Son onilliklərdə ekoloji təmiz qida məhsullarının azalması, ətraf mühitin müxtəlif mutagen, kanserogen, radioaktiv maddələrlə çirklənməsi nəticəsində stressli vəziyyətin yaranması və digər mənfi təsirlər orqanizmdə metabolik proseslərin normal gedişini pozur, hüceyrə və toxumalar zədələnir və immun sistem zəifləyir. Nəticədə orqanizmin müdafiə qabiliyyəti aşağı düşür, hüceyrə və toxumalarda patoloji proseslər inkişaf edir, nəticədə müxtəlif xəstəliklər yaranır.
İnsan orqanizmində baş verən bir sıra proseslər nəticəsində sərbəst radikallar əmələ gəlir. Sərbəst radikallar isə hüceyrələrin zədələnməsinə səbəb olaraq xərçəng kimi bir çox çətin sağalan xəstəlikləri yaradırlar. Misal üçün hüceyrənin quruluşunu təşkil edən lipidlərə təsir edərək hüceyrə pərdəsini zədələyir və nəticədə hüceyrənin nativ quruluşu və bütövlüyünün pozulmasına səbəb olurlar.
Son zamanlar sərbəst radikalların insan orqanizmində еhtimal olunan zərərli təsirlərinin qarşısını alan, yağların və digər lipid tərkibli qida məhsullarının xarab olmasını əngəlləyən və bir çox dərman preparatlarının və biokimyəvi məhsulların dayanıqlığını artıran antioksidantlara qarşı diqqət getdikcə artmaqdadır. İnsan orqanizmindəki antioksidant tarazlığı yaşın artması, ətraf mühitin çirklənməsi, yorğunluq, həddindən artıq kalori qəbulu, yağlı qidalar və digər faktorların təsiri ilə artır. Oksidantların lehinə inkişaf edən bu faktorların istər qarşısının alınması, istərsə də gecikdirilməsi üçün orqanizm fenol birləşmələri, karotinoidlər, C və E vitaminləri kimi antioksidantlara ehtiyac duyur. Bu maddələr canlılarda sərbəst radikalları neytrallaşdıraraq onların hüceyrələrə mənfi təsirlərinin qarşısını alırlar.
Bir sıra tədqiqatlar təzə meyvə və tərəvəz istifadəsinin xərçəng, ürək və digər xəstəliklərə, həmçinin yaşlanmağa qarşı qoruyucu təsirlərinin olduğunu göstərir. Ümumiyyətlə, meyvə və tərəvəzlərdən bol-bol istifadə edilməsi orqanizmin sağlam olmasının və xroniki xəstəliklərə qarşı müqavimətinin artmasının başlıca faktorudur.
Qidalanmanın xərçəng xəstəliyinin yaranmasında çox önəmli faktor olduğunun aşkar edilməsindən sonra alimlər bitkilər üzərində daha ətraflı araşdırmalar aparmağa başlamışlar. Bu araşdırmalar nəticəsində fitokimyəvi birləşmələr termini ortaya çıxmışdır. Bu birləşmələr əsasən meyvələrdə, tərəvəzlərdə, lobyada, taxıllarda və digər bitkilərdə olurlar. Meyvə və tərəvəzlərlə qidalanmanın xərçəng xəstəliyi riskini 30-40%-ə qədər azaltdığı alimlər tərəfindən müəyyən edilmişdir. Bu birləşmələr müxtəlif mexanizmlərlə xərçəngi əmələ gətirən hüceyrələri zərərsizləşdirirlər. Bütün meyvə, tərəvəzlər və paxlalı bitkilər bu birləşmələrlə zəngin olduğu üçün onları orqanizmə qəbul etmək də olduqca asandır. Misal üçün yerkökünün tərkibində 100-dən çox fitokimyəvi birləşmələr mövcuddur. Fitokimyəvi birləşmələrin təxminən 8 mindən çox olduğu müəyyən edilmişdir ki, bunlardan da 150-ə yaxın birləşmə üzərində araşdırmalar aparılmışdır. Xərçəng xəstəliyinə qarşı təsirli olan bir neçə bitki növünə nəzər salaq.
Antikanserogen aktivlik göstərən karotinoidlərdən biri olan likopin, pomidorda olan vitamin A bənzəri birləşmə olub bir çox xərçəng növlərinin qarşısını aldığı araşdırmalar nəticəsində müəyyən edilmişdir. Likopinin antikanserogen xüsusiyyətinin antioksidant aktivliyindən qaynaqlandığı hesab olunur. Son illərdə aparılan araşdırmalar nəticəsində pomidorun xərçəng xəstəliyinin qarşısını önəmli dərəcədə aldığı müəyyən edilmişdir. Həmçinin pomidor tərəvəzindən çox istifadə olunması həzm sistemi xərçəngi riskini önəmli dərəcədə azaldır. Likopinin ən önəmli qaynağı pomidordan alınmış məhsullardır. Pomidor tomatı, soku və digər məhsulları yağla birlikdə orqanizm tərəfindən çiy pomidora nisbətən daha yaxşı istifadə edilir. Həmçinin likopin qarpız, qreyfurt və s. kimi qırmızı meyvə və tərəvəzlərdə də olur.
Sarımsaqda yüksək miqdarda saponin, fosfor, kalium, kükürd, sink, orta miqdarda Selen, A və C vitaminləri və az miqdarda kalsium, maqnezium, natrium, dəmir, manqan və B kompleks vitaminləri vardır. Soğan və sarımsaqda olan bu maddələr xərçəng hüceyrələrinin çoxalmasının qarşısını alan fermentlərə müsbət təsir edirlər. Sarımsaq həmçinin antibakterialdır və buna görə də mədə və bağırsaqda bakteriyaların inkişafının qarşısını alır. Bir çox ölkələrdə aparılan araşdırmalarda soğan və sarımsaqla qidalanan insanların mədə, bağırsaq və böyrək xərçəngi kimi bəzi xərçəng növlərinə tutulma riskinin aşağı olduğu müəyyən edilmişdir. Sarımsaqdan ən yaxşı faydalanma üsulu onun çiy halda istifadəsidir.
Üzüm tərkibində olan flavonoid birləşmələrinə görə başda xərçəng olmaqla bir çox xəstəliyin yaranmasının qarşısını alır. Yaşıl çay və qara çay eyni bitkidən alınmasına baxmayaraq fərqi emal zamanı hazırlanma texnikasından asılıdır. Qara çay qurudularkən oksigenin təsirinə məruz qalır, lakin yaşıl çayda buna imkan verilmir və beləliklə də içərisindəki antioksidant maddələr qorunmuş olur. Hər iki çayda kofein olmasına baxmayaraq, yaşıl çayda onun miqdarı daha azdır.
Beləliklə qeyd etməliyik ki, meyvə və tərəvəzlər insan həyatı üçün çox böyük əhəmiyyətə malik qidalardır.
Surə Rəhimova,
Biologiya üzrə fəlsəfə doktoru
AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun əməkdaşı