KÖŞƏ

Mənsumə Babayeva

Nəhayət, sivil dünyanın kor olmuş gözləri açıldı

11 avqust 2021 23:16
1926

Məlum olduğu kimi, Ermənistanda insan hüquqlarının və azadlıqlarının acınacaqlı durumu barədə beynəlxalq təşkilatlar tərəfindən ciddi hesabat sənədləri tərtib olunmaqdadır. Zamanında Azərbaycan dövlətinə və azərbaycanlılara qarşı kütləvi şəkildə qanun pozuntuları və bəşəri cinayətlər törədən Ermənistana qarşı və onun atdığı qanunsuz addımlara münasibətdə qeyri-adekvat mövqe tutan ermənipərəst dövlətlər və təşkilatlar necə oldu ki, həqiqətləri etiraf etməyə məcbur qaldılar?
2018-ci ildə Ermənistanda süni inqilab ssenarisi tərtib edib antiqərb siyasəti yürüdən “Qarabağ klanı”nı devirərək hakimiyyətə gətirilən “demokrat” ləqəbli, əslində isə antidemokrat baş nazir Nikol Paşinyanın idarəetmə sisteminə bu cür qiymətin verilməsinə nə səbəb oldu?

Əslində Ermənistanda insan hüquqlarının, ümumilikdə demokratik təsisatların acınacaqlı vəziyyətdə olması təkcə bugünün reallığı deyil. İşğalçı dövlət hər zaman beynəlxalq hüququn və demokratik dəyərlərin mövcudluğunu atdığı addımları ilə inkar edib. Hətta 44 günlük Vətən müharibəsi dövründə bu məqama xüsusilə aydınlıq gətirildi. Ermənistandan öz maraqlarının icrası üçün bir vasitə kimi istifadə edən dövlətlər beynəlxalq hüququn pozulmasına göz yumur, dəstək missiyasını yerinə yetirməklə işğalçının atdığı addımları sanki demokratiyanın prinsipi kimi təqdim edirdilər. Ona görə “Freedom House” təşkilatı Ermənistanı “azad”, Azərbaycanı isə “qeyri-azad” ölkə kimi təqdim etməklə dünya siyasətində daha çox hansı meyarlara üstünlük verildiyini ortaya qoyurdu.

Onu da qeyd edək ki, Azərbaycan hər zaman dünyanın ən nüfuzlu təşkilatlarının tribunasından beynəlxalq hüququn bütün dövlətlərinə eyni şəkildə tətbiqi üçün vahid mexanizmin müəyyənləşdirilməsini tələb edib. Bildiyimiz kimi, 30 ilə yaxın dövrdə BMT qətnamələrinə məhəl qoymayan, beynəlxalq hüququ kobud şəkildə pozan Ermənistan ona göstərilən dəstəyə söykənərək daha böyük iddialarla yaşamağa, yeni ərazilər uğrunda müharibə planları hazırlamağa başladı. Lakin 44 günlük Vətən müharibəsində Azərbaycan beynəlxalq hüquqa əsaslanan mövqeyinə söykənərək 30 illik işğala son qoydu, dünyanın ikili siyasətinin hansı problemlərə yol açdığını nümayiş etdirdi.

Vaxtilə Azərbaycanı demokratik inkişaf baxımından “ən zəif”, işğalçı Ermənistanı isə “güclü” ölkə kimi təqdim edən, illərdir “araşdırmalarında” ədaləti arxa plana keçirib  qərəzi, yalanı əsas meyar kimi qəbul edən “Human Rights Watch”, “Amnesty International”, “Freedom House” kimi hüquq müdafiə təşkilatları, ABŞ Dövlət Departamenti öz hesabatlarında nəhayət, Ermənistandakı insan hüquq və azadlıqlarına dair real vəziyyətini əks etdiriblər. Həmçinin həmin hesabatlarda COVID-19 pandemiyasına qarşı mübarizə, eyni zamanda 44 günlük İkinci Qarabağ müharibəsi və postmünaqişə dövrlərində Ermənistanda daxili vəziyyətin  daha da gərginləşməsi fonunda cəmiyyətin ciddi ictimai və siyasi böhran yaşamasından bəhs olunur. Bildirilir ki, Ermənistanda sərbəst toplaşmaq, söz və ifadə azadlıqlarının, uşaq və qadın hüquqlarının  kobud şəkildə  pozulması halları sürətlə artmaqdadır. Ölkə üzrə irqi ayrı-seçkilik və dözümsüzlük, polis tərəfindən zor tətbiq edilməsi, işgəncə, vətəndaşlarla pis rəftar edilməsi nümunələri, hüquq müdafiəçilərinə qarşı amansız tədbirlər, cəzaçəkmə və islah müəssisələrində dözülməz vəziyyət, korrupsiyanın bütün sahələrdə hökm sürməsi və şəffaflığın olmaması kimi neqativ hallara dair məlumatlar da həmin hesabatlarda qeyd edilib. Reallıqlar təsdiqləyir ki, artıq bu gün tarixə qovuşan Dağlıq Qarabağ münaqişəsinin həllində beynəlxalq hüququn pozulmasına 30 ilə yaxın dövrdə göz yuman dünyanın aparıcı dövlətləri və nüfuzlu beynəlxalq təşkