18 aprel 2021 16:38
3045

Nağil kimi bir ömür… FOTO

İnsan həyatını güzgüyə bənzədənlər də var, kitaba oxşadanlar da… Kimisi bu dünyaya gələr, baxar gedər… Özündən sonra nə bir izi qalar, nə sorağı. İnsan da var ki, həyatı bir kitaba bənzər. Bu dünyaya ondan sonra gələnlər bu kitabı vərəqlər, hər sətrindən özü üçün bir örnək götürər…

Təsadüfi deyil ki, müdriklərimiz insan ömrünü birtərəfli tramvay xəttinə bənzədirlər. Nə yazıq ki, getdiyimiz yolu təkrar geri qayıda bilmərik. Gərək sənə verilən ömür payını elə yaşayasan ki, sənin getdiyin yoldan bir də keçmək istəyənlər olsun. Hər bir insan öz taleyini yaşayır, öz qədərini, qismətini özü seçir… Dünyanın fani olduğunu dərk edənlər, yaxşı əməllərini özündən sonrakı nəsillərə əmanət edib gedirlər. Kimi ona verilən ömrü, xalqına vətəninə xidmətdə görür, kimi isə həyatının mənasını sərvətdə tapır… Birincilər əbədiyaşarlıq qazanır, həyatları dastana dönür, adları dillərdə əzbər olur… Nağıl kimi bir ömür yaşayar belə insanlar… Özləri bu dünyada olmasalar da adları, əməlləri nağıllaşar…

Gecədən xeyli keçməsinə baxmayaraq Mübarizin yuxusu gəlmirdi. Gah yatağında o tərəf bu tərəfə çevrilir,  gah da gözlərini tavana zilləyib körpə uşaq dünyasında nə isə bir aləm yaradardı. Gecənin bu vaxtında bu körpənin nə düşündüyünü, içindən nələrin keçdiyini tək özü bilirdi… İçindəki düşüncələr, bir də ki, yuxusuzluq ona rahatlıq vermirdi. Yatağından qalxıb tıpış-tıpış yan otağa keçib nənəsinin yanına gəldi. Gözlərini nənəsinə zilləyib, pıçıltı ilə -  Nənə, su istəyirəm, dedi. Gecənin qaranlığını ağappaq qar kimi işıq saçan saçları ilə işıqlandıran , dərddən bənizi bəyazlaşıb damarlarından qanı qaçmış Dilşad xanım, nəvəsinin əmrinə müntəzir oldu. Tez fincanı su ilə doldurub Mübarizə tərəf uzatdı. Amma su ilə dolu fincan əlində, əli də havada qaldı. «İstəmirəm, mənə atamın nağlını danış. Yoxsa yatmayacam», dedi. Qərar qəti idi. Dilşad xanım, körpəcə nəvəsini sinəsinə sıxıb titrəyən üzündən, göz yaşı ilə dolu doluxsunmuş gözündən, atam deyib səyriyən dodaqlarından öpdü.

- Danışım, gözümün işiğı. Sən məndən, ürəyimin odu, ağzımın dadı Elçinimdən söz istə, mən də sənə gecə gündüz o igidimdən danışım, dedi. Heç şübhəsiz ki, həmən axşam, ucqar bir dağ kəndində də bir nənə nəvəsini yatırmaq üçün,  bir  bağçada  bir tərbiyəçi körpələrdə qəhrəmanlıq hissi aşılamaq üçün,  məktəbdə bir müəllm yeni tariximizin ən şanlı səhifəsindən söz açarkən Elçin İsmayilovun qəhrəmanlıq dastanından bəhs etmişlər. Nağıl kimi bir ömrün qəhrəmanlıq səhifələrini varaqlamışlar.  Müəllimlər şagirdlərinə,  tərbiyəçilər körpələrə, gənclər isə öz aralarında  ölümsüzlüyə gedən bir yoldan, vətənə həsr edilmiş  ömürdən, adı əfsanə, özü gerçək qəhrəman olan bir igiddən bəhs etmişlər…

Əziz nəvəm, Elçinimin yadigarı Mübariz, yaxşı dinlə bu nağılı. Biri var idi, biri yox idi. Bu dünyada Elçin adında gerçək bir igid, qəhraman bir kaptitan var idi.  Adı düşmənin canına qorxu salan bir qəhrəman. Bir zamanlar o da sənin kimi körpə, balaca , dəcəl bir uşaq idi. Sənin kimi o da nağılları çox sevərdi. Hər gecə bir nağıl dinləməsəydi yuxuya getməzdi. Cirtdandan, ələkdən xəlbirdən danışanda , cırnayardı, ağlayardı, qulaq asmaq belə istəməzdi. «Mənə Qarabağdan danış. Erməni cəlladlarından söylən. Xocalıda körpə uşaqları necə və niyə qətl etdiklərindən söhbət aç”  deyərdi. Hər dəfə də o, məlğunlardan söz açanda balaca yumruqlarını düyünlər, balaca ürəyi qisas, intiqam hissi ilə döyünərdi... «Böyüyüb, onlardan bu qisası alacam», deyərdi. Nağıl dili yüyrək olar, deyib babalar.  Elçin də içində bir Qarabağ qisası,  Xocalı qısası ilə tez böyüdü. Elə böyüdü ki, bir millətin qəhrəman oğlu oldu. Adı, ömrü bir dastana dönüb dillərə düşdü.  İndi hamı sənin atanın qəhramanlığından danışır.  Ucarda dünyaya göz açan igidim, vətən oldu… Vətəni yaşatmaq üçün canını fəda edənlərdən oldu.

Beləliklə əziz oxucum, 31 yaşlı bir ömrün sahibi, bugünkü yazımızın qəhrəmanı Kapitan Elçin Mübariz oğlu İsmayilovdur.

Dosye: Xüsusi Təyinatlı Qüvvələrin zabiti, “Yaşma” taborunun qərargah rəisinin müavini, kəşfiyyatçı, şəhid kapitan İsmayılov Elçin Mübariz oğlu 30 may 1989-cu ildə Ucar rayonunda anadan olub. Ailənin ilk övladı olan Elçin 1995-ci ildə Ucar rayon 1 saylı tam orta məktəbə gedib və 2006-ci ildə həmin məktəbi bitirərək Ali Hərbi Məktəbə qəbul olub. Kiçik yaşlarından sinf yoldaşlarından, tay-tuşlarından öz biliyi, bacarığı, xüsusi istedadı və gücü ilə seçilən Elçin oxuduğu məktəbin ən fəal şagirdi kimi ad çıxarıb. “Cəsurlar”(1998) və “Şahin” (1996) adlı hərbi-idman oyunları (VII-VIII, X-XI sinif şagirdəri arasında keçirilən) çoxsahəli yarışıların aktiv iştirakçısı olan Elçin müxtəlif fərxi fərmanlarla təltif edilib.

Elçin İsmayilov 2010-cu ildə Azərbaycan Ali Hərbi Məktəbini əla qiymətlərlə bitirdikdən sonra Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinə zabitlərin təkmilləşdirmə kursuna dinləyici kimi göndərilmiş və oranı da yüksək  nəticə ilə başa vurub.

