04 mart 2021 22:16
1106

Ölkəmizdə təkmil siyasi sistem mövcuddur

Bir qrup partiyanın Yeni Azərbaycan Partiyasına qoşulmaq barədə qərarı  dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan  İlham Əliyevin  həyata kecirdiyi siyasətə dəstəkdən, 44 günlük Vətən mühribəsindən sonra yaranan yeni reallıqların  düzgün dəyərləndirilməsindən  irəli gəlir

 

İqtisadi və siyasi islahatların vəhdətliyi ölkəmizin qazandığı uğurların davamlığında mühüm rol oynayır. Cənab İlham Əliyev daim bu reallığı qeyd edir ki, elə ölkələr var ki, demokratiya təcrübəsi nümunədir, amma iqtisadi tərəqqidən söhbət gedə bilməz. Elə ölkələr də var ki, iqtisadi isalahatları ilə diqqət çəkir, lakin demokratik inkişaf aşağı səviyyədədir. Azərbaycanda vəziyyət tamamilə fərqlidir. İqtisadi və siyasi islahatların vəhdətliyinin yaradılması ölkənin qarşısında  geniş imkanlar açır.

 Azərbaycanın son 17 ildə ulu öndər Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində əldə edilən uğurların miqyasına diqqət yetirmək kifayətdir. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, Azərbaycan beynəlxalq maliyyə qurumlarının hesabatlarında ən islahatçı 10 olkə arasında qərarlaşıb. Yeniləşmə, təkmilləşmə dövlət siyasətinin əsasını təşkil edir. Azərbaycanın inkişaf modeli dünyada təqdir olunur, daim öyrənilməyə cəhd göstərilir. Bir mühüm məqamı da  qeyd etməliyik ki, 44 günlük İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın yaratdığı yeni reallıqlar yeni yol xəritəsinin cızılmasını şərtləndirdi ki, bu da öz növbəsində Milli Prioritetlətin müəyyənləşdirilməsini zərurətə çevirdi.  Artıq dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təsdiqənib.  Burada qarşıdakı dövr üçün hədəflər və onlara çatmağın yolları öz əksini tapıb.

Dövrün, zamanın tələblərinə uyğun təkmilləşmə bütün sahələri əhatə edir. Azərbaycanda  digər ölkələrə nümunə olan demoratik mühit mövcuddur. Məlum olduğu kimi, hakimiyyətin hər üç qolunda - icra, qanunvericilik və məhkəmə-hüquq sistemində təkmilləşmələr xüsusi diqqət çəkir. Bir mühüm məqamı da qeyd edək ki, daim yeniliyə, təkmilləşməyə maraqlı olan, ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyası 2019-cu ilin sonlarında qanunverici orqanda təkmilləşmənin  vacibliyini bildirərək növbədənkənar parlament seçkilərinin keçirilməsi təşəbbüsü ilə çıxış etdi. Məhz bu təşəbbüs əsasında  prosedur qaydalarına uyğun addımlar atıldı, sonda dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə  2020-ci ilin fevralın 9-da növbədənkənar parlament seşkiləri keçirildi. Bu, tarixi müstəqillik tariximizlə üst-üstə düşən Yeni Azərbaycan Partiyasının Azərbaycanın qazandığı  hər bir uğurda öz payı olduğunu təsdiqləyir. Partiyanın yaradıcısı,  ümummilli lider Heydər Əliyevin “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır” tezisi bütün dövrlərdə YAP-ın fəaliyətinin əsasını təşkil edir. Dövlətə, xalqa ximəti fəaliyyətinin əsas prinsipi kimi qəbul eən Yeni Azərbaycan Partiyasına milyonların sevgisi şəksizdir.

