02 iyun 2021 21:24
1018

Soltanlı kəndini işğaldan azad etdilər

Cəbrayılın Şükürbəyli kəndi işğaldan azad edilmişdi. Düşmən piyadaları, kəşfiyyat qrupları əks-həmlə edə bilməzdi.

Qurtuluş döyüşləri davam edirdi...

Həzin-həzin külək əsirdi...

Müharibədə istirahət kəlməsi bir qədər qəribə səslənir; Orxan Qədirovun təklifi ilə döyüşçülər istirahət edirdilər. Sonrakı əməliyyatları da beləcə, uğurla başa çatdıracaqdılar, mövqe qələbələri qazanacaqdılar, Böyük Qələbəni tezləşdirənlərin sırasında olacaqdılar. Hücum əmri  Babək Şirinovun və Alik Yusifovun rəhbərlik etdiyi bölmələr gəlib çatanada veriləcəkdi. Belə məqamlarda vaxt ötüşmür, ləng keçir elə bil. Hamı nizamlı-nizamsız düşüncələrin cazibəsindəydi.

Güclənən mehin qanadları yorulurdu...

Babək Şirinovun və Alik Yusifovun rəhbərlik etdiyi bölmələr gəlib çatmışdı. Döyüş əmri verildi. Orxan Qədirovun komandir olduğu bölməyə avtomobillərlə Şükürbəylidən Maralyandakı zastavaya qayıtmaq, döyüş əmrini burda gözləmək tapşırılmışdı. Bir nəfəs dərimi asudəlik yarandığı anlarda ermənilər artilleriya atəşinə başladı. Yan-yörələrinə mərmilər sancılırdı. Döyüş başlayanda düşmənin öz bölmələrini artilleriya ilə himayə edəcəyi ehtimalı nəzərə alınmışdı, ancaq bu məqamlarda başlayacağı gözlənilmirdi.  Bu gözlənilməzlik ötəri həyəcan yaratdığı anlarda (bu atış bölmələrin əmri yerinə yetirəcəyi müddəti bir atış qədərincə ləngidə bilərdi) bölməni aparmalı olan avtomobillərdən biri vuruldu. Orxan Qədirovla Fuad Nəcəfov yanan maşına tərəf qaçdı. Çatanda bildilər ki, sürücü yaralanıb, yarası ağır olmasa da təxliyyə edilib...

Düşmənin artilleriya atəşi çox çəkmədi...

Döyüşçülərimiz zastavanı ermənilərdən təmizləmişdi. Erməni zabitləri üçün tikilmiş 3 otaqlı evdə yerləşdilər. Zastava dairəvi səngərlə əhatələnmişdi. Yaxınlıqda hündür müşahidə qülləsi vardı, qərargah da, anbarlar da ordaydı. Gecəni zastavada qaldılar. Payızın bu uzun gecəsində dan yerinin söküləcəyi anları gözləyirdilər. Yuxusuz olsalar da heç birinin gözləri yuxuya tamsınmırdı, heç kimin kirpiyi kirpiyinə toxunmurdu. Kimsə zümzümələdi: “Gecə yaman uzundu...”. Gülüşdülər; gecənin qaranlığına qarışan bu təbəssüm gözəl sevgi şeirinə bəstələnmiş mahnının döyüş ərəfəsində xatırlanmasının təbəssümüydü, yəni uca göylərin mehrabı olan eşqin də mehrabı var – Vətən sevgisi...

Bölmələr bir-birini mühafizə etməklə (qorumaqla) düşmənin süni yolla yaratdığı,  mövqeləndiyi qum səddini keçməklə Soltanlı kəndini düşməndən azad etməliydi.

Əməliyat başladı. Gözəllik müharibədə də gözçəkən olur; gözəl mənzərələri gözlərinə köçürə-köçürə irəlilədilər. Orxanın rəhbərlik etdiyi bölmə mərkəzdən, Ziyanın rəhbərlik etdiyi bölmə sağdan, Siracın rəhbərlik etdiyi bölmə soldan irəliləyirdi. Üzümlüyü sürünərək keçdilər. Əmirvarlı kəndinə çatdılar, kəndin sonuncu evinin yanında dayandılar. Ev uçuq olsa da dağılmamışdı.  Sel-su axdığına görə düşmənin tank üçün düzəltdiyi səngəri qamış basmışdı. Düşmənin “val”ı Araz çayı istiqamətiylə, döyüşçülərimizin sağ tərəfi boyunca  yüksəkliyə doğru uzanırdı. Orxanın əmri ilə Dövranla Vətən irəli sızaraq valı müşahidə etməyə başladı. Düşmən duyuq düşmədi.

Valın arxasında tikili varmış. Komandirin göstərişi ilə Rahil Əhədov və Rahil Məmədov reaktiv qumbara ilə düşmənin mövqelərinə – səngərinə 2 dəfə atəş açdı. Qumbaralardan biri tikilinin damına düşdü,  xeyli tələfat verdi. Həmin anlarda bölmələrin verdiyi koordinatlar əsasında artilleriyamız val istiqamətinə yönləndirildi. Mərmilərin düşmə koordinatlarını öyrənməklə atışa düzəlişlər verdilər. Orxan Qədirovun göstərişi ilə (və döyüşü idarə etmə mərkəsinin razılığı ilə) val iistiqamətində yaylım atəşi başladı...

Düşmən çaşqınlıq içindəydi. Onda Orxan Qədirovun əmri ilə bölmələr açılaraq irəli sızmağa başladı. Bölmədə snayper olmadığından snayper tüfəngini Orxan götürdü. Valın qarşısına 140-150 addıma qədər sızıb atışmağa başladılar.