2011-ci il iyul ayından Ağcəbədi rayonunda “N” sayli hərbi hissənin V motoatıcı taborunda tağım komandiri kimi xidmətə başlayan Elçin İsmayilov bir müddət qulluq etdikdən sonra komandanlığa raport yazaraq könüllü olaraq XTQ-də xidmət etmək niyyətində olduğunu bildirir. 2012-ci ildə Xüsusi Təyinatlı Qüvvələrdə qulluq etmək üçün kursa cəlb edilmiş 300 nəfər hərbi qulluqçunun içindən seçim mərhələsinə çıxan 19 nəfərdəndən biri də Elçin İsmayilov olur. Elçin İsmayilov dəfələrlə Turkiyədə hərbi təlimlərdə iştirak edərək sertifkatlar, fəxri fərmanlar və medallarla mükafatlandırılıb.

2012-ci ilin iyul ayının 8-dən XTQ-də xidmətini davam etdirən Elçin İsmayilov “N” saylı hərbi hissədə qrup komandirinin müavini, 2014-cü ilin mart ayında isə elə həmin hissədə xüsusi əməliyyat taborunun xüsusi əməliyyat qrup komandiri vəzifəsində xidmətini davam etdirib.

Qəhrəman hərbçimiz 2015-ci ilin fevral ayında Qazax və Ağstafa istiqamətindəki döyüşlərin fəal iştirakçısı olub. 2016-ci ildə Elçin aprel döyüşlərində Talış kəndi istiqamətində gedən savaşda iştirak edib.

Qəhramanımız 2015-ci ilin oktyabr ayından 2016-cı ilin yanvar ayınadək amerikalı təlimatçılar tərəfindən Goran Təlim Mərkəzində “Special Operations Training” kursunu uğurla keçərək sertifikat alıb. 2018-ci ilin iyul ayında Türkiyə Respublikasında “Anadolu Tatbikatı” təlimində iştirak edən Elçin  2019-cu ilin iyul ayında pakistanlı təlimatçılar tərəfindən Giləzi Tədris Mərkəzində keçirilən “Dağlarda döyüş” xüsusi kursunu da uğurla başa vurub

Döyüş yoluna Murovdağ zirvəsinin fəthindən başlayan Qərargah rəisinin müavini kapitan Elçin İsmayilov  Cəbrayıl rayonunun işğaldan azad edilməsində xüsusi fəallıq göstərib . 4 oktyabrda ilk dəfə Cəbrayılda Azərbaycan bayrağı əfsanəvi qəhrəman kapitan Elçin Mübariz oğlu İsmayilov tərəfindən ucaldılıb.Təkbətək döyüşdə Ermənistan Silahlı Qüvvələrinin 23 yüksək rütbəli zabitini tək başına, ümumilikdə isə 200-dən çox erməni hərbiçisini və çox sayda döyüş texnikasını məhv edib.

Vətən Mharibəsi Qəhrəmanı Elçin İsamyilovun göstərdiyi rəşadət  yüksək qiymətləndirilərək ölmündən sonra “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına” ,  “Cəbrayılın azad olunmasına” görə medalları ilə təltif olunub.

Ucarda dünyaya göz açan  Elçin İmayilov hələ kiçik yaşlarından hərbçi olmaq,  zabit olmaq arzusu ilə böyüyürdü. Orta məktəb illərini başa vurana kimi bir dəfə də olsun yolu  Qarabağ  tərəfə  düşməyən  Elçin, “Qarabağ  qısasım  mənim” deyərək az qala hər gün hayqırırdı. Özündən sonra dünyaya göz açan qardaşlarına da “Siz də hərbçi olacaqsınız,  Qarabağı düşmən işğalından birlikdə azad edəcəyik, biz 3 qardaş bir orduya bərabərik, üçümüz bir olandan sanra bizə heç kimin gücü çatmaz”, deyərmiş .

İşimlə əlaqədər şəhid ailələri, onların yaxınları, müəllimləri, dostları ilə çox görüşlərim olub. Bu ailələri, valideyinləri görüb, müşahidə etdiyim, gəldiyim qənaət budur ki, bu qəhrəman oğulların hər biri Tanrı tərəfindən seçilmiş və şəhidliklə mükafatlandırılmış insanlardır. Tanıdıqca düşünürəm ki, şəhidlərimiz təkcə qəhrəmanlıqları ilə bir birinə bənzəmirlər.  Həm də bu qəhramanların, xasiyyəti də, ailəyə, valideyinə olan münasibətləri də  eyni olub. Bəzən mənə elə gəlir ki, Elçinin atası Elnur haqqında, Elnurun atası , valideyinləri Elçin haqqında danışırlar. Təccüblənməmək mümkün deyil. Hər şey üst-üstə düşür. Hətta ciddi baxanda şəhidlərimizdə zahiri oxşarlıqlar belə tapmaq mümkündür. Bu qəhraman oğullar,  Allahın xeyir mələkləridir və onların bu dünyada uzun yaşaması bəlkə də qeyri mümkün hesab edilməlidir. Öz missiyaların bu fani dünyada tez bir zamanda başa vurub indi də Cənnətə zinət verirlər.

Təbii ki, bütün bu xüsusiyyətlər belə  gözəl övladlara gendən keçib, qandan gəlmədir. Halallıqla, zəhmətlə böyüyüb,  dürüst tərbiyədən irəli gələn amillərdir. Halal çörək yeyib,  halal süd əmənlər, düzgün tərbiyyə alan insanlar vətəni yaşada bilər. Adı vətən, özü zirvə ola bilər. Təmsil olunduğu dövlətin bayrağını ucaltmaq üçün canını verib, bayraq kimi göylərə salam apara bilərlər. Allahın bir zərrəsi olanlar, özlərini yaradanının yanında görməyi bacaranlar Allahına tərəf can atırlar... Bu qəhrəman oğulları böyüdən məğrur valideyinlər hörmətə, səcdəyə layiqdirlər.

XTQ-nin məşhur kəşfiyyatçısı, şəhid kapitan Elçin İsmayılovun anası Dilşad xanımın dedikləri:

- Elçini də, Nurlanı da, Elvini də öz əlimlə cəbhəyə yola salıb, arxalarınca su səpmişəm. Əgər 3 yox 13 oğlum olsaydı 13-nü də müharibəyə yollayardım, heç gözümü arxalarınca qırpmazdım da. Müharibədən, düşmən qabağından qaçan, kolda- kosda gizlənəndən oğul olmaz!  Belə üzqaralarındansa bir kor qız yaxşıdır. Adam oturub heç olmasa körun dərdin çəkər. Barı, valdeyninin də üzünü qara etməz.

Oğlanlarımı yola salarkən bircə kəlmə dedim ki, düşmənə arxa çevirsəniz, düşmən qabağından qaçsanız heç qayıdıb üstümüzə gəlməyin. Mübarizi də, məni də, elə bu Vətəni də biabır etməyin. Allaha şükürlər olsun ki, oğlanlarım üzümü qara etmədilər. Elçinim şəhid oldu. Allahın məsləhətidir, özü vermişdi özü də öz yanına çəkdi. Nurlanla , Elvin şərəflə vuruşub sağ –salamat qayıdıblar evimizə. İndi də xidmətlərini davam etdirirlər. Bir ömür başlarını dik tutub, alnı açıq yaşamağa haqqları var.

