08 may 2021 10:26
1644

Azərbaycanda stabillik indeksini yaradan lider

“Azərbaycan öz müstəqilliyini qazandığı XX əsrin 90-cı illərində ölkəmizdə olan siyasi qeyri sabitliyin, iqtisadiyyat başda olmaqla bir çox əhəmiyyətli sahədə olan çətinliklər dövründə Ulu öndər Heydər Əliyevin hakimiyyətə geri dönməsi, Azərbaycan cəmiyyəti və dövlətə, həm də ictimai-siyasi həyata stabillik indeksi gətirdi.”

Bu fikirləri “İki sahil”ə açıqlamasında Milli Məclisin deputatı Şahin Seyidzadə deyib.

Ş.Seyidzadə qeyd edib ki, Ulu Öndər problemlərin həlli üçün ölkədə vətəndaş həmrəyliyini, sabitliyi son dərəcə vacib saydığı üçün, rəhbərliyi ilə qısa müddətdə aparılmış son dərəcə gərgin fəaliyyət nəticəsində Azərbaycan xalqının taleyi ilə bağlı pərdəarxası oyunlara, siyasi anarxiyalara son qoyulmuş, ölkədə cinayətkarlığın qarşısı tam alınmışdır: “Belə olduğu halda isə vətəndaşlarda dövlətə və ölkə rəhbərliyinə inam, bağlılıq və etibar da kifayət qədər yüksəlmişdir. Dirçəlişin ilk addımı kimi məhz Ulu öndər tərəfindən atılan və bu gün bəhrəsini gördüyümüz həmin sabitlik dahi Heydər Əliyevin bizə miras qoyduğu ən dəyərli irslərdəndir.”

Gənc dövlətin ilk addımlarında illərin təcrübəsi

Deputat vurğulayıb ki, Ümummilli Lider müasir dövlət yaratmaqla bərabər, onun gələcək illərə hesablanmış inkişaf strategiyasını da müəyyən etmiş, öz zəmanəsini qabaqlayaraq, Azərbaycanın qarşısında duran strateji vəzifələri dəqiq göstərmişdi: “Sözsüz ki, gənc bir dövlətin böyüməsi və dünya meydanında öz sözünü deməsi üçün güclü əlaqələrin qurulması vacib şərtdir. Ulu öndər Heydər Əliyev də məhz bu istiqamətdə ciddi addımlar ataraq, beynəlxalq əlaqələrdə güclü dostluq və tərəfdaşlıq bağlarının yaranmasına nail oldu. Dünya arenasında ölkəmizin artıq tanınması, öz sözünü deməsi həm də o dövrün ən böyük problem olan Qarabağ problemində haqq səsimizin daha böyük auditoriyalara, icmalara çatdırılmasında kömək oldu.”

Ulu Öndərin insan kapitalına olan diqqəti

Şahin Seyidzadə bildirib ki, Ulu öndər Heydər Əliyev daima insan kapitalına, hər bir Azərbaycan vətəndaşına, ümumiyyətlə Azərbaycançılığa böyük önəm, diqqət və dəyər vermişdir: “Müasir dünya təcrübəsində də məhz insan kapitalına verilən dəstək və formalaşması dövlətin əsas siyasətini əhatə edir. Məhz ulu öndər Heydər Əliyev də bunu əsas götürərək hələ Azərbaycan SSRİ dövründə olan fəaliyyəti zamanı azərbaycanlı gənclərin gələcəyi üçün ciddi yatırımlar etmişdir. Xalqın və dövlətin gələcəyinin məhz yüksək ixtisaslı, peşəkar və vətənpərvər insanlarda görən Heydər Əliyev hələ ötən əsrin 70-80-ci illərində yüzlərlə gənci təhsil almaq üçün yüksək nüfuzlu universitetlərə göndərmişdir. Elm və təhsilə diqqət ayıran Heydər Əliyev Moskvadan geri dönərkən, özü ilə zamanında xaricdə təhsil almaq üçün dövlət xətti ilə yollanılmış şəxslərin siyahısını gətirmiş, bu şəxslərin müasir Azərbaycanın quruluşunda, tarixində əhəmiyyətli rol oynayacağını öz uzaqgörənliyi müəyyən etmişdir.

Ölkəmizin yaxın tarixinə nəzər salan zaman biz görə bilərik ki, ümummilli lider Heydər Əliyevin ölkəmizin intibahı, tərəqqisi və dayanıqlı inkişafı üçün əsaslı addımlar atmış, bu addımlar isə hazırda layiqli davamçı olan cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.”

Orxan Vahidoğlu, “İki sahil”