09 may 2021 00:00
1386

Faşizm üzərində Qələbədə Azərbaycan xalqının rolu daha çox olub

İkinci Qarabağ savaşında erməni faşizmini məhv edən Milli Ordumuz Zəfər tariximizə yeni səhifələr yazdı

9 May Qələbə  günü  faşizmin əzab-əziyyətlərini görən  bütün dünya xalqları üçün tarixi hadisədir. «Biz fəxr edirik ki,  dünyanın bu taleyüklü probleminin həll olunmasında – faşizm üzərində qələbədə Azərbaycan xalqının da mühüm payı olmuşdur. Azərbaycan xalqı İkinci Dünya müharibəsində  həm döyüş meydanlarında, həm də  «arxa cəbhə»də əsl şücaət və əzmkarlıq nümunələri göstərmişdir» söyləyən ulu öndər Heydər Əliyevin bildirdiyi kimi faşizm üzərində Qələbədə Azərbaycanın rolu, payı daha çox olmuşdur. Ulu Öndərin ordu  quruculuğu istiqamətində həyata keçirdiyi islahatları davam etdirən Prezident, Ali Baş Komandan İlham Əliyev İkinci dünya müharibəsində  iştirak edən azərbaycanlıların şücaətini 
 «Azərbaycan Qələbənin əldə olunmasında çox böyük rol oynamışdır - həm ön cəbhədə, həm də arxa cəbhədə. Bizim zavodlarımızda hərbi texnika istehsal olunurdu. O texnika və silahlar ki, müharibənin ən ağır anlarında sovet ordusuna əvəzsiz xidmət edirdi» sözləri ilə ifadə edirdi.

…Tarixdə insanlara fəlakət gətirən müharibələr çox olsa da,  canlı və hərbi texnika sarıdan ən çox tələfatın qeydə alındığı  İkinci Dünya müharibəsi dəhşətləri ilə fərqlənir. Hitler faşizminin qurbanı olan,  Reyxin, gestaponun Buhenvald, Ovsensim, Liditse, Treblinka kimi digər ölum düşərgələrində  ağır işgəncələrə məruz qalan günahsız insanların üzləşdiyi fəlakətləri əks etdirən fotolar, filmlər,  qaz kameralarında yandırılan insanların divarlarda  qanla yazılmış sözləri bəşəri cinayətlərin izləridir.  1418 gün davam edən, təkcə  SSRİ-dən 27 milyon insanın məhvi ilə  nəticələnən Böyük Vətən müharibəsinin törətdiyi fəlakətləri statistik rəqəmlər də təsdiqləyir.  Hərbi əməliyyatlarda  15 milyon hərbçi və dinc əhali yaralanıb. Keçmiş SSRİ-nin 1710 şəhər və qəsəbəsi, 70 min kəndi, 32 min fabrik və zavodu, 65 min kilometr dəmir yolu dağıdılıb. Təkcə Ukraynanın 334 yaşayış məntəqəsi sakinləri ilə birgə yandırılıb.  Müharibənin 880 günü blokadada qalan  Leninqradda yaşanıb.  Bu  müddətdə  800 mindən artıq leninqradlı  aclıqdan və  xəstəlikdən həlak olub. Müharibədə qəhrəmanlaq göstərən 7 milyon hərbçi  orden və medallarla təltif edilib. 11.633 nəfərə Sovet İttifaqı Qəhrəmanı adı verilib.  Ginnesin rekordlar kitabına düşən Berlin əməliyatında hər iki tərəfdən 3,5 milyon əsgər və zabit,  52 min hərbi texnika, 7.750 tank, 11 təyyarə iştirak edib.