Demokratik inkişafın əsas göstəricilərindən biri coxpartiyalı sistemin yaradılması, ölkəmizdə siyasi partiyaların fəaliyyəti üçün lazımı şəraitin mövcudluğudur.  Hazırda ölkəmizdə 50-dan artıq siyasi partiyanın qeydiyyatdan keçməsi və normal fəaliyyəti üçün lazım olan şəraitin mövcudluğu da bunun təsdiqidir. “Siyasi partiyalar haqqında” yeni qanunun qəbul edilməsi, həmcinin Prezident Administrasiyasında   aparılan islahantlara uyğun olaraq yeni bölmələrin, o cümlədən  Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin yaradılması da siyasi partiyaların fəaliyyətinə, onlar arasında dialoq mühitinin formalaşmasına  böyük dəstəkdir. Son zamanlar siyasi pariyalar arasında  münasibətlərin, əlaqələrin  inkişafına xidmət edən görüşlərin davamlı xarakter alması  xüsusi qeyd edilən məqamlardandır. O da məlumdur ki, 44 günlük İkinci Qarabağ  müharibəsi zamanı 50-dən artıq siyasi pariya bir araya gələrək dövlətimizin başçısı İlham Əliyevin ətrafında sıx birləşdi, həyata keçirilən siyasəti, atdığı addımları dəstəkləməklə bir daha  ölkəmizdə vətəndaş həmrəyliyinin mövcudluğunu  təqdim etdilər. Dövlətimizin başçısı İlham Əliyev bu günlərdə yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında da bu məqamlara xüsusi diqqət yönəltdi.

  Bu fakt inkaredilməzdir ki, Vətən müharibəsində  dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İllham Əliyevin qətiyyəti sayəsində işğala son qoyulması,  yeni reallıqlar yaranması bütün istiqamətlərdə uğurlu nəticələrə, yenliklərə yol açdı. Qələbəmizin memarı, Müzəffər Ali Baş Komandan İlham Əliyevə milyonların sevgisi, ona inamın, etimadın artması nəinki Onun  ətrafında sıx birləşməkdə,  həmçinin  rəhbərlik etdiyi, milyonların partiyası imicini qazanan Yeni Azərbaycan Partiyasına üzv olmaq üçün  müraciət edənlərin sayının artmasında,  YAP-a qoşulan, onun siyasətini dəstəkləyən partiyarların mövcudluğunda aydın ifadəsini tapır.    Bu yolu seçənlərin qəbul etdikləri qərarlar ictimaiyyət tərəfindən  yüksək dəyərləndirilir. Dövlətinin, xalqının bu gününü, gələcəyini düşünən, hər bir məsələni xalqın iradəsi, dövlətimizin maraqları əsasında həll edən Liderə  xalqın sevgisi şəksizdir. Bu Liderin rəhbərlik etdiyi partiyada təmsil olunmaq, eyni zamanda, ona qoşulub birgə addım atmaq böyük uğur, qarşıdakı hədəflərə  töhfələr vermək üçün səylərin birləşdirilməsidir.   Davamlı inkişafa, təkmilləşməyə xidmət edən hər bir  addım, eyni zamanda,  demokratik dəyərlərə sadiqliyin sözdə deyil əməldə təsdiqini tapması Azərbaycanın demokratik ölkə imicinə yeni əlavələr edir. Yeni Azərbaycan Partiyası “Yeni hədəflərə doğru” çağrışı ilə hər zaman əldə olunan uğurlarla kifayətlənmədiyini, daim irəliyə doğru addımladığını təsdiqləyir.  YAP-in müasir dövrün çağrışlarından olan sivilizasiyalararası dialoqa töhfələri davamlıdır, yeni iqtisadi və sosial çağrışların müzakirəsi üçün beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bütün addımları əsasında bir məqsəd dayanır: Azərbaycanı daha  güclü, qüdrətli dövlətə çevirmək, yüksək rifaha dəstək olmaq, ölkəmizin beynəlxalq nüfuzunu artırmaq. Yeni Azərbaycan Partiyasına  qoşulmaq qərarını qəbul edən partiyalardan  Azərbaycan Demokratik Sahibkarlar Partiyasının, Azərbaycan Xalq Demokratik Partiyasının və  Milli Qurtuluş Partiyasının, Azərbaycan Yurddaş Partiyasının və Azərbaycan Kəndli Partiyasının adlarını qeyd edə bilərik. Düşünürük ki, belə bir addımı atmaq istəyən partiyaların  sayı çox olacaq. Birlik, həmrəylik sayəsində işğaldan azad edilmiş ərazilər cənnətməkana çevriləcək.

Yeganə Əliyeva, “İki sahil”