Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili – Ombudsma Aparatı Ermənistanın Azərbaycana qarşı hərbi əməliyyatlarda və təxribatlarda uşaqlardan istifadə etməsi ilə kifayətlənməyərək, onları bu ruhda tərbiyə etməsi ilə bağlı “Fersbuk”da video paylaşıb.
“İki sahil” xəbər verir ki, paylaşımda qeyd edilir:
Ermənistan Azərbaycana qarşı hərbi əməliyyatlarda və təxribatlarda uşaqlardan istifadə etməklə kifayətlənmir, eyni zamanda onları bu ruhda tərbiyə edir. Paylaşdığımız video erməni uşaqlarının kiçik yaşlardan işğalçılıq, digər millətlərə qarşı dözümsüzlük, aqressiv formada tərbiyə olunmasının bir daha sübutudur. Belə ki, Uşaq Hüquqları Konvensiyasının 38-ci maddəsinə əsasən, iştirakçı dövlətlər silahlı münaqişələr zamanı onlara tətbiq edilən və uşaqlara aidiyyəti olan beynəlxalq humanitar hüquq normalarına hörmət bəsləməyi və onlara əməl olunmasını təmin etməyi öhdələrinə götürürlər. Həmin maddənin 2-ci bəndinə görə, yetkinlik yaşına çatmayanların hərbi əməliyyatlara cəlb olunması qadağandır.