Şəhidin atası, Mübriz İsmayilovun dedikləri:

-Elçin uşaqlıqdan çox çalışqan, zəhmətkeş, inanclı uşaq idi. Çox Allaha yaxın uşaq idi. Bəlkə də rayon məsçidinin evimizin yaxınlığında yerləşməsi də Elçinin mənəvi dünyasına, Allaha yaxın olmasına təsir edib. Haqqsızlığa, ədalətsizliyə qarşı barışmaz idi. Çox dürüst idi. Uşaqlıqdan namaz qılar, ibadət edərdi. Azan səsinə yuxuya gedər, azan səsinə oyanardı. Allaha şükür ki, süfrəmə hələ haram çörək gətirməmişəm. Əlimizin qabarı, alın təri, halalıqla övlad böyütmüşük. Ona görə də arxayın idim ki, oğlanlarım harada olsalar üzümü qara etməzlər. Pis bir hərəkətləri qulağımıza gəlməz. Kişi kimi, namusla böyütmüşük biz onları. Yollarını özləri seçdilər. Hərbçi, zabit, hətta deyərdim ki, kəşfiyyatçı olmaq Elçinin uşaqlıq arzusu idi. Orta məktəbdə oxuyanda idmana , hərbi oyunlara çox böyük maraq göstərərdi. Qardaşlarının da hərbçi olmasında Elçinin müstəsna xidməti var.

Sinif yoldaşı Əbülvəz Qədirovun xatirələri:

-Elçinlə bir sinifdə oxumuşam. Heç  ömrü boyu ağlıma gətirməzdim ki, nə vaxtsa Elçin həyatda olmayacaq, mən onun haqqında xatirələrimi danışacam. Həmişə düşünürdük ki, Elçin bir qəhrəman olacaq,  biz də qəhramanın dostu olaraq onun yanında durub qürurlanacağıq,  fəxr edəcəyik.  Bizi göstərib,-  bunlar  qəhrəman Elçin İsmayilovun sinif yoldaşlarıdır, -deyəcəklər.  Bir zamanlar Elçin orta məktəbdə oxuyanda məktəbimiz onunla fəxr edərdi. Məktəbimiz Elçinə görə tanınardı. Rayonda keçirilən “Cəsurlar”, “Şahinlər” hərbi idman oyunlarının qalibi olardı. Elçin bütün məktəb kollektivinin üzünü ağ edərdi. Elçin harada var idisə orada qələbə var idi. Birincilik var idi. Təkcə idmanla, hərblə bağlı məsələlrdə deyil, Elçin bütün dərslərdə fərqlənərdi. Elçin bir insan kimi fərqli insan idi.Ümumiyyətlə Elçinə bəlkə də insan demək günah olar. Qeyri adi idi. Təvazökar, qayğıkeş, vətənsevər idi. Elçin hər şeyin tamı idi. Bütövü idi..Mükəmməl idi...

Müharibədən az öncə evlərinə gəlmişdi. Demə müharibənin başlayacağını bilirmiş. Valideyinləri, qohum əqrəba, dostları ilə vidalaşmağa gəlibmiş.  Onda mənimlə də görüşdü.  “Əbülfəz şərəfsiz min il yaşamaqdansa kişi kimi bir gün yaşamaq gözəldir. Bu xainlər 30 ildir ki, başımızı aşağı ediblər. Gərək onları yerlərində otuzduraq “, dedi. Nə qədər soruşdumsa müharibə haqqında dəqiq bir söz demədi. ”Bu labüddür. Müharibə olmalıdır”, dedi və getdi.

Müharibə başlayanda ilk gözüm önünə Elçin gəldi. Bilirdim ki, Elçin yola verən deyil, daldalanmaz, haradasa gizlənməz. Müharibədə mütləq Elçin bir qəhrəman olacaq. Elçin torpağın azadlığı, Vətənin bütölüyü yolunda canından keçər. Keçdi də. Elçin əbədiyaşar oldu. Elçin zirvə oldu. Elçin vətənin başını ucaldanlardan oldu. Biz gəldi gedərik. Bu dünyaya bizim kimi milyonlar gəlib gedib indiyə kimi. Elə dünyadan köçəndən az sonra da adıları da özü kimi torpağa qarışıb,unudulub, gedib. Amma nə qədər ki, Azərbaycan var, nə qədər ki,  bu vətən var, Elçin də var. Minlərlə ürəkdə, yaşayan, adı vətənlə qoşa çəkilən Elçinlər əbədiyaşardırlar.

Elçin İsmayilovun ibtidai sinif müəllimi Aybəniz Salmanovanın xatirələri:

-Elçinin məktəbə ilk gəldiyi günü gözəl xatirlayıram. Çox fəal, üstün zəkalı uşaq idi. Nəyi isə ona təkrar deməyə, izah etməyə qəti ehtiyac yaranmazdı. Çox gözəl hafizəsi, gözəl qavrayışlı uşaq idi. Açığı bir söz deyim, qəribə görünməsin. Elçin fərqli bir uşaq idi. Elə bil bir neçə dəfə bu dünyaya gəlib, bu dünyanı tanıyan, dünyaya bələd olan bir insan kimi özünü aparardı. Zəki idi. Bacarıqlı idi. Həyatda nə edəcəyini, necə edəcəyini gözəl bilən biri idi. Belə uşaqlar çox az- az olur. Üçüncü sinfdə oxuyanda ona beşinci sinfin normativini versəydin tərəddüd etmədən yerinə yetirərdi. Uşaqda həm də qorxu hissi yox idi. Cəsarətli idi. Özünü böyük kimi apara bilirdi. Hesab edirəm ki, Elçinin əlindən tutub dünyanın o başına getmək olardı, ürəyinə bir şey gəlməzdi ki, sənə nə isə olar. Düşünərdin ki, səni qoruyan, arxanda duran çox cəsur bir insan var.

3- cü sinfdə oxuyanda şagirdlər arasında “sən böyüyəndə nə olacaqsan?”- sorğusu keçirirdik. Uşaların dünyagörüşünü,  pisxoloji vəziyyətini,  düşüncəsini öyrənmək məqsədi ilə. Təsəvvür edirsinizmi Elçin, əsgər, hərbçi olacam demədi. ”Mən zabit olacağam”cavabını vermişdi. O, zaman Elçin öz yaşında bütün məktəbin gözü idi. Mənim qızımla bir sinfdə oxuyurdu. Öz qızıma, bütün uşaqlara Elçini nümunə olaraq göstərərdim. Hamımız onun gələcəkdə fərqlənəcəyinə, tanınmış bir adam olacağına çox inanırdıq. Amma açığını deyim ki, zabit,  kəşfiyyatçı  olacağını o zaman o qədər də düşünmürdüm.  Fikirləşirdim ki, uşaqdır, böyüdükcə fikri formalaşcaq. Bu gün ona xoş gələn bir şeyə sabah münasibəti dəyişə də bilər. Amma Elçin fikrini dəyişmədi. Elçin vətənin taleyini dəyişənlərdən oldu.  Bizə üz ağlığı yaşadanlardan oldu.  Elçin vətəni yaşadarkən ömrünü ona bağışlamağı bacaran nadir insanlardan oldu. Mən fəxr edirəm ki, Ucarımın, vətənimin, Azərbaycanımın Elçin kimi oğlu var.

