KÖŞƏ

Mənsumə Babayeva

Hərbi-siyasi böhran işğalçı ölkəni uçuruma sürükləyir

15 mart 2021 23:18
2298

İşğalçı ölkədə Nikol Paşinyanın istefasını tələb edən müxalif qüvvələrlə baş nazir  arasındakı qarşıdurma getdikcə kəskinləşir. “Vətənin xilası uğrunda hərəkat”da birləşmiş 17 siyasi partiyanın liderləri Paşinyanı devirmək üçün siyasi mübarizənin bütün üsullarına əl atsalar da xalqın dəstəyini ala bilməyən “hərəkatçılar” istəklərinə nail ola bilmirlər. Hər yerdən əli üzülən müxalifət nəhayət, ölkənin yüksək rütbəli hərbçilərini təxribata çəkməyə nail olsa da sonda təşəbbüs də istənilən nəticəni vermədi. Onik Qasparyanın Baş Qərargah rəisi vəzifəsindən uzaqlaşdırılması ilə Paşinyan müxalifəti ordunun da dəstəyindən məhrum edib. Yaranmış vəziyyətdən narahat olan tərəflərdən biri isə “Qarabağ klanı”dır. Paşinyandan başqa istənilən adamın hakimiyyətə gəlməsini özlərinin cinayət məsuliyyətindən yaxa qurtarması üçün fürsət kimi dəyərləndirən “Qarabağ klanı”nın rəhbərlərindən olan Robert Koçaryan və Serj Sarkisyan revanşist çıxışları ilə 10 noyabr Bəyanatını uğursuz hesab edərək xalqı yenidən müharibəyə səsləyirlər.  

Proseslər göstərir ki, hətta zəif Nikolla mübarizədə belə Ermənistanda iyirmi ildən artıq hakimiyyətdə olan qüvvələr məğlub olmaqdadırlar. Bunu şərtləndirən əsas amil Paşinyana aid olan hansısa xüsusiyyət deyil, sadəcə müharibə çağırışları edən revanşist qüvvələrə müharibə istəməyən Ermənistan cəmiyyətinin sərt cavabıdır. Ermənistan əhalisi gec də olsa artıq anlayır ki, onların bütün məğlubiyyətlərinin səbəbi korrupsioner hakimiyyətin  Azərbaycana qarşı işğalçılıq və təcavüzkarlıq siyasəti, qonşu ölkələrə qarşı ərazi iddialarıdır. Onların gec də olsa əsası olmayan iddialarını etiraf etmələrində  Azərbaycanın haqlı ədalətli mübarizəsinin də təsiri az olmayıb. Azad edilmiş ərazilərimizi görəndən sonra anladılar ki, bu illər ərzində onları hansı vəhşi və vandal xislətli insanlar idarə edib. Paşinyanın biabırçı kapitulyasiya aktını imzalaması, Ermənistanın fərari ordusunun məğlubiyyəti xalqda iqtidara qarşı inamsızlığı gücləndirir. Bu nifrətdə sabiqlərdən olan R. Koçaryanın , S.Sarksiyanın da “payı” vardır.

Ermənistanda vəziyyəti gərginləşdirən digər amil ölkənin prezidenti ilə baş naziri arasında yaranan qarşıdurmadır. “News.am” saytı da yazır ki, prezident  A. Sarkisyan baş nazirin Baş Qərargah rəisi vəzifəsinə təqdim etdiyi A.Davtyan barədə vəsatəti geri qaytarıb və təsdiq etməyəcəyini bildirib. Hökumət yeni Baş Qərargah rəisinin vəzifəsinin icrasına başlayacağını elan etsə də, konstitusiya üzrə ekspert Gohar Meloyan deyib ki, martın 19-na qədər A.Davtyanın bu vəzifəyə təsdiqi qanunsuz hesab edirlər. Bu arada “Panorama.am” yazır ki, qəti addımlar atmağın vacibliyini bildirən müxalifətin baş nazir postuna namizədi Vazgen Manukyan O.Qasparyanın istefası ilə bağlı Ermənistan prezidentini də qınayıb: “Əvvəlcə bunun konstitusiyaya uyğun olmadığını söylədi, sonra bu barədə danışmadı. Düşünürəm ki, təzyiq var idi. Ancaq ölkə prezidenti təzyiq altında qərar qəbul edirsə, onda belə bir prezident kimə lazımdır?”.

Göründüyü kimi, hakimiyyətini xilas etmək üçün hər hansı qarşıdurmadan çəkinməyən Paşinyan iqtidarı ölkədəki ictimai-siyasi tənəzzülün qarşısını ala bilmir. Yaranmış vəziyyət isə onu deməyə əsas verir ki, Ermənistanda davam edən hərbi-siyasi böhran ölkəni uçuruma sürükləyir.