1941-1945-ci illərdə davam edən müharibədə 700 mindən artıq azərbaycanlı iştirak edib. Onlardan 300 mini döyüşlərdə həlak olub.   Həzi Aslanov, İsrafil Məmmədov, Ziya Bünyadov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə ... bütünlükdə 130  həmyerlimiz igidliklərinə görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Vətənin ən yüksək orden və medalları ilə təltif olunan azərbaycanlıların sayı minlərlə ölçülürdü.   Elə ilk günlərdən 4 mindən artıq  oğlan və qız könüllülər dəstəsinə qoşuldu.170 mindən artıq əsgər və zabitimiz müxətlif orden və medallarla təltif olunub.  Qafqazdan Berlinədək şanlı döyüş yolu keçən Azərbaycanın  416-cı Taqanroq, 402-ci, 396-cı, 223-cü, 77-ci diviziyaları  Brest, Moskva, Kiyev, Stalinqraq, Leninqrad, Ukrayna, Belarus, Pribaltika cəbhələrində rəşadət göstərərək döyüş uğurları qazanmışlar.  Azərbaycan diviziyaları Polşanın, Çexoslovakiyanın, Yuqoslaviyanın faşizmdən azad edilməsi əməliyyatlarında da  iştirak etmişlər.  Canlı qüvvə, ərzaq, geyimlə  orduya yardım göstərən Azərbaycan neftçiləri Qələbənin təmin edilməsində xüsusilə fərqlənmişlər.  Hərbi texnikanı yanacaqla təmin etmək üçün gecə-gündüz çalışan neftçilər həmin müddətdə 23 milyon ton neft hasil ediblər. O illərdə   Sovet İttifaqında hasil olunan neftin dörddə üç hissəsi, aviasiya benzini və yüksək keyfiyyətli motor yağlarının 85-90 faizi  Azərbaycanın payına düşüb. Hər beş hərbi texnikadan dördü Bakı nefti ilə işləyib. Bütünlükdə Azərbaycanda  müharibə illərində  80 milyon ton neft, 23 milyon ton benzin, digər yanacaq növləri istehsal olunub. Ölkənin  yanacaq balansında 80-90 faiz payı olan Azərbaycan neftinin qələbənin qazanılmasında rolunu Marşal K.K.Rokossovski bu sözləri ilə qiymətləndirib: «Hər bir hərbi təyyarənin, tank ekipajının düşmənə zərbəsində Bakı neftçilərinin payı vardır.»   Döyüş üçün tələb olunan 130 adda silah, sursat  Azərbaycanda istehsal edilirdi. Akademik Yusif Məmmədəliyevin rəhbərliyi ilə  aviasiya benzininin istehsalına başlanılmaqla bərabər müxtəlif adda neft- kimya məhsulları da hazırlanırdı. Belə ki, 9 adda təyyarə benzini, 38 növ sürtkü yağı, 8 növ  dizel yağını istehsal etməklə qələbə üçün zəmin hazırlayan Azərbaycan xalqı  dəmiryolu vasitəsilə  yüklərin daşınmasında  fədakarlıq göstərməklə   Orta Asiyada tikilən  hərbi zavodun inşası üçün lazım olan materialları da təmin edirdi. Dünya  xalqlarının alman faşizminə qarşı  mübarizə apardığı  illərdə milyonlarla insanın  qətlinə, kütləvi qırğınlara  səbəb olan Fürerə  məhəbbətini «Seqakron» adlı faşist təşkilatını  və «Erməni SS legionu» yaratmaqla bildirən Qaregin Njde və Drastamat Kanayann (Dro) dinc əhalinin və əsirlərin kütləvi qırğınlarında şəxsən iştirak etmişlər. Bu faktı bilsələr də  dünyada baş verən hadisələrə öz maraqları və ikili standartlardan yanaşan dövlətlər Njde və Dronun xatirəsinə  Yerevanın paytaxtında ücaldılan abidəni təbii qəbul etdilər.