Sosial şəbəklərdə Elçinin şəhid olma xəbərini eşidəndə çox güclü sarsıntı keçirdim. Ö, gözəl gözlü, məsum baxışlı, nur üzlü körpəmi, sevimli şagirdimi bir də görə bilməyəcəmi düşünmək mənə əzab verir. Biz indi Elçini görməsək də o, mütləq bizi görür, eşidir. Əminəm ki, eşidir. Ona görə də Elçinə səslənirəm. Elçinim, nür üzlüm... Canım oğlum... İndi səninlə bütün Azərbaycan fəxr edir. Bilirsənmi indi sən bir ananın , bir atanın deyil, bütün Azərbaycanın oğlusan.  Bir zamanlar əlinə qələm verib, Ana , Vətən yazdırdığım oğlum, Vətənimə soxulan xain əlləri, uzanan dilləri kəsən, düşmən polkovnikini boğaraq öldürdüyün o qəhrəman əllərindən öpürəm. İndi sən özün bir qəhrəmanlıq məktəbisən. Səndən sonra bu məktəbin nə qədər gözəl ləyaqətli şagirdləri olacaq. Sən insanların qəlbində özünə yuva qurmağı bacardın, əziz şagirdim.

Sinif yoldaşı Nəzrin Rəimova xatirələri:

-Elə insanlar var ki, bəlkə də bütün ömrü boyu sənin yaxınında, ətrafında olurlar. Belə deyək ki, bütün “fəaliyyəti, ömrü” sənin gözünün qarşısında keçir. Amma gözündən aralanan kimi yaddaşından da silinir,  hətta adını belə unudursan. Amma elələri də var ki, illərlə görməsən belə,  əksi gözünə hopur,  yaddaşına,  ürəyinə həkk olur.  Özünü görməsən xatirəsi ilə baş- başa verib dərd ortağı, yol yoldaşı ola bilirsən.  Mən Elçinlə ibtidai sinfdə bir oxumuşam.  Gözəl, məsum, dərrakəli, çox prinsipial bir uşaqlığı var idi Elçinin.  Sinifimizdə hamı onu çox istəyərdi. Haminin doğması, əzizi idi. Özünü həmişə böyük kimi, kişi kimi aparardı. Həmişə nə isə lazım olanda  kömək etməyə çalışardı sinif yoldaşlarına. Elçin yanımızda olanda özümüzü güvəndə hiss edərdik. Allah onu qəhrəman olmaq üçün yaratmışdı. Əvvəl sinfimizin qəhrəmanı , sonra isə bütövlükdə Azərbaycanımızın qəhrəman oğlu oldu, bizim Elçin. Təssüf edirəm ki, Elçindən indi xatirə danışıram.

Biz ailəmizlə Bakıya köçdük. Hər rayona gələndə sinif yoldaşlarımızı görəndə  “bizim zabiti” soruşardım. Müharibə başlayıb xəbərin eşidəndə ilk ağlıma gələn Elçin oldu. Bilirdim ki, bizim zabit arxada duran, yola verən insanlardan deyil. Öndə, savaşın içində ən qaynar nöqtədə olacaq...

Bir gün sosial şəbəkədə nur üzlü, məsum gözlü, O, uşaq cizgilərini özündə saxlayan bir kapitanın qəhrəmanlıqla şəhid olma xəbərini oxudum. Bu həmən parta arxasından tanıdığım, mənim nur üzlü qardaşım Elçin idi.  Oxudum ki, erməni polkovnikinin başını kəsərkən “Sənə Poladdan salam gətirmişəm” deyib. Şəhid generalımızın qanını alıb, cəsur döyüşçümüz.

Elçin, qardaş səninlə fəxr edəcəyimizi hələ uşaqkən bilirdik. İndi sən bir nursan. Layiq olduğun zirvədəsən. Qoy mələklər bizdən sənə salam aparsın. Sən unudulmaz bir qəhrəmansan. Bizə şərəfli bir ömür, bütöv Azərbaycanı qoyub getdiyiniz üçün ruhunuz qarşısında baş əyirk.

Elçin İmayilovun uşalıq dostu Kamran Ələkərovun xairələri:.

-Elçini uşaqlıqdan tanıyıram. Atası dayımgillə qonşu idi. Mən hər dayımgilə qonaq gələndə uşaqlığımız bir yerdə keçərdi. Sonra biz kənd uşaqları ali məktəbə hazırlaşanda  Ucara müəllim yanına gələrdik.  Kimya fənnindən repititorumuz eyni müəllim idi.  Orada Elçinlə görüşərdik.  Çox fəal, bilikli, fərqli bir adam idi.  Çox istiqanlı, dostcanlı idi.  Hamı Elçini sevər, onunla dostluq etmək istəyərdi.  Ucar şəhər 1 nömrəli məktəbin gözü idi. Rayonda keçirilən fənn olimpiadalarında, idman yarışlarında əgər Elçin iştirak edirdisə bilirdik ki, birinci yer uğrunda mübarizə aparmaq əbəsdir.  Elçin, onun təmsil olunduğu məktəb birinci olacaq.  Elə də olurdu. Elçin əsl şəxsiyyət idi.  Haralısan sualını ona vermək olmazdı. Hətta kimin oğlusan sualın verəndə də qəribə cavabı var idi:  ”Mən bu vətənin oğluyam” deyərdi. Hamı vətənin oğlu ola bilmir. Atasının , anasının övladı ola bilməyənlər də çox olur. Elçin öz yolunu yeniyetmə yaşlarından seçmişdi.

Vətən müharibəsi başlayanda yaxın qoxumlarım, əmim oğlu ilə birlik də uşaqlıq dostum Elçinin də döyüşdüyünü bilir hər gün onlarla maraqlanırdım. İlk olaraq Elçinin şəhid olma xəbərini eşitdim.Allah məqamlarını uca etsin, əmim oğlu Vüqar da şəhid oldu.İndi onlardan bizə əmanət bu vətən,bir də xoş xatirələri qalıb.

Anası Dilşad İsmayılova söhbətimizə əlavə edir:

-Elçin çox zəhmətkeş uşaq idi. Orta məktəbdə oxuyanda tək bir arzusu var idi. Ali Hərbi Məktəbə daxil olmaq. Allaha dua edərdi, çalışardı. Gecələr yatmaz , gecəsini gündüzünə qatıb oxuyardı. Uşaqlıqdan dinə bağlı, imanlı uşaq idi. Hər azan çəkiləndə görədim ki, ayaqyalın məsçidə qaçır. Bir gün soruşdum ki, Elçin niyə məsçidə gedəndə ayaqyalın gedirsən, ayaqqabı geymirsən. “Ana niyyət etmişəm. Hərbi Məktəbə girənə kimi məsçidə ayaqyalın gedəcəm, namazımı ayaqyalın qılacam. Qoy Allah məni görüb niyyətimi qəbul etsin”,dedi. Elçin Vətənini canından çox sevdiyi üçün zabit olmaq istəyirdi. Vətəni xilas edənlərdən olmaq üçün hərbi məktəbi seçmişdi. Çox şükürlər olsun ki, arzusuna çatdı. Bu dünyadan nakam köçmədi.

