08 may 2021 17:06
1541

Ulu Öndər və Azərbaycanın Qələbəsi: Heydər Əliyev yenidən hakimiyyətə gəlməsəydi...

Vətən müharibəsindəki Qələbənin fonunda ulu öndər Heydər Əliyevin 98-ci ildönümü əvvəlki ildönümlərdən fərqli sürətdə qeyd edilir. Çünki Ali Baş Komandan, Prezident İlham Əliyev  Azərbaycana zəfər yaşatmaqla Ulu Öndərin ən böyük arzusunu yerinə yetirmiş oldu. “Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün!” Bu sözləri Prezident İlham Əliyev Şuşanın azad olunması münasibətilə xalqa müraciətində deyib.  

Torpaqların işğaldan azad edilməsi ölkə başçısı İlham Əliyevin 17 illik prezidentlik fəaliyyətinin nəticəsi olsa da, Qələbənin təməlləri ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdu. Belə təməllərdən biri şübhəsiz ki, ölkəmizin güclü iqtisadiyyata malik olması idi. Bu baxımdan “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” deyən ulu öndər Heydər Əliyevin həyata keçirdiyi iqtisadi siyasətin başlıca məqsədlərindən biri də güclü iqtisadiyyatın formalaşdırılması ilə torpaqların işğaldan azad edilməsinə zəmin yaradılması idi. Sonrakı dövrdə bu siyasəti davam etdirən Prezident İlham Əliyev bu işi sona çatdırdı.

Ancaq iqtisadi təməlin qurulması da asan məsələ deyildi. Heç kəsə sirr deyil ki, dövlət müstəqilliyinin ilk illərində Azərbaycanda nəinki hər şeyə qadir olacaq iqtisadiyyat qurmaq, bu müstəqilliyi qorumağın özü də çətin məsələ idi. Məlumdur ki, hələ 1990-cı illərin əvvəlində Sovet İttifaqının süqutu, buradakı müəssisələr arasında mövcud əlaqələrin pozulması, Ermənistanın hərbi təcavüzü nəticəsində 1 milyondan artıq soydaşımızın doğma yurd-yuvasından didərgin düşməsi, Azərbaycanın iqtisadi, siyasi, informasiya blokadasına alınması ölkənin sosial-iqtisadi həyatını olduqca çətin vəziyyətə salmışdı. Hələ bu da az imiş kimi  o dövrdəki siyasi rəhbərliyin səriştəsizliyi, eyni zamanda, baş verən hakimiyyət böhranı ölkəni nəinki belə bir fəlakətdən azad olmağa imkan verirdi, əksinə, vəziyyəti daha da ağırlaşdırmaqla Azərbaycanı bütün sahələrdə uçuruma yuvarladırdı. Belə sahələrin önündə gedəni isə heç şübhəsiz ki, ölkə iqtisadiyyatı idi.

Həmin dövrün iqtisadi mənzərəsini bu illərin makroiqtisadi göstəricilərində canlandırmaq mümkündür. Belə ki, 1991-1994-cü illər ərzində ölkə iqtisadiyyatında ümumi daxili məhsul (ÜDM) istehsalı hər il orta hesabla 16,5 faiz aşağı düşmüşdü. Həmçinin sənaye istehsalının həcmi 1985-ci illə müqayisədə  1991-ci ildə 10 faizə, 1992-ci ildə 37 faizə, 1993-cü ildə isə 50 faizə qədər azalmışdı.

Lakin ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtmasından  sonra ölkədə siyasi sabitliyin bərqərar olunması, atəşkəsin əldə edilməsi ilə irimiqyaslı iqtisadi islahatlara başlanıldı. İlk növbədə 1994-cü il sentyabrın 20-də dünyanın 8 ölkəsini təmsil edən 11 transmilli neft şirkəti ilə dünya tarixinə "Əsrin müqaviləsi" kimi düşmüş sənədin imzalanması və icrasına başlanması ilə Azərbaycanın beynəlxalq iqtisadi sistemə inteqrasiyasının və ölkənin enerji təhlükəsizliyinin möhkəm təməli qoyuldu. Eyni zamanda, ümummilli lider Heydər Əliyevin 1999-cu ildə imzaladığı Fərmanla neft yataqlarının xarici şirkətlərlə birgə işlənməsindən əldə edilən mənfəət neftinin satışından daxil olan vəsaitlərin səmərəli idarə olunması, həmin vəsaitlərin prioritet sahələrin inkişafına və sosial-iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsinə yönəldilməsini təmin etmək üçün Dövlət Neft Fondu yaradıldı. Nəticədə neft sektoru iqtisadiyyatın digər sahələrinin inkişafında lokomotiv rolunu oynamağa başladı. Bununla da məqsədyönlü iqtisadi siyasət nəticəsində makroiqtisadi sabitliyə nail olundu və davamlı iqtisadi artımın əsası qoyuldu. İqtisadiyyatın bütün sahələrində islahatlara başlanıldı, ölkəyə cəlb olunan investisiyaların həcmi ildən-ilə yüksəldi. Eyni zamanda, ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə 1995-ci ildən başlayaraq aqrar sektorun bazar prinsipləri əsasında yenidən qurulması, sovxoz və kolxozların ləğv olunması, onlara məxsus torpağın, mal-qaranın və əmlakın kəndlilərə paylanması kimi tədbirlər nəticəsində kənd təsərrüfatında ciddi struktur dəyişiklikləri baş verdi, keyfiyyətcə fərqli münasibətlər formalaşdı.

