KÖŞƏ

Cavid Əkbərov

Revanşistlər Paşinyanı qiyamla devirə biləcəklərmi?

12 aprel 2021 22:08
2555

Ermənistanda siyasi müstəvidə müşahidə edilən gərginlik getdikcə dərinləşməkdə, bu kontekstdə iqtidar və müxalifət arasında münasibətlər tam ziddiyyətli xarakter almaqdadır. Tərəflərin biri-birilərinə qarşı kompromat xarakterli hücumlarının artması, gözdənsalma kampaniyasını genişləndirmələri vəziyyəti daha kritik həddə çatdırır. Hadisələrin inkişafı iyunda baş tutacaq növbədənkənar parlament seçkilərində mövcud hakimiyyətlə keçmiş hərbi xunta arasında sərt mübarizənin gedəcəyini göstərir. Sabiq prezident Robert Koçaryan artıq seçkidə mövcud hakimiyyəti devirmək üçün ciddi hazırlıqlara start verib. Hakimiyyət isə sabiq prezidentin neytrallaşdırılması üçün inzibati metodlardan istifadə etməyi düşünür.

44 gün davam edən İkinci Qarabağ müharibəsinin nəticələrini əsas götürən müxalifət hələ də etiraz aksiyaları təşkil edərək Nikol Paşinyanı bu yolla hakimiyyətdən uzaqlaşdırmağa vadar edəcəyini düşünsə də, reallıq bunun əksini göstərir. Revanşistlərin birləşdiyi “Vətənin qurtuluşu hərəkatı” çoxsaylı etiraz aksiyaları təşkil etsə də, cəmiyyətdən lazımi dəstək ala bilmir. Etiraz aksiyaları ilə müxalifət tərəfindən hakimiyyətdən devrilməsinin mümkünsüzlüyünü görən Nikol Paşinyan cəmiyyətin hələ də onu  dəstəklədiyini siyasi opponentlərinə nümayiş etdirmək məqsədilə müxtəlif addımlar atır. Onun iyunun 20-də növbədənkənar parlament seçkilərində qalib gələ biləcək əsas qüvvə obrazını yaratması, bu xüsusda nəzarətində olan media orqanlarına çoxsaylı göstərişlər verməsi də qeyd edilənlərin təsdiqidir.

Hazırda mövcud şərtlər daxilində müxalifət partiyalarının birləşdiyi “Vətənin qurtuluşu hərəkatı”nda yer alan siyasi qüvvələrin bir çoxu növbədənkənar parlament seçkilərinin keçirilməsinə qarşıdır. Lakin Ermənistanın keçmiş prezidenti Robert Koçaryan fərqli mövqe sərgiləyir. Artıq Koçaryan növbədənkənar parlament seçkilərində partiyalar blokuna liderlik edəcəyini açıqlayıb.

Koçaryan 10 il Ermənistana rəhbərlik etdiyini, bununla belə tərəfsiz olduğunu bildirib. O, həmin blokun hansı partiyalardan ibarət olacağını dəqiqləşdirməyib. Amma ehtimal edilir ki, bunlardan biri “Daşnaksütyun” olacaq. Digər partiya qismində “Respublika” Partiyasının çıxış edəcəyi gözlənilir. Təhlillər göstərir ki, Koçaryanın növbədənkənar parlament seçkilərində iştirakı təsadüfi xarakter daşımır. Məsələ burasındadır ki, növbədənkənar parlament seçkilərində seçiləcəyi təqdirdə Paşinyanın daha bir neçə il hakimiyyətdə qalacağı qaçılmazdır. Bu da Koçaryanın siyasi karyerasının sonu olmaqla yanaşı, onun Paşinyandan qisas almaq niyyətinin həyata keçməsinə imkan verməyəcək.

Bununla belə, R.Koçaryan növbədənkənar parlament seçkilərində cəmiyyətdən lazımi dəstək ala bilməyəcəyini yaxşı başa düşür. Amma belə olacağı halda o, bunu Paşinyanın seçki saxtakarlığı ilə əlaqələndirərək, hakimiyyətə qarşı radikal qüvvələrin iştirakı ilə yeni aksiyalar keçirməyi, mümkün olarsa, qiyama başlamağı düşünür.

Artıq Koçaryanın güc yolu ilə hakimiyyəti devirmək niyyəti haqda erməni politoloqları xəbərdarlıqlar ediblər. Həm Koçaryanın, həm də “Vətənin qurtuluşu hərəkatı”nın qiyama meyillənməsi Ermənistanda yaxın günlərdə siyasi müstəvidə hadisələrin yenidən dramatik şəkildə inkişafını istisna etmir. Xüsusən də hakimiyyətin növbədənkənar parlament seçkilərində qalib gəlmə ehtimalının yüksək olması fonunda müxalifət Paşinyanı qiyamla devirməkdən başqa yolun olmadığını düşünür. Amma bu qiyama Ermənistan cəmiyyəti tərəfindən dəstək ifadə olunmur. Bu səbəbdən Paşinyanın qiyama meyil edən siyasi rəqiblərini güc yolu ilə əzməyə çalışacağı, bunun da yenə Ermənsitanda siyasi gərginliyə yol açacağı gözlənilir. Belə görünür ki, seçkilər ərəfəsində Robert Koçaryan yenidən məhkəməyə cəlb edilə və həbs oluna bilər.