Vəli İlyasov |
Jirinovskinin sözlərini “İt hürər, karvan keçər” kimi qiymətləndirmək olar
Siyasətdə Don Kixotluq edənlər həmişə olub və indi də var. Müasir Don Kixot olan Vladimir Jirinovski daha “fəal”dır və sələfinin arxasından beş təpik vurub. Onun barəsindəki rəsmi və qeyri-rəsmi məlumatlarda müsbət fikir tapmaq “dəryada balıq “sevdasıdır. Nalayiq hərəkətləri, siyasi avantürası, qızışdırıcı fikirləri, tərbiyəsiz davranışı, təlxəkliyi, gahgirliyi və digər yaramaz xarakterləri və əməlləri ona yalnız nifrət qazandırıb. Adının çəkilməsini istəməyən keçmiş Dövlət Təhlükəsizliyi Komitəsinin (DTK) yüksək çinli zabitlərindən biri bildirir ki, ixtisasca türkoloq olan Vladimir Jirinovski hələ SSRİ-nin Türkiyədəki səfirliyində işləyərkən iş yoldaşlarından rəhbərliyə çuğulluq edir, məişət zəminində orda-burda tərbiyəsiz işlərlə məşğul olurmuş. Donosbazlığına görə yoldaşları onu “KQB-nin “sukası” adlandırırmışlar. Olan-qalan şərəfini Türkiyədə “xərcləmiş” bu adam həyatını o vaxtdan ən axırıncı yolla davam etdirməkdən heç də utanmır. Ümumiyyətlə, üzü padoşa bənzəyən Jirinovskinin leksikonunda “utanmaq” sözü yoxdur. Deyilənə görə, onun başının dumanlı olmasının, danışarkən qızışıb özündən çıxmasının, ifrata varmasının səbəbi narkotik qəbul etməsinə görədir.
Bu günlərdə Rusiya radiolarından birinə verdiyi müsahibədə Vladimir Jirinovski Azərbaycan haqqında əsası olmayan, qərəzli tənqidi fikirlər söyləmişdir. Təbii ki, axmaq bir şəxsin dövlətimiz haqqında dediyi əsassız tənqidi fikirlər cəmiyyətimizdə böyük qəzəbə, ciddi narazılığa səbəb olub və rezonans doğurub. Buna münasibət bildirənlərin hamısı Vladimir Jirinovskinin sözlərini qeyri-ciddi və “İt hürər, karvan keçər” kimi qiymətləndiriblər. Əslində elə belədir.
"Təbii ki, Rusiyanın Liberal Demokrat Partiyasnın lideri Vladimir Jirinovskinin Azərbaycan və onun dövlət başçısı ilə bağlı səsləndirdiyi hədyan fikirlərin heç bir əsası yoxdur. Jirinovskini hamı tanıyır. Vladimir Jirinovski Rusiyanın Dövlət Dumasına nə üçün lazımdır, bu da hamıya bəllidir və bu, onların öz işləridir. Bəlkə də doğrudan da Rusiyanın bir təlxəyə, şərəfsizə, namussuza, qeyrətsizə ehtiyacı var?! Amma biz bir xalq, dövlət olaraq, eləcə də mən bir ziyalı, millət vəkili olaraq başa düşürəm ki, nə qədər ki, jirinovskilər var Rusiya-Azərbaycan münasibətlərində vaxtaşırı problemlər yaşana bilər".
Bu fikirləri KİV-ə açıqlamasında Milli Məclisin deputatı, professor Anar İsgəndərli deyib. Deputat bildirib ki, bu problemləri yaşadanlar isə bu iki xalqa və dövlətə düşmən olanlardır: "Jirinovskinin heç kimlə münasibəti səmimi deyil. O, Rusiyanın dövlət başçısını vaxtaşırı tənqid və təhqir edir. Hətta imkanı olsa, daha artığına da gedər. Bu o deməkdir ki, Jirinovski anormal bir canlıdır. Əgər o anormaldırsa, biz də bu canlıya layiq olduğu münasibəti sərgiləməliyik və sərgiləyirik. Mən çox sevinirəm ki, Azərbaycan sivil dövlət olaraq Rusiya Federasiyasına nota göndərdi. Bu notada da hər şey öz əksini tapıb. Jirinovskinin timsalında baş verənlər bir xalq olaraq bir daha bizə anladır ki, nə qədər çox sıx birləşsək, düşmənlərimiz daha çox qəzəbli və əsəbi olurlar. Qəzəbli və əsəbi olanda da ürəyindən keçənləri dillərinə gətirirlər. Bu da bizə imkan verir ki, dostumuzun və düşmənimizin kimlər olması haqqında bir daha düşünək. Dostumuzun dar günündə nə üçün onun yanında olduğumuzu bir daha bizə başa salır. Düşmən dəyirmanına kimlərin su tökdüyünü də bilməliyik və bilirik. Ona görə də daha sıx birləşirik. Müstəqil Azərbaycanımızın daha da güclənməsi, ərazi bütövlüyümüzün bərpası üçün əlimizdən gələni etməliyik və edirik. Bu, bir vətəndaş kimi bizim borcumuzdur".
Jirinovski və onun kimi “soğan yeməyib içi göynəyən” bəziləri Azərbaycanın Ermənistan üzərindəki qələbəsini, ölkəmizin iqtisadiyyatının güclənməsini, müstəqil və uğurlu siyasət aparmasını gözləri götürmür. Bu siyasi lağlağı və avantüraçı hələ də imperiya iddiaları ilə yaşamaqdadır və xalqların azadlığına rişxəndlə yanaşır. Yüz il əvvəlki əqidə ilə günlərini sayan yetmiş beş yaşlı qoca qurd “bəlkə də qaytardılar” arzusu ilə cəhənnəmə vasil olacaqdır. Çünki onun düşündükləri cəfəng və keçmiş xülyalardır. Daha bolşeviklər və sovet hakimiyyəti yoxdur, tarixin zibilliyinə atılıb. Ancaq Jirinovski və Jirinovski kimilər hələ hələ də iylənməkdədir. Onun dörd-bir tərəfinə hart-hurt etməsi isə özünə alçaqlıqdan başqa heç nə gətirmir.Üstəlik də xalqımızın bir faizini belə təşkil etməyən dağıdıcı müxalifət təmsilçiləri Jirinovskini dəstəkləməklə ona meydan açmağı arzulayırlar. Elə bil bir-birlərinin ağzına tüpürüblər, bunlar deyəni o alqışlayır, onun dediklərini bunlar afişaya çevirirlər. Bir sözlə, ilan və ona ağu verənin məsələsi. Fikir verirsinizsə, dağıdıcı müxalifətçilərimiz necə susublar, sanki qurbağanın gölünə daş atıblar, cınqırlarını çıxarmırlar. Elə bil ki, nahaq tənqid olunan və şantaj edilən mənsub olduqları xalqın lideri deyil. Amma şər-şəbədə qoşmaqda ağızlarına çullu dovşan yerləşməz.
Sadə azərbaycanlılar isə Jirinovskinin adını eşidən kimi üzlərini turşudub qəzəblə deyirlər: “Əşi, ondan danışma, təlxəyin biridir.”