Beləliklə, müstəqilliyin ilk illərində baş vermiş tənəzzülə ulu öndər  Heydər Əliyevin həyata keçirdiyi strategiyanın nəticəsində  son qoyuldu. Artıq 1995-ci ildən Azərbaycanda bərpa və dinamik inkişaf dövrü başlandı. 1995-2003-cü illər ərzində ümumi daxili məhsul 90,1 faiz, dövlət büdcəsinin gəlirləri 3 dəfə, ölkənin valyuta ehtiyatları 85 dəfə, sənaye məhsulunun həcmi 25,2 faiz, kənd təsərrüfatı istehsalının həcmi 53,9 faiz, xarici ticarət dövriyyəsi 4 dəfə, iqtisadiyyatda məşğul olanların orta aylıq real əməkhaqqı 5,1 dəfə artdı, inflyasiya göstəricisi 2-3 faiz səviyyəsinə qədər endirildi, bütün maliyyə mənbələri hesabına iqtisadiyyata yönəlmiş investisiyaların ümumi həcmi 20 milyard ABŞ dollarını ötdü. Əldə olunmuş nailiyyətlər sonrakı illərdə ölkə iqtisadiyyatının davamlı və dinamik inkişafı üçün möhkəm zəmin yaratdı. Təsadüfi deyil ki, pandemiyanın iqtisadiyyata təsirini nəzərə almasaq 2003-cü illə müqayisədə 2019-ci ildə  ÜDM-nin real artımı 3,4 dəfə, o cümlədən sənaye istehsalı 2,7 dəfə, kənd təsərrüfatı 2 dəfə artıb. Bu dövrdə xarici ticarət dövriyyəsi 6,4 dəfə, ixrac 7,6 dəfə, o cümlədən qeyri-neft məhsullarının ixracı 5,2 dəfə yüksəlib. Eyni zamanda, xarici valyuta ehtiyatları 27  dəfə artıb. Bundan başqa, orta aylıq əməkhaqqı 11 dəfə, orta pensiya 8 dəfə artıb, yoxsulluğun səviyyəsi 50 faizdən 4,8 faizədək azalıb.

Güclü iqtisadiyyat həm də güclü ordunun yaradılması deməkdir. Bu baxımdan qazanılmış Qələbə onu deməyə imkan verir ki, ötən müddətdə ölkəmizdə ordu quruculuğu iqtisadi inkişafı ilə paralel aparılmaqla ən yüksək səviyyədə təşkil edilib. Təsadüfi deyil ki, ölkə başçısı bu il Novruz bayramı münasibətilə xalq müraciətinə vurğulayıb ki, son illər ərzində Azərbaycan qədər sürətlə inkişaf edən ölkə bəlkə də dünyada yoxdur. Görünən odur ki, bu, orduda da öz sözünü deməli idi: “Biz hərbi güc toplamalı idik və bu istiqamət birinci dərəcəli vəzifə idi. Təsadüfi deyil ki, mənim prezidentlik dövrümdə hərbi xərclər hər zaman birinci yerdə idi və bunu mən deyirdim, bəyan edirdim ki, biz hərbi xərclərimizi bundan sonra da artırmalıyıq. Biz müharibəyə hazırlaşmalıyıq, hazırlaşırıq. Açıq deyirdim bütün dünyaya və deyirdim ki, əgər düşmən öz xoşu ilə torpaqlarımızdan çıxmasa, biz düşməni qovacağıq. Belə də oldu”.

Bir sözlə, ulu öndər Heydər Əliyev 1993-cü ildə yenidən hakimiyyətə gəlməsəydi işğal altında olan ərazilərin nə vaxt azad edilməsi də sual altında olardı. Bu mənada deyə bilərik ki, Azərbaycanın qazandığı Qələbənin təməli Ümummilli Lider tərəfindən hələ 28 il əvvəl qoyulmuşdu.

 

         Ceyhun Piriyev, “İki sahil”