Döyüşlərdə olduğu  kimi arxa cəbhədə də şücaətlər göstərən azərbaycanlılar faşizmə qarşı  ölüm-dirim mübarizəsinə  qoşulan əsgərlərimizə mənəvi dayaq  olur, «Hər şey cəbhə üçün, hər şey qələbə üçün»  şuarı ilə    o vaxt ətrafında  minlərlə  kollektivi birləşdirən «staxanovçu»lar hərakatının önündə gedirdilər. Kolxozçular  cəbhəni ərzaqla təmin etmək üçün son tikəsini belə əsirgəmirdi. O zamanlar təşkil olunmuş ordunun ərzaq fonduna 18 min baş mal-qara, 52 min pud taxıl, 40 ton meyvə qurusu,  dərman və sarğı materialları  göndərən azərbaycanlılar  şəxsi vəsaitlərini, qızıl-gümüş əşyalarını belə müdafiə fondu üçün ayırırdılar. Ziba Qəniyeva, Aliyə Rüstəmbəyova, Dürrə Məmmədova kimi Azərbaycan qadınları cəbhədə göstərdikləri şucaətə görə  ən yüksək orden və medallarla təltif olunmuşdular.

Qeyd olunduğu kimi bu sadalananlar Azərbaycan xalqının ümumi Qələbəmizə verdiyi töhfələr, göstərdikləri şücaətlər idi.  Aprel döyüşlərində, Günnüt əməliyyatnıda, İkinci Qarabağ savaşında 30 il işğal altında qalan torpaqlarımızı azad edən Azərbaycan xalqı, Milli Ordumuz Ermənistana tarixi dərs verdi. 44 gün davam edən Vətən müharibəsinin ilk günlərində  «Əgər Ermənistan rəhbərliyi mənim tələblərimə cavab verməsə, sona qədər gedəcəyik. Heç kim bizi dayandıra bilməz. Dünyada elə qüvvə yoxdur ki, bizi dayandıra bilsin» söyləyən Prezident, Ali Baş Komandan İlham Əliyevin dəmir yumruğu Ermənistanın «yenilməz ordu» mifini dağıtdı.  Bütün dünya gördü ki, əsl yenilməzlik  sözü Azərbaycanın Silahlı Qüvvələrinə aiddir. Mənəvi ruh, güc, xalq-ordu birliyi hesabına  Hitlep faşizmindən də qəddar olan erməni faşizminə son qoyan Azərbaycan xalqı İkinci Dünya müharibəsində qazanılmış Qələbədən də müqəddəs Zəfərə imza atdı. 1941-1945-ci illərdə davam edən müharibədə «ümumi evimizi» faşizm taunundan xilas etmək əməliyyatlarında iştirak edən Azərbaycanın oğul və  qızları 44 gün ərzində torpaqlarımızı əsarətdən xilas etdi. Ali Baş Komadan İlham Əliyevin  Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Kəlbəcərdə, Laçında, Qubadlıda, Şuşada qaldırdığı  üçrəncli bayrağımız beynəlxalq terrorizmə, faşizmə qarşı mübarizədə qalib gələn Azərbaycan xalqının qətiyyətinin nümunəsi oldu. Dağlıq Qarabağ münaqişəsi yaranan ilk gündən torpaqlarımızın danışıqlar və hərbi yolla azad olunacağını bildirən Prezident İlham Əliyev dəfələrlə vurğulayırdı ki, üçüncü yol yoxdur. Müdafiə qüdrətimizin güclənməsi istiqamətində  həyata keçirilən islahatlar nəticəsində  XXI əsrin döyüş taktikasını nümayiş etdirən Milli Ordumuz  Zəfəri ilə tarix yazdı.  

«Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!» sözləri ilə  44 günlük müharibədə 30 illik işğala son qoyan, xalqımıza əbədi Qələbə sevinci yaşadan Prezident İlham Əliyevin qətiyyəti sayəsində bərpa olunacaq Zəngəzur dəhlizi ölkəmizi xalqların və dövlətlərin  əməkdaşlıq mərkəzinə çevirəcək.

Xuraman İsmayılqızı, «İki sahil»