Şəhid kapitan Elçin İsmayilovun ömür gün yoldaşı Sevinc İsmayılova:

-Mən Pedoqoji kollecdə, Elçinsə gənc zabitlərin TTM-də kursda olarkən tanış olmuşuq. Elçini tanıdığıma, onun həyat yoldaşı olduğuma görə hər gün Allaha şükürlər edirəm. Düzdür, bu dünyada kifayət qədər birgə yaşaya bilmədik. Amma Allah o dünyamızı bir edəcəyinə şübhəm yoxdur. Elçin elə  insan idi ki, onunla bir gün bir yerdə olmaq bütöv  ömrü xoşbəxt yaşamaq demək idi. Cəsur idi, qayğıkeş idi. Kişi idi, kişi... Sözü bütöv idi. Elçin bu dünyanın adamı deyildi. O, hər şeydən yüksəkdə durmağı bacaran biri idi. Elçindən ancaq öyrənmək olardı. Onu ilk dəfə görəndə elə zənn etdim ki, ömrü boyu ona tərəf yol gəlirəmmiş... İlk tanışlıqdan ona inandım, etibar etdim... Zaman da göstərdi ki, düz seçim etmişəm. 2012-cü il oktyabrın 7-də  Ucarda toyumuz oldu. Hərbçi olmayan, zabit ailəsi olmağın, şərəfli bir zabitin ömür-gün yoldaşı olmağın nə olduğunu bilə bilməz. Ötgəmli, bütöv bir kişinin xanımı olmaq xoşbəxtliyini yaşatdı mənə və övladlarımıza. Kəşfiyyatçı idi. Elə olurdu gedib aylarla evə gəlmirdi. Bilirdim ki, Vətən üçün, millət üçün ev eşiyindən uzaq düşüb. Onda necə səbirlə gözləmişəmsə indi də Mələyimlə cənnətdə birləşəcəyim günü gözləyirəm. Çalışıram ki, ballarımızı Elçinin adına laiq böyüdəm. Elçin kimi böyüdəcəm onları. Vətən üçün böyüdəcəm... Qoy Elçinim görsün ki, təkcə vətəni sevməkdə deyil, elə məni də sevməsində də düzgün seçim edib. Elçin evdə olanda evimizin daşı da, divarı da gülürdü. Evdə hər şey dil açıb danışardı. Məndən soruşsanız ki, dünyanın ən böyük bayramı, ən gözəl günü hansıdır ? Çox qısa cavab verərərdim ki, məhz Elçinli günlərimiz.

Elçin ilə ikimiz birlikdə oruc tutardıq. Bilirsiniz ilk niyyəti nə olurdu?,  Torpaqlarımızın işğaldan azad olunması... Şuşanı azad görmək! Kəşfiyyata gedəndə, gedib o yerlərdən dönəndə, düşmənin zəif nöqtələrin biləndə vuruşmaq, döyüşmək istəyirdi. Torpaqlarimizı azad görmək istəyirdi Şəhidim. Çox inamlıydı qələbəmizə. Müharibədən qabaq 3 ay kəşfiyyatda olmuşdu. Düşmənin harada nəyi var, hansı gücə malik olduqların gözəl bilirdi. Deyirdi ki, Sevinc biz qalib gələcəyik. Biz bu utancdan xilas olacağıq. Şuşa azad olanda sizi Şuşaya aparacam. O yerləri rahat gəzəndə, oraları görəndə qürurla deyəcəksiniz ki, mənim qəhrəmanım alıb bu torpaqları. Mənimlə fəxr edəcəksiniz.

Elçində əsl hərbçi düşüncəsi, xasiyyəti var idi. Sonuncu dəfə kəşfiyyatdan gələndən sonra 10 gün evdə oldu. Bizimlə birlikdə vaxt keçirdi. Gəzdik, əyləndik, bir-birimizi gördük. Uşaqların nəfəsini, ətrini sinəsinə çəkdi doyunca. Mənə dedi ki, Sevinc, hər şeyə hazır ol. Müharibədir, bunun gedişi var dönüşü yoxdur. Əgər mənə bir şey olarsa uşaqlarımızı mərd böyüt. Kişi kimi böyüsünlər. Onlara de ki, atanız bu həyatda sizi utunandıracaq heç bir pis iş görməyib. Canını, Vətəninə, bayrağına qurban verib ki, Siz xoşbəxt yaşayasınız. Utanmadan, qürurla yaşaya biləsiniz.

Elçin İsamyilovun döyüş yoldaşı (XTQ-nin kəşfiyyatçı zabitlərinin adları gizli saxlanıldığı üçün adlarını yazmırıq)

-2014 cü ildə XTQ-nin kursunu bitirib N saylı Xüsusi Əməliyyat Briqadasına gəldim və Elçin İsmayilovla eyni bölmədə xidmətə başlamışam. Onda Elçin baş leytenant idi. Başqa bir qrupun komandiri idi. Baxmayaraq ki, birqadamızda ondan xidmətçə çox böyük yol keçmiş və təcürbəli zabitlər var idi, amma

Elçin taborun ən yaxşı zabiti sayılırdı. Elçin öz üzərində çalışmağı, oxumağı, hərbi biliklərə yiyələnməyi və qeyri adi bacarığı ilə seçilən əsl zabitlərdən idi. Taborun bütün əməliyyatlarında, döyüş tapşırıqlarının yerinə yetirilməsində fəal iştirak edirdi. Qısa müddətdə çox uğurlu nəticələrə nail ola bilmişdi . 2015- ci ildə tabordan seçmə zabitləri seçib Görana kursa göndərdilər. Mən də Elçinlə birlikdə kursa göndərilənlər arasında idim. 3 aylıq xüsusi təlimlərdə Elçinlə birgə iştirak etdim. Elçin bu təlimlərdə də yenə ən yksək naliyyət əldə edənlərin içində yer alırdı. Bu kurs olduqca çətin olsa da bir zabit, hərbiçi, özəl qüvvətlərin qulluqçusu kimi çox önəmli idi. Bizm formalaşmağımızda “Goran” kursunun çox böyük təsiri oldu. Kursu bitirib bölməyə qayıtdıqdan sonra bizdən xüsusi bir qrup yaratdılar və Elçin İsmayilov bizim komandirimiz oldu. O, gündən də bizim birgə xidmət tariximiz başladı.

Mən qəti inana bilmərəm ki, o böyüklükdə hərbi hissədə kim isə desin ki, Elçin onun xatirinə dəyən bir söz işlədib, onu incidib. O, bir mələk idi. Sanki, əsl insan necə olur sualına cavab vermək, onu öz həyatı ilə göstərmək üçün bu dünyaya gəlmişdi. Hər kəsi çox gözəl dinləyər, adamın səhvi olanda onu elə ustalıqla deyərdi ki, qarşıdaki adam səhv etdiyini deyil, düşünərdi ki, pirani, dünya görmüş bir qocanın,müdrik bir insanın nəsihətini dinləyir.

Elçin daima bir zabit kimi öz üzərində çalışırdı, ədəbiyyatlar oxuyurdu. Atış kurslarında iştirak edir, orada öyrəndiklərini bizə öyrədər, bizi tam döyüşə hazırlayardı. Hərdən onun bu qədər çalışdığın görüb “komandir istirahət et, özünə bax. Bir az dincəl “ deyəndə - “Birdən müharibə başladı. Düşmənə deyim ki, mən istirahətdən gəlmişəm sənin üstünə. Otur bizi gözlə deyərik?” cavabını verirdi .Ona görə də durmadan çalışırdı. Uzun müddət mənim qrup komandirim olub. 2016-cı ilin aprel döyüşlərində bir yerdə xüsusi tapşırıqlar icra etmişik onunla. Düşmənin arxasına keçib  mühüm döyüş əməliyyatları keçirirdik birlikdə.

Elçin kapitan rütbəsinə də yüksəldi. Bir müddət qrup komandiri vəzifəsində işlədikdən sonra Xüsusi Əməliyyat Taborunun əməliyyat zabiti  vəzifəsinə təyin edildi.

