Vəli İlyasov |
Ermənistan baş naziri Nikol Paşinyan Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə görüşə başlayarkən KİV təmsilçiləri qarşısında diqqət çəkən üç açıqlama vermişdi. Birincisi, guya hərbi əsirlər məsələsində Rusiya Ermənistanla eyni mövqeyə malikdir. İkincisi, Dağlıq Qarabağ məsələsi hələ tam həll olunmayıb. Üçüncüsü, dövlət rəhbərliyi Rusiyanın Ermənistanda yeni atom elektrik stansiyasının inşasını istəyir.
Baş nazir bununla nümayişkəranə göstərmək istəyirdi ki, erməni cəmiyyətini narahat edən mövzuları Rusiya prezidenti ilə ətraflı müzakirə edəcək. Ancaq bu mövzuların heç biri Moskvanı narahat etmir və maraqlandırmır. Bu məsələləri səsləndirmək parlament seçkisi öncəsi Qarabağda gorbagor olmuş reytinqini dirçəltmək üçün yalnız Paşinyana lazımdır. Ona görə də Paşinyan qeyri-real təkliflər irəli sürməklə Ermənistan cəmiyyətinin gözünə kül üfürmək məcburiyyətində qalıb. Məsələn, atom elektrik stansiyası inşası məsələsinə gəldikdə, bu da Paşinyanın növbəti gicbəsər taktiki gedişidir. Ermənistanın baş naziri bu təklifi verməklə Putinə göstərmək istədi ki, guya Moskvaya əliboş gəlməyib, yəni, Rusiya ilə yenidən işbirliyi qurmaq arzusundadır. Ancaq ağlına gəlmədi ki, yoxsul Ermənistanda ikinci atom elektrik stansiyası tikmək Rusiyanın nəyinə lazımdır? Çünki qəzalı vəziyyətə düşmüş Metsamor AES hazırda baş ağrısına çevrilib.
Göstərmək lazımdır ki, mütəxəssislərin ilkin hesablamalarına görə, Ermənistanda ikinci atom elektrik stansiyasının tikintisi ən azı 3-4 milyard dollara başa gələ bilər. Məlumdur ki, Ermənistanın bu qədər pulu yoxdur, gözünü xaricdən göndərilən ianələrə dikib. Deməli, İrəvan tikintinin pulunu Rusiyadan çıxarmaq istəyəcək. Rusiya isə həmin pulu xərcləyib o şərtlə Ermənistanda atom elektrik stansiyası tikmək istəyər ki, qoyduğu investisiyanı vaxtında geri qaytara bilsin. Ancaq bunun üçün stansiya tikildikdən sonra əhaliyə elektrik enerjisi baha satılmalıdır ki, Rusiya pulunu geri qaytara bilsin. Ermənistanın çörəkpulu tapmayan kasıb əhalisi baha qiymətə elektrik enerjisi ala bilərmi? Xeyr, əhali işıq pulunu heç indiki tariflə də ödəyə bilmir və enerjinin bahalığından ciddi narazılıq var. Bundan əlavə, rusiyalı ekspertlər bildirirlər ki, atom elektrik stansiyasının korpusları Rusiyadan hissə-hissə Ermənistana daşınmalıdır. Ancaq məlumdur ki, Rusiyanın Ermənistanla quru sərhədi yoxdur. Həmin korpuslar isə ya dəniz, ya da dəmir yolu ilə Rusiyadan Ermənistana çatdırıla bilər. Ermənistan bunun hər ikisindən məhrumdur. Rusiya Abxaziyanın ilhaqıyla bağlı Gürcüstan dəmir yolundan istifadə edə bilmir. Gürcüstan buna icazə verməz. Ermənistan digər qonşu ilə düşmən münasibətdə olduğundan həmin korpusları Azərbaycandan Ermənistana daşımaq mümkün deyil. Bunun üçün Ermənistan yalnız Zəngəzurda vaxtilə sökdüyü dəmir yolunu bərpa etməli və Azərbaycanla münasibətləri normallaşdırmağa başlamalıdır ki, Rusiya Azərbaycan dəmiryolu ilə həmin korpusları Ermənistana gətirə bilsin. Lakin aranı qızışdıran revanşistlər və digər başıpozuq tör-töküntülər Azərbaycanla münasibətlərin qaydaya salınmasına imkan vermirlər. Belə çıxır ki, ölkəsində sabitlik yarada bilməyən Nikol Paşinyan boş-boş danışır.
Beləliklə, baş nazir Nikol Paşinyanın Rusiyaya uğursuz səfəri başa çatdı. Moskvada heç bir sənəd-filan imzalanmadı. Kremldə bir saatlıq qəbulda Putindən çox Paşinyan danışdı. Çünki seçki öncəsi çox danışmaq Paşinyana lazımdır. Əsirlər mövzusuna maraq göstərməyən Moskvaya isə Azərbaycanla Ermənistan arasında nəqliyyat xətlərinin açılması lazımdır. Bunu isə Paşinyan iyunun 20-dək, yəni, seçkiyə qədər uzatmağa çalışır ki, müxalifətin ona hücum etməsin. Belə çıxır ki, Paşinyan Moskvadan yenə də əli ətəyindən uzun, üzü saqqalından qara qayıdıb. Boş və axmaq fikirlər nökəri Paşinyan hələ indiyədək düşündüyü bir fikri, dediyi bir sözü əmələ çevirməyi bacarmayıb. Vladimir Putin ağzının üstündən elə bir sillə çəkib ki, ağrısı hələ də sovuşmayıb. Ancaq görəsən Putinlə bir saatlıq söhbət zamanı on dəfə baxdığı “şpalqalka”nı hara atıb, Kremlin zibil qutusuna, yoxsa cibində Ermənistanın baş nazir administrasiyasına aparıb?
Külli miqdarda pula başa gələn bu səfər dilənçi Ermənistanın başına endirilmiş qapaz effektini verib. Başqa izahı yoxdur.