22 iyul 2021 10:38
2363

Ceyhun Məmmədov: Azərbaycan milli mətbuatı çox şərəfli və zəngin inkişaf yolu keçmişdir

"Bu gün Azərbaycan Milli Mətbuatının yaranmasından 146 il ötür. 1875-ci ilin məhz bu günü Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabinin "Əkinçi" qəzetinin ilk nömrəsi çapdan çıxmışdır. "Əkinçi" qəzeti xalqımızın milli oyanışında, milli birliyinin möhkəmlənməsində böyük rol oynamışdır. "

Bu fikirləri "İki sahil"ə açıqlamasında  Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib. 

Deputat qeyd edib ki, bu günədək Azərbaycan milli mətbuatı çox şərəfli və zəngin inkişaf yolu keçmişdir. Xalqımızın görkəmli ziyalıları, yazıçıları, mütəfəkkirləri mətbuat vasitəsilə milli şüurun, mənəviyyatın və mədəniyyətin formalaşmasına və inkişafına güclü təkan vermişlər. Bu gün ölkəmizdə yüzlərlə mətbu orqan - qəzet və jurnal fəaliyyət göstərir və minlərlə jurnalist hər gün ölkəmizin inkişafı naminə yorulmadan çalışır. 
Milli Mətbuat Günü münasibətilə sizi  təbrik edir, peşəkar fəaliyyətlərində uğurlar arzulayıram!
 

Orxan Vahidoğlu, "İki sahil"