şəhər sayıla biləcək 13 hektar sahə tamamilə məhv edilərək yerində müxtəlif infrastrukturlar inşa olunub.

Yeri gəlmişkən onu da qeyd edək ki, 2022-ci ilin fevralın 4-də Azərbaycan, Fransa, Ermənistan liderlərinin və Avropa İttifaqı Şurasının rəhbərinin videoformatda görüşünün nəticəsi olaraq həm də UNESCO-nun Ermənistana və Azərbaycana missiyalarının həyata keçirilməsi planlaşdırılıb. Bununla da öz üzərinə öhdəlik götürən UNESCO Ermənistanın paytaxtı İrəvanda yerləşən tarixi Təpəbaşı məhəlləsi də missiyanın gedəcəyi ünvanlardan biri ola bilər. Ümid edirik ki, UNESCO-nun missiyasının fəaliyyətinə Ermənistanda maneə törədilməyəcəkdir.

Məhərrəm Ağalaroğlu
Anama məktub
Elşad Miraləm
BİZ KİMİK?