Erməni səngərindən erməni dilindən fərqli dildə danışıqlar, bağırtılar eşidilirdi. Düşmənə köməyə gələn muzdlular da məhv edilməliydi. Rahil Əhədov, Ülfət Qasımov, Altun Rzazadə sağ istiqamətdə düşmənin valını atəşə tutur, Tural Rəhmanlı, Ziya Fərziyev, Dövran Dadaşov, Orxan Qədirov ön istiqamətə, Namik Nuriyev, Rizvan Osmanov, daha beş döyüşçü sol cinaha atəş açırdı. Döyüşçülərimiz düşmənin hansı mövqeyindən az atış gəldiyini  – boşluqları müəyyənləşdirərək düşmənə həmin istiqamətdən zərbə endirmək istəyirdi. Döyüş getdiyi anlarda Tural Orxana bildirdi ki, ordan bir nəfər atəş açmır,  başını qaldırıb baxır, sonra yox olur, az sonra yenidən görünür. Orxan snayper tüfəngi ilə onu müşahidə etməyə başladı. Gördü ki, Turalın müşahidələri dəqiqdir – düşmən atəş açmır, baxır, görünməz olur. Az sonra yenidən görünür. Bildi ki, o, döyüşçülərimizə tərəf açılan atəşlərə düzəlişlər verir. Dərhal onu nişan aldı, barmağı tətiyi sıxdı. Düşmən öldürüldü (sonralar Orxan deyəcəkdi ki, bu məsafədən atəşin dəqiq olacağına şübhəm olsa da əlimi saxlaya bilməzdim...). Bu, düşmənin valında çaxnaşma yaratdı. Görünür, öldürülən böyük rütbəli zabit imiş.

Döyüşçülərimizə tərəf xaotik (qarışıq) atəşlər açılırdı.  

Altun Rzazadənin başına dəyən güllə dəbilqəni yerə atdı (yeri gəlmişkən, müəyyən çəkiyə və sürətə malik olan güllənin xarici ballistikası var və o, sərt, möhkəm cismə dəyəndə   döyüşçünün boynunu qıra da bilər...). Altuna su verdilər. Ölümdən dönmüşdü, yenidən doğulmuşdu sanki.

Gicirtkan kolunun içindəydilər. Tərpənmək mümkün deyildi. Artilleriya və snayper atəşləri altına düşəndə hiss etdilər ki, düşmən onların mövqeyini müəyyənləşdirib. Döyüşçülərimiz mövqelərini bir qədər də möhkəmlətdilər.

Rahil vurulanda Orxan onun yanına süründü. Ülfət Rahilin yaralarına baxış keçirmişdi – ona iki güllə dəyibmiş. İlkin yaraları sarıyırdı. Orxanın tapşırığı ilə Ülfətlə Dövran  Rahili döyüşün içindən uzaqlaşdırırdı. Kolluqdan çıxa-çıxda Dövrana snayper gülləsi dəydi. Ziyanın rəhbərlik etdiyi manqa yaralıları döyüşün içindən çıxartdı. 

Düşmən çaşqınlıq içindəykən Emin Ahangari ilə Fuad Nəcəfov düşmənin valına sızaraq qumbara atdılar. O anlarda Orxan Qədirovun əmri ilə bölmə manevr etdi. Sirac Siracov yaralandığına görə onun rəhbərlik etdiyi bölməyə rəhbərliyi də Orxan Qədirov öz üzərinə götürdü.

Sakitlik çökmüşdü. Buna döyüşdə nəfəs dərmə də deyə bilərik, hücuma hazırlaşma da, komplektləşmə üçün vaxt qazanma da. Bu müddət ərzində düşmən o qədər də ciddi olmayan manevr edə bilərdi. Döyüşçülərimiz elə mövqelənmişdilər ki, düşmən manevr etsə, yenə nəzarətə olacaqdı...

Yaxınlıqda bir əncir ağacı vardı. “Yayda könlümə əncir düşmüşdü. Zəng edib anamdan xahiş etdim ki, Mərdəkanda bağımızın qonşuluğundakı bağlardan əncir alıb saxlasın, gələndə yeyərəm. Anam əncir alıbmış. Üç gündən sonra qayıdanda əncir qalmamışdı, balalarım yeyibmiş. Döyüşün içində əncir ağacı, ağacda bol meynə görürəndə anam, balalarım, bir də həmin əncir məsələsi yadıma düşdü. Nə qədər təhlükəli olsa da əl atıb əncir dərdim. Bu yaşımacan ən dadlı ənciri onda yedim...”, – Orxan Qədirov Zəfərdən sonra döyüşdə yaranmış qısamüddətli sakitliyi belə xatırlayır. Döyüşün içində işğaldan azad edilmiş ərazidə yeyilən bir əncir neçə on illərin həsrətini yumşaltmağa da qadirmiş...

Digər bölmələrimiz yuxarı istiqamətdən hücum etmək istəyəndə düşmənin şiddətli və davamlı atışına məruz qalmışdılar. Namik, Vətən və Tural yaralananları çiyinlərinə alıb döyüşün içindən çıxardanda aralarına minaatan mərmisi düşdü. Qəlpə yaraları alsalar da yaralıları təhlükəsiz yerə çıxarda bildilər...

Döyüşçülərimiz hücumu qətiyyətlə davam etdirdilər. Düşmən çarəsizlikə atışa-atışa geri çəkilirdi...

Soltanlı işğaldan azad edildi.  

Oktyabrın 19-u idi...

Rəşid Faxralı