2020 ci ilin sentyabrında Vətən müharibəsi başlananda Elçin İsmayilov bizimlə birlikdə fəaliyyət göstərirdi. Bizə çox inanırdı. Hər birimizi yaxşı tanıyırdı. Uzun müddət idi birlikdə xidmət edirdik. Döyüşdə inam məsələsi çox şeyi həll edir. Elçin də bizə çox inanırdı. İlk döyüş əməliyyatı Kəlbəcərdə, Murovdağ silsiləsində başladı. Taborun ən hazırlıqlı qrupu bizim qrup olduğu üçün bizə xüsusi tapşırıq verilmişdi. Əməliyyata, döyüşə kapitan Elçin İsmayilov özü birbaşa rəhbərlik edirdi. Bir məsələni qeyd edim ki, Elçin bu döyüşdə yaxından iştirak etməyə də bilərdi. Döyüşün taleyi ondan asılı olduğu üçün onun sağ qalması şərt idi. Amma qrupu döyüşə özü hazırladığı, döyüşçüləri özü yetişdirdiyi üçün qrupla birlikdə olmaq üçün kapitan İsmayilov öndə gedirdi. Biz düşmən bölüyünün dayaq məntəqəsini dağıdıb ələ keçirməli, düşmənə ön cəbhədən gələn köməyin qarşısını almalıydıq . Yolumuz çox uzun, çətin, hava da söyuq, eyni zamanda sıldırım qayalıq idi. Yükümüz də çox ağır idi...

Baş leytenant.(XTQ-nin xüsusi kəşfiyyatçısı olduğu üçün adı gizlin saxlanılır)

Mən kapitan Elin İmayilovu 2017-ci ildən tanıyıram. XTQ-nin kursunu bitirib  əməliyyat briqadasına gələndə ilk təlimatı ondan almışam. Öncə qeyd etmək istərdim ki, bir zabit, kəşiyyatçı, hərbçi və ən nəhayyət bir insan kimi özümdə olan bütün yaxşı xüsuiyyətlərə görə kapitan Elçin İsmayilova borcluyam. Bu adam bir əfsanə idi. İnsanı Allah hərb üçün, yaxşılıq üçün yaratmışdı. Kapitan İsmayilov hərtərəfli bir insan idi. Nə qədər yorğun olsaydın, gərginlik olsaydı, orada Elçin İsmayilov var idisə heç bir gərginlik olmazdı. Hamının üzündə bir təbəssüm yaranardı. Elçinin 2016-cı ilin aprel  döyüşlərində göstərdiyi qəhrəmanlıqlar barədə çox eşitmişdim. Birgə təlimlərdə də çox olmuşduq. Amma təlimlə gerçək müharibənin fərqini yalnız onu görənlər bilər. Bizim Elçinlə döyüş yolumuz Murovdağ silsiləsindən başladı. “Köroğlu” postu bizdə , ”Ömər” yüksəkliyi isə ermənilərdə idi. Biz zirvəyə qalxıb “Canavar 1” və “ Canavar 2” zirvələrini götürməliydik. Haradasa 3000 metr yüksəkliyin üstündə idi. Zirvəyə iplə qalxırdıq. Kapitan İsmayılov bizdən yaşca böyük olmasına baxmayaraq hamıdan öndə dırmanırdı. O, ora getməyə də bilərdi. Əməliyyatı idarə edən məsul səxs idi. Onun başına bir iş gəlsəydi əməliyyat pozula bilərdi. Qrup başsız qalardı. Amma kapitan İsmayilov öndə idi. İnanın hara baxırdın onu görürdün. Gah irəlidə, sağda, gah solda... Kəşiyyatçı olduğu üçün əraziləri gözəl bilirdi. Elə bil hər şeyi əli ilə qoyub, hər yeri gözəl tanıyırdı. Çox hazırlıqlı adam idi. Biz, az qüvvə ilə hücum edib zirvəni götürdük, düşmənin 60- dan çox canlı qüvvəsini yerindəcə məhv etdik. Eyni zamanda köməyə gələn erməni hərbçiləri ilə dolu olan iki hərbi yük maşınını da anındaca məhv etdik. Həmin döyüşdə az qala biz mühasirəyə düşəcəkdik. Ermənilər həm sayca çox idilər, həm də yüksəlik onlarda idi. Bu döyüşdə kapitan İsmayılovun xüsusi bacarığı, yüksək komandirlik bacarığı, ciddi səyi və istisnasız qəhrəmanlığı sayəsində mühasirəni yarıb erməniləri məhv edə bildik.

XTQ-nin kəşfiyyatçısı, kapitan

Elçin elə bir yoldaş idi ki, nəinki döyüşmək, onunla birgə ölmək də bizə xoş idi. Elçin din, mənəviyyat adamı idi. Ən çətin anlarda namaz qılar, bizə dini mövzularda söhbət edərdi. Axirətdən, cənnətdən danışardı. İnanın bizi elə inandırardı ki, insan yalnız Şəhid olmaq, Allahına qovuşmaq haqqında düşünərdi. Apardığımız müharibənin haqq olduğuna inanardıq. Elçin ilahi bir qüvvə, gözümüzdə döyüş yoldaşı deyil, bir mələk kimi görünürdü. Düşünürdük ki, yanımızda Elçin varsa bizə heç nə olmaz. Həmən döyüş çox ağır döyüş oldu. Hətta mühasirəyə düşdük. Elçinin fövqaladə bacarığı sayəsində mühasirəni yarıb çıxdıq. Əks həmlə ilə düşməni məğlub etdik. Elçin boş vahtlarında Allahdan, peyğəmbərdən danışar, Şəhidliyin Allah yanında ən uca məqam olduğunu deyərdi. Elə bil bizi mənəvi cəhətdən Şəhidliyə hazırlayırdı.

Biz Murovdağ silsiləsində çox böyük stratei əhimiyyətli zirvəni götürüb, 3-4 gün orada qalıb mövqelərimizi möhkəmləndirə bildik. Sonra bizə tapşırıq gəldi ki, Cəbrayıla gedin. Cəbrayılın azad olunmasında da qəhrəmanımız Elçinin İsmayilovun müstəsna xidmətləri oldu. Məlum olduğu kimi oktyabrın 4-də Cəbrayılda Azərbaycan bayrağını ilk dəfə kapitan Elçin İsmayilov qaldırdı.

XTQ-nin kəşfiyatçısı, baş leytenant

-Cəbrayıla tabor halında hərəkət edirdik. Axşamüstü Cəbrayıla çatdıq. Kəlbəcərdə tabor komandirimiz yaralandığı üçün döyüşə tam olaraq kapitan İsmayılov rəhbərlik edirdi. Cəbrayılda ”Vişka”, “Teleqüllə “ deyilən ərazi var. Bu yüksəklikdən hər tərəfə nəzarət etmək olurdu. Biz həmən yüksəkliyi götürüb, o əraziyə bütövlükdə nəzarət edirdik. Düşmən texnikasında ciddi bir hərəkətlilik müşahidə olunduğunu buradan aşkar görmək mümkün idi. Bizə kəşfiyyat məlumatı gəldi ki, düşmən boyük bir qüvvə ilə kənd Horadiz tərəfdə “Yastıtəpə” deyilən əraziyə cəmləşir. Hətta məlumatda deyilirdi ki, bu neçə gündə düşməndən azad olunmuş torpaqları da düşmən geri alaraq milli ordunun piyada qüvvələrini mühasirəyə salıb. Əgər, məlumat təsdiq olunmuş olsaydı ordumuzun böyük bir kontingenti mühasirə şərairitində mübarizə aparmalı olacaqdı. Bu da ki, təbii ki, təchizat baxımdan müəyyən çətinliklər və böyük itki demək idi. Ona görə də tapşırığın nə dərəcədə vacib və həmin bölgənin olduqca hərbi əhəmiyyətini nəzərə alaraq dayanmadan kənd Horadiz istiqamətində hərəkətə başladıq. Düşmən “Yastıtəpə”nin arxasına xeyli sayda canlı qüvvə, çox güclü döyüş texnikasını cəmləşdirə bilmişdi. Şükürlər olsun ki, düşməndən azad olunan torpaqlara Ordumuz nəzarət edirdi. Ordumuzun mühasiryə düşməsi haqqında məlumat da doğru deyildi. Lakin düşmənin buradan revanş götürmək məqsədi ilə öz qüvvələrini cəmləşdirdiyi inkar olunmaz fakt idi. Onu da qeyd edim ki, düşmənin  həm də döyüşü idarəetmə, dayaq məntəqəsi də burada yerləşirdi. Bizə dəstək üçün cəmi 3 tank verilmişdi. Tanklar bizə texniki dəstək verəcəkdilər. Əgər biz vaxhtında özümüzü çatırmasaydıq, düşmənin çox böyük qüvvə ilə qarşıalınmaz bir hücumu gözlənilirdi. Biz həmən əraziyə çatan kimi kapitan İsmayilov ərazini nəzərdən keçirib, şəraitə uyğun olaraq bizi qruplara bölərək taktiki tapşırıqlar veridi.

XTQ-nin kəşfiyyatçısı, kapitan

-Biz kənd Höradizin ərazisinə belə deyək ki, yaxşı bələd idik. Kəşfiyyatçı qrup olaraq bu yerləri yaxşı tanıyırdıq. Həm də cəmi bir neçə gün öncə bu əraziləri düşməndən təmizləyib, Ordu qüvvələrinə təhfil verib Cəbrayıla kurs götürmüşdük. Hətta biz kənd Höradizdə döyüşərkən qəhrəman komandirimiz, cəsur döyüşçü, şir ürəkili Elçin İsmayılov əlbəyaxa döyüş zamanı düşmənin Komanda İdarəetmə Məntəqəsinə girərək, düşmən polkovnikinin sinəsinə çöküb, ”Sənə general Polad Həşimovdan salam gətirmişəm” deyərək onun başını bədənindən ayırmışdı. Biz yenidən həmən əraziyə qayıtmışdıq. Təbii ki, düşmən kəşfiyyatı da işləyirdi. Onlarda da bizim, Elçinin qrupunun orada olması haqqında məlumat var idi. Elçinin qrupunun orada olması düşməndə bir panika təşviş yaratması inkar olunmaz fakt idi.

XTQ-nin kəşfiyyatçısı, baş leytenant

- Elçin vəziyyəti öyrənib dərhal tanklara döyüş tapşırığı verdi. Tankın önünüə keçərək birbaşa hərəkət istiqamətlərini  və necə edəcəklərini özü müəyyənləşdirdi. Bilirsiniz, müharibədir. Hamı şəraiti olduğu kimi bəzən qiymətləndirə bilmir. Can şirin şeydir. Hami şəhid olmaq, arzusunda da olmur.  Hamı Elçin kimi yetişmir və ya yetişdirilmir. Düşmən qüvvəsinin çoxluğunu görən tankçılarda bir tərəddüd var idi.  Amma bir tank komandiri ekipajı ilə birlikdə Elçin İsmayilovun qətiyyətini, ondakı inamı və cəsarəti görüb, həm də özlərindəki vətənpərvərlik və öz güvənlərini də bura əlavə etsək daha doğru olar, bizimlə sona kimi döyüşəcəklərini bildirib, döyüşə qatıldı. İnandırım ki, bu səhnəni görməyə göz lazım idi. Tankçılar tankla bir manevr edirdilər ki, heç “mersedes”lə elə manevr etmək bəlkə də mümkün olmaz. Təpənin üstündə görünən ilk 3 düşmən tankı dərhal yerindəcə məhv edildi. Düşmən artıq təlaş içində idi. Elçin çox gözəl işləyirdi... Elçin döyüşün ustası idi. Verdiyi koordinatlarla “Spayk” larımız düşmnə göz açdırmırdı. Elçin bu arada tankın qarşısına keçdi ki, tankın gözlüyündən ekipaja növbəti hədəfi vurmaq üçün komanda versin, tanka yol göstərsin. Elə bu anda qəfildən Elçinin yıxıldığını gördüm. Elə zənn etdim ki, tankın atəş zərbəsinin küləyi Elçini yıxdı. Amma bilirdim ki, Elçini zərbə yıxa bilməz. Elçinin zərbə mövqeyinə çıxması, çoxdan fürsət gözləyən düşmənə imkan vermişdi ki, cəsur komandirimizi vursun. Düşmən “KORD” Snayperi ilə (çapı 12.mm) Elçini düz sinəsindən vurmuşdu. Elçin gülümsəyirdi. Şəhid olduğunu ilk anda hiss etmədim. Hər ikimizin üstündə ağır yükümüz var idi. Elçini tez təhlükəsiz mövqeyə çəkdim. Onun tərpənmədiyini görəndə anladım ki, Elçin bizi tərk edərək, arzusunda olduğu zirvəyə gedib. Sanki dəli olmuşdum. Silahımı götürüb irəliyə cumdum. Gözüm heç nə görmürdü. Heç nə eşitmirdim. Bir düşünürdüm ki, Elçinin qisasın almalıyam. Həmən gün “Yastıtəpə”ni azad etdik. Düşmən tankını, topunu, döyüş texnikasını atıb qaçmışdı. Hətta Elçinin vurulduğu, ”KORD” da yerində qalmışdı. Ermənilər əl pulemyotunun üstünə kustar üsulla vinokl yerləşdirib ondan snayper kimi istifadə edirdilər. Güclü silah idi. Bir dəfədə hədəfə iki güllə atmaq olurdu onunla.

XTQ-nin kəşfiyyatçısı, kapitan

- Mən birinci dəfə idi ki, gülə-gülə insanın şəhid olduğun gözlərimlə görürdüm. Yəqin son anda mələklər Elçinə cənnətin müjdəsin veriblər. Təbəssüm dolu,o nurlu üzü yadaımda qalıb komutanımın. Üzündən nur tökülürdü. Gülürdü. Üzündəki o, məmnunluq ifadəsin heç unutmayacağam. Çox böyük bir komandir itirdik. Gözəl bir insan, əvəzsiz bir dost itirdik. Elçin inanclı, əsl müsəlman idi. Sözsüz ki, o, bizi cənnətdən görür. Elçin ölümündən sonra Vətən Müharibəsi Qəhramanı adına layiq görüldü. O, gerçək bir qəhrəman idi. İnşallah göstərdiyi qəhrəmanlığa görə haqq etdiyi, laiq olduğu adı və yerini alacaq, bizim igid komandir. Həmişə haqq, ədalət deyən və özü də ədalətli olan qardaşımız buna laiqdir.

Anası Dilşad xanımın dedikləri:

-Analar heç vaxt müharibə, qan, qırğın ölüm arzulamaz. Amma mövzü vətəndirsə, namusdursa seyirçi qalmaq olmaz. Gözləmək, kənardan  tamaşaçı kimi baxmaq elə düşmənlə bir olmaq deməkdir. Bilirəm ki, ordumuz düşmənin belini qırıb, layiq olduğu yerində otuzdurub. Bundan sonra düşmən ya biz deyəni edəcək, ya da başqa niyyətə düşərsə, tamamilə məhv olub gedəcək. Əgər bir də müharibə olarsa mən Şəhid anasıyam deyib kənar çəkilmərəm. Evimizdə qəti rahat oturmarıq. Mübariz də, mən də Elçinin əsgər paltarını geyib, oğlumuzun azad etdiyi o torpaqlara gedər, Elçinimizin qanını tökdüyü torpağı canımızla qoruyarıq. Qoy düşmən belə eşitsin, belə bilsin.

Elçinin ömür gün yoldaşı Sevinc İsmayilova:

- Oktyabrın 7-si idi günortadan xeyli keçmişdi. Saat 4 olardı. Toyumuzun 8 ili tamam olan gün idi. Hazırlıq görmüşdüm. Tort hazırlamışdım. Elə bil birdən Elçinin iyi, ətri burnuma gəldi. Dedim bir zəng vurum soruşum halını, əhvalını bilim. Zəng etdim, zəngimə kim isə yad bir adam cavab verdi. Tez telefonu söndürdüm. Ani olaraq ürəyimdə qəribə hisslər baş qaldırdı. Bunun nə demək olduğunu anlamağa çalışırdım. Elçin kəşfiyyatçıdır, dünyasında telefonunu kiməsə verməyəcəyin bilirdim. Əsir düşə biləcəyini də ağlıma gətirmədim. Elçini dörd bölüb öldürərdilər, amma nə qədər nəfəsi üstündəydirsə onu əsir almaq mümkün olmazdı. Özünü öldürərdi amma erməniyə tabe olmayacağın bilirdim. Elə bildim səhv düşmüşəm. Təzədən nömrəni yığdım. Bu dəfə nömrəsinə zəng çatmadı. Təkrar- təkrar yığmağa başladım. Zəng çatmırdı. Anladım ki, Elçinimə bir şey olub. Elə toyumuzun ildönümü günü , xöşbəxtliyimizin, birliyimizin 8-ci ilinin tamam olduğu gün Elçin Allahına sığınıbmış. Onun dərgahına yol alıbmış. Elə bu an bacım zəng etdi, Elçinin yaralandığını dedi. Başa düşdüm ki, Elçinimi bir də cənnətdə görə biləcəyəm...

Müharibədə olanda tez- tez görüntülü danışardıq. O, qədər gözəlləşmişdi... Nur tökülürdü Elçinimin üzündən. İşıq saçırdı. Sən demə Allah özünə götürməmişdən öncə üzünə öz nurundan pay verirmiş... Paltarlarını, papağını iyləyirəm... son dəfə əli dəydiyi, cibində olan pulu, döyüş bıçağını öpürəm, əzizləyirəm. Daha onlar da elə bil donublar? Elçinimin, qəhrəmanımın iyini vermirlər.

Elçin pula, şöhrətə, ad-sana görə hərbçi olmamışdı. Elçin bu vətəni sevdiyi üçün hərbçi olmuşdu. Elçin sevgisi yolunda, müqqəddəs Vətən uğrunda Şəhid oldu. Tarix yaradan igidim tarixə qovuşdu.

Atası Mübariz İsmayilov söhbətinə davam edir:

-2020-ci il otyabrın 7-si axşam üstü gördüm ki, qohumlar, rayon camaatı bizə gəlirlər. Soruşdum ki, nə məsələdir, nə olub? Dedilər ki, Elçin yaralanıb. Dedim ki, mən uşaq deyiləm, mənim başımı tovlayasınız. Mən 3 oğlunu ölümə, müharibəyə yola salan atayam. Müharibədə ölüm də olur, itki də, qanda... Yaralını dövlət evə niyə gətirsin ki? Hospitalı, müalicə edəcək yeri yoxdur ki, evə gətirir? Mənə düzünü deyin bilim nə olduğunu . Dedilər Elçin şəhid olub. Dedim indi gecədir, evdə arvad, uşaq var. Bilməsinlər. Səhərə kimi özlərin öldürərlər. Aparın qoyun məsçidə. Səhər Şəhidimizi qaydası ilə dəfn edərik. Gəldim evə, evdəkilərə bir söz demədim... Səhər gördüm ki, bütün rayon bizim küçədə, məsçidin yanına toplaşıb,

Şəhidin böyük oğlu Ömər danışdıqca içimdə bir qürur hissi oyandı:

-Mən atamla fəxr edirəm. Atam bizim xoşbəxt gələcəyimiz üçün öz canından keçib. Biz Yaşmada, kiçik hərbçi mənzilində yaşayırdıq. Atam hərbi formada evimizə gələr, evdə olanda bizi ürəyinin üstə bəsləyərdi. Yatanda da heç əynindən formasını çıxarmazdı. Birdən çağıran olanda , tez gedə bilsin deyə belə edirdi. İndi atam yoxdur.  Kaş atam sağ olaydı. Kaş  nə evimiz, ne televizorumuz olaydı. Hətta ayaqqbım olmayaydı, qarda ayaqyalın qar üstə gəzərdim, atamın nəfəsi məni isidərdi. Təki atam sağ olaydı. Atamın tər qoxuyan o paltarıyla yenə evimizdə yatdığını görə biləydim. Tozlu torpaqlı çəkmələrini təmizləyəydim. Boynuna sarılıb doyunca öpüb, ona sənin kimi atam olduğu üçün çox xoşbəxtəm, ata deyə biləydim. Atalı olmaq istəyirəm. Başımda atamın sığal çəkən əlini istəyirəm. İstəmirəm ki, kimsə mənə baxıb yazığı gəlsin. Mən bir qəhrəmanın oğluyam. Rədd olsun müharibə. Atam həmişə bizə deyirdi ki, bu problemi sizlərə saxlasaq, gələcək nəsillər bizi qınayar. Mənim atam şərəfli bir ömür yaşadı. Kişi ömrü, zabit ömrü, kəşfiyatçı ömrü yaşadı. Deyirlər atan göylərdən bizi görür,eşidir. Mən də hamı kimi atamı yerdə, yanımda görmək istəyirəm.

Yenə göz yaşı, yenə hıçqırıq. Deyə bilmirəm ki, Ömər, nəinki, biz sənin atanı geri qaytarmaq gücündəyik, heç atanın haqqını bərpa etmək iqtidarında deyilik.

Vətən onun yetişdirdiyi, igid oğulları, qəhrəman övladları ilə Vətən olur. Elçinlər tokdükəri qanları ilə torpağımızı Vətən, Bayrağımızı uca, üzümüzü ağ, başımızı dik etdilər. Canlarını bu Vətənə ona görə fəda etdilər ki, Vətənə əmanət qoyub getdiləri Ömərlər, Mübarizlər qayğısız yaşayıb, xoşbəxt böyüyə bilsinlər. Körpələrimiz müharibə sözünü nənələrinin danışdığı nağıllardan, atalarının qəhrəmanlıqlarına həsr olunan kitablardan oxusunlar. Göyləri ölüm saçan raketlər deyil, sülh göyərçinlərinin qayğısız, azad uçuşları bəzəsin. Bir də ki, bizlər vətəndaş olaraq onların canlarını fəda etdikləri bu müqəddəs vətəndə yaşamaq haqqına laiq olan əməl sahibləri ola bilək.

Elşən QƏNİ