18 iyun 2021 23:58
1574

Sürətli bərpa işləri Qarabağa Böyük Qayıdışın tezliklə reallaşacağından xəbər verir

44 günlük Vətən müharibəsində işğaldan azad olunan ərazilərin bərpası və Böyük Qayıdışın təmin edilməsi hazırda Azərbaycanın qarşısında duran prioritet məsələlərdən biridir. Güclü dövlət olan Azərbaycan bəhs olunan ərazilərə Böyük Qayıdışı qısa müddətdə və yüksək səviyyədə təmin etmək əzmindədir.

Bu gün Azərbaycan dövlətinin qarşısında duran məsələ və vəzifə dağıdılmış, yerlə-yeksan edilmiş şəhər və kəndlərimizi bərpa etmək, viran qoyulmuş ərazilərə həyat vermək, dirçəltmək və yurd-yuvasından didərgin salınmış vətəndaşlarımızı torpaqlarına qaytarmaqdır. Azərbaycan dövləti bunun öhdəsindən gələcək, işğaldan azad edilmiş ərazilər ölkəmizin ən abad, gözəl guşələrindən birinə çevriləcək. Bunun üçün ölkə rəhbərliyi möhkəm iradəyə, iqtisadi gücə malikdir. Möhkəm maliyyə imkanları sayəsində çox keçməyəcək işğaldan azad olunmuş torpaqlarımıza həyat qayıdacaq, ərazilərimiz yenidən çiçəklənəcək və inkişaf etmiş məskənlərdən birinə çevriləcək. Həmin yerlərdə müasir infrastrukturun yaradılması məqsədilə ilkin olaraq 2,2 milyard manat vəsait ayrılıb.

İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması istiqamətində atılan ilk addım təbii ki, yolların çəkilməsidir. Qarabağın dirçəlişinə aparan Böyük Qayıdış proqramının birinci mərhələsində işğaldan azad olunmuş ərazilərdə yeni yol-nəqliyyat infrastrukturunun yaradılması öz əksini tapır. Həyata keçirilən ilk layihələrdən biri Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yollarının yenidən qurulmasıdır. Tərtər şəhərindən Suqovuşan kəndinə qədər olan yol 21, Suqovuşandan Talış kəndinə doğru uzanan yol isə 7,5 kilometrdir. Artıq bu yollar 2 texniki dərəcəyə uyğun olaraq bərpa edilib. Prezident İlham Əliyevin göstərişinə əsasən Füzulidən Şuşaya yeni avtomobil yolunun çəkilişi sürətlə aparılır. Yanvar ayının 14-də Prezident cənab İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın Şuşaya səfərləri zamanı onların iştirakı ilə Füzuli-Şuşa yolunun təməli qoyulmuşdur. Ölkə başçısı bu yolu Zəfər yolu adlandırdı: “Biz gedirik Şuşaya, azad edilmiş Şuşaya. Bu yolun tikintisi aparılır. Əminəm ki, ölkəmizin ən gözəl yollarından biri olacaq. Təbii ki, ən yüksək keyfiyyətlə tikiləcək. Eyni zamanda, mənzərəli yoldur, tarixi yoldur, Qələbəyə aparan yoldur”.

İcrasına başlanan başqa bir yol Toğanalı-Kəlbəcər yoludur. Çətin relyefdən keçən bu yol Kəlbəcərdən Laçına qədər davam etdiriləcək, eyni zamanda, Prezident İlham Əliyev tərəfindən Horadizdən Zəngilana, oradan Qubadlıya və Laçın rayonuna qədər yolun çəkilişi ilə bağlı göstəriş verilib. Müasir yolların tikilməsi işğal olunmuş əraziləri yenidən qurmaq, o cümlədən gələcəkdə Qarabağı və onun turizm potensialını inkişaf etdirmək üçün geniş imkanlar açacaq.

Hazırda azad edilmiş ərazilərdə iki beynəlxalq hava limanı inşa edilir. Onlardan birinin Füzuli Beynəlxalq Hava Limanının yanvarın 14-də təməli qoyulub. Bu beynəlxalq standartlara cavab verəcək aeroportda təyyarələrin qəbulu və yola salınması, sərnişinlərin rahatlığı üçün hər cür şərait yaradılacaq. Bu hava limanının inşasında məqsəd xarici qonaqların Şuşaya rahat gəlişini təmin etməkdir. Bundan başqa ikinci hava limanı isə Kəlbəcər və ya Laçın rayonlarının birinin ərazisində inşa ediləcək ki, Beynəlxalq Hava Limanının tikintisinə yaxın zamanlarda start veriləcək.

Azad olunmuş ərazilərimizdə dəmir yollarının da yenidən qurulması işlərinə başlanılıb. Bunlardan biri Bərdə-Ağdam dəmir yolu xəttidir. Bu yolun uzunluğu 104 km olan Yevlax-Xankəndi dəmir yolunun bir hissəsidir. Bundan başqa Bərdə-Ağdam və Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun tikintisinə başlanılıb. Bu yol Zəngəzur dəhlizinə gəlib çatacaqdır. Ərazilərin elektrik təchizatı bu ilin sonuna qədər başa çatacaq. Ərazilərdə həm yeni xətlər, həm də yarımstansiyalar qurulur. Bu gün Şuşa şəhəri elektrik enerjisi ilə tam təmin edilib. Hazırda Daşkəsəndən Kəlbəcərə yeni ötürücü xətlər inşa edilir. Şuşa şəhəri su və elektrik enerjisi ilə tam təmin edilib. Azad olunmuş ərazilərdə 75 kilometr məsafədə 110 kilovoltluq 2 dövrəli elektrik verilişi xəttinin tikintisi həyata keçirilir. Növbəti mərhələdə Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın, Şuşa, Ağdam və Kəlbəcər rayonlarında ümumilikdə 308 kilometr elektrik verilişi xəttinin çəkilməsi, yeni yarımstansiyaların tikilməsi ilə 110 kilovoltluq şəbəkə yaradılacaq. Böyük Qayıdış planına uyğun olaraq düşmən tərəfindən dağıdılmış su elektrik stansiyaları yenidən qurulacaq və artıq bu istiqamətdə ilk addımlar atılıb. Belə ki, Həkəri çayı üzərində yerləşən 8 meqavat gücünə malik “Güləbird” Su Elektrik Stansiyası istifadəyə verilib. Azərbaycan, həmçinin “Xudafərin” və “Qız Qalası” Su Elektrik stansiyalarının tikintisi ilə bağlı İran İslam Respublikası ilə razılığa gəlib. Qarabağ ərazisində 10-dan çox su elektrik stansiyasının yaradılması nəzərdə tutulur.

Artıq yaşayış məntəqələrinin müasir yanaşmalar əsasında bərpası istiqamətində ilk pilot layihənin icrasına Zəngilan rayonunun Ağalı kəndində başlanılıb. Qeyd edək ki, Prezident İlham Əliyev tərəfindən bütün Qarabağ “Yaşıl enerji” zonası elan edilib. Ümumi yaşayış məntəqələri “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyaları əsasında bərpa olunacaq. Pilot layihə Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edir. Burada ilkin olaraq 200 fərdi evin tikintisi nəzərdə tutulub. Ağdam şəhərinin bərpasının Baş Planı da ən yüksək şəhərsalma standartları nəzərə alınmaqla hazırlanıb. Dövlət başçısının tapşırığına uyğun olaraq, şəhər 100 min əhali üçün planlaşdırılıb. Baş Plana istinadən demək olar ki, Ağdam ən yaxın perspektivdə Azərbaycanın böyük sənaye, turizm şəhərlərindən birinə çevriləcək. Yeni konsepsiyaya əsasən, şəhər intensiv, müasir bağlarla əhatə olunacaq. Həmin bağlarda kiçik müəssisələr, turizm obyektləri, 8-12-20 yerlik hotellər tikiləcək. Ağdamın bərpası planında “ağıllı şəhər”in bütün komponentləri nəzərə alınıb. Burada yüksək mərtəbəli binalar tikiləcək, İT şəbəkəsi, turizm və yaşıllıq zonaları, nəqliyyat və digər infrastruktur sahələri vəhdət halında öz əksini tapacaq. Beləliklə, yaxın zamanlarda ermənilərin dağıtdıqları, miras qoyduqları dağıntıların, xarabalıqların yerində rahat yaşayış evlərinə malik şəhərlər, kəndlər salınacaq.

Sevinc Azadi, “İki sahil”