KÖŞƏ

Qvami Məhəbbətoğlu

Revanşistlərin hakimiyyət iddiası

03 may 2021 23:58
8629

Ermənistanda iyunun 20-də keçiriləcək növbədənkənar parlament seçkiləri ərəfəsində revanşist qüvvələr, yəni Qarabağ münaqişəsinin yenidən alovlanmasının tərəfdarı olanlar aktivləşiblər. Hətta keçmiş hərbi xuntanın liderlərindən olan sabiq prezident Robert Koçaryan  hakimiyyət uğrunda mübarizəyə də girişib.  Bəzi erməni siyasətçiləri onu  Nikol Paşinyanın əsas rəqibi kimi qələmə verməyə çalışırlar. Bundan həvəslənən Robert Koçaryan istəyinə nail olmaq məqsədilə öz populist çıxışlarına daha tünd rənglər qatmağa səy göstərir. Məsələn, bu günlərdə o, çıxışlarının birində bir daha bildirib ki, Ermənistanın hazırki problemləri Nikol Paşinyan hakimiyyəti ilə əlaqədardır. Hətta sabiq prezident deyib ki, əgər mövqeyimizi möhkəmləndirsək, bütün əsirləri, Şuşanı və Hadrutu geri qaytara, regionun ən güclü dövlətinə çevrilə bilərik. Bütün bunlarla, daha doğrusu, “Qarabağ kartı”ndan istifadə etməklə o, itirilmiş nüfuzunu artırmaq, formalaşmış mənfi reytinqini seçkilərə qədər qaldırmaq istəyir. Odur ki, siyasətçilər bu qənaətdədirlər ki, onun bu gedişləri yalnız hakimiyyətə yiyələnməyə hesablanıb.

Bəs o, istəyinə nail ola biləcəkmi? Bəri başdan qeyd edək ki, Ermənistanın yerli əhalisi Qarabağdan olan siyasilərə, o cümlədən hakimiyyətdə olduğu müddətdə öz xalqına da qan udduran  korrupsioner Robert Koçaryana nifrət edir. Digər tərəfdən, Koçaryan Qarabağ müharibəsində böyük cinayətlər törətmiş, həm də 2008-ci ilin martında Ermənistanda baş verən hadisələrdə 31 nəfərin öldürülməsinə əmr vermiş şəxs kimi tanınır.  Onun haqqında cinayət işi açılıb və həbsə atılıb. Həbsdən isə yalnız girov qoymaqla çıxıb. Onun yenidən həbsə atılması istisna olunmur. Daha doğrusu, Nikol Paşinyan hərbi xunta təmsilçisinin həbsə atılması üçün hüquqi müstəvidə ona qarşı cinayət təqibini davam etdirir. Erməni mediası da onu ittiham etməkdə davam edir.

Bütün bunları nəzərə alanda Robert Koçaryanın seçkidə qalib gəlməsi inandırıcı görünmür. Bu fikirləri reytinq qazanmaq naminə Nikol Paşinyanın komandasını çaqqallara bənzədən Ermənistanın üçüncü prezidenti Serj Sarkisyana da şamil etmək olar. Amma bu bir həqiqətdir ki, baş verən olaylar növbədənkənar parlament seçkiləri fonunda Ermənistanda keçmiş hərbi xuntanın hakimiyyətə qarşı daha da aktivləşdiyindən xəbər verir.

Siyasətçilərin fikrincə, Nikol Paşinyanın iyunun 20-də keçiriləcək növbədənkənar seçkilərdə qalib gəlməsi şübhə doğurmur. Hətta onlar iddia edirlər ki, bu prosesdə 44 günlük Vətən müharibəsində biabırçı məğlubiyyətinə  baxmayaraq, özündən əvvəlki liderlərin, hazırda siyasi meyitə çevrilən Serj Sarkisyan, Robert Koçaryanın reytinqlərinin olmaması Nikol Paşinyanın şansını daha da artırır. Bu baxımdan onların seçkiyə qatılmaları Nikol Paşinyanın mövqeyini daha da möhkəmləndirməyə xidmət edir.

Digər tərəfdən, müxalifət partiyalarının birləşdiyi  “Vətənin xilası uğrunda hərəkat”ın çoxsaylı etiraz aksiyalarının heç bir nəticə əldə etmədiyini  görən, hakimiyyətdən narazı olanların müxalifətə heç bir inamlarının olmadığını, bu düşərgəyə etimad göstərilmədiyini yaxşı dərk edən Nikol Paşinyan cəmiyyətin hələ də onu  dəstəklədiyini siyasi opponentlərinə nümayiş etdirmək məqsədilə müxtəlif gedişlər edir, yüksək vədlər verir.  Ermənistanda parlamentin hakim “Mənim addımım” fraksiyası da bildirib ki, onlar Nikol Paşinyana alternativ axtarmaq fikrində deyillər. Onlar hakim fraksiyanın baş nazir postuna namizədinin məhz Nikol Paşinyan olacağını da bəyan ediblər. Şübhəsiz, bütün bunlar Nikol Paşinyanın seçkilərdə qalib gəlmək şansını daha da artırır.

Xatırladaq ki, Nikol Paşinyan növbədənkənar seçkilərin keçirilməsi üçün prosedur qaydalarına uyğun olaraq aprelin 25-də istefa verib.