Qvami Məhəbbətoğlu |
Prezident İlham Əliyev Cənubi Qafqazda sülhün, əmin-amanlığın, əməkdaşlığın bərpa edilməsini rəhbərliyə gəldiyi ilk gündən bəyan etsə də, erməni vəhşilərinin təcavüzkarlığı, çirkin niyyətləri, təxribatçı hərəkətləri buna imkan verməmişdir. Amma ötən il sentyabrın 27-də ordumuz işğalçı Ermənistanın növbəti hərbi təcavüzünün qarşısını almaq məqsədilə beynəlxalq hüquq çərçivəsində əks-hücum və cavab tədbirlərini gerçəkləşdirməklə öz istəyinə nail oldu. Belə ki, 44 gün davam edən İkinci Qarabağ müharibəsi Azərbaycanın Zəfəri ilə başa çatdı, bölgədə sülh bərqərar oldu, həmçinin ərazi bütövlüyü kimi taleyüklü bir problemimiz də öz həllini tapdı.
Artıq həmin ərazilərdə genişmiqyaslı abadlıq, yenidənqurma işləri aparılır. Ölkə başçısının həmin ərazilərə mütəmadi səfərləri də həyata keçirilən tədbirlərə əlavə stimul verir. Aprelin 26-da Prezident İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın qızları Leyla Əliyeva ilə Cəbrayıl və Zəngilan rayonlarında olması bunu bir daha sübut edir. Məhz bu səfər çərçivəsində Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edən birinci “ağıllı kənd” layihəsinin, Zəngilan beynəlxalq hava limanının, Zəngilan-Horadiz avtomobil yolunun, eləcə də Zəngilan məscidinin təməlləri qoyuldu.
Amma bölgədə bərqərar olmuş yeni reallıq, əmin-amanlıq, işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı quruculuq işləri heç də faşist xislətli erməni barbarlarının ürəyincə deyil. Odur ki, hazırda böhran məngənəsində çabalayan, qarşıdurmalar meydanına çevrilən işğalçı ölkənin bir çox siyasətçiləri, vəzifə sahibləri yenə də müharibə həsrəti ilə alovlanır, silahlanmağa çağırışlar edir, illərlə işğal altında saxladıqları torpaqları yenidən geri qaytarmaq arzusundadırlar. Yeri gəlmişkən qeyd edək ki, erməni siyasətçiləri bu məsələdə xalqı öz ətraflarına səfərbər etmək məqsədilə Zəngəzur dəhlizindən yararlanmaq fikrindədirlər. Məsələn, Ermənistanın sabiq müdafiə naziri, general-polkovnik Seyran Ohanyan açıqlamalarının birində bildirib ki, Zəngəzuru, Mehrini, Sisianı əhatə edən yolların blokadadan çıxarılması gələcəkdə Ermənistanın və Qarabağın dərin blokadasına gətirib çıxaracaqdır. “Daşnaktsütyun” partiyasının nümayəndəsi Qrant Markaryan isə biz mübarizəyə davam etməli və qalib gəlməliyik fikrini səsləndirib. Amerika Birləşmiş Ştatlarının prezidenti Co Baydenin qondarma “erməni soyqırımı” ifadəsini işlətməsini xatırlatsaq, bir daha bu qənaətə gəlmək mümkündür ki, həmin revanşistlərin arxasında xarici havadarlar da kifayət qədərdir.
Ancaq həmişə beynəlxalq hüquq normalarından çıxış edən Prezident, Ali Baş Komandan İlham Əliyev belələrinə qarşı sərt mövqedədir. Dövlətimizin başçısı Cəbrayıl və Zəngilan rayonlarında olarkən də bu məsələdən bir daha söz açdı. Bildirdi ki, bu gün müzəffər Azərbaycan Silahlı Qüvvələri qarşıda duran bütün vəzifələri icra edir. Yəni onlar hazırda işğaldan azad edilən ərazilərdə Azərbaycan-Ermənistan sərhədini də qoruyurlar.
Ermənistanda baş qaldıran revanşist qüvvələrin yenə də Azərbaycana qarşı ərazi iddiası irəli sürdüyünü bildirən Prezident onlara sərt şəkildə belə xəbərdarlıq etdi: “Biz Vətən müharibəsi dövründə kimin kim olduğunu göstərdik. Dəmir yumruq düşmənin başını əzdi. Bu yaxınlarda Azərbaycan-Ermənistan sərhədinin Zəngilan istiqamətində bizim sərhədçilərimizə qarşı edilən hərbi təxribat sonuncu belə cəhd olmalıdır. Biz təmkinlik göstərərək bu təxribata cavab vermədik. Amma bu, sonuncu xəbərdarlıqdır. Əgər bir daha buna oxşar cəhd göstərilərsə, düşmən yerindəcə məhv ediləcək. Biz öz sərhədimizi qoruyuruq və bundan sonra da qoruyacağıq.” Bu isə o deməkdir ki, dünya miqyasında bir sıra ilklərə imza atmış Azərbaycan heç vaxt imkan verməyəcək ki, Cənubi Qafqazda hər hansı bir təhlükə yenidən yaransın, yaxud da ki, azad edilmiş torpaqlara qayıdacaq vətəndaşlarımız hər hansı bir risk hiss etsinlər.
Siyasətçilərin fikrincə, Ermənistan tərəfindən yüksələn revanşizm çağırışlarının onlara heç bir faydası yoxdur. Bu yalnız bölgədə lazımsız gərginlik yaranmasına səbəb olacaq ki, bu da işğalçı ölkəyə heç də yaxşı şeylər vəd etmir. Bu da o anlama gəlir ki, 44 günlük müharibədən ağır məğlubiyyətlə çıxan bir ölkənin revanşistləri sadə xalqa real olmayan ümidlər verməklə onları növbəti faciələrə sürükləmək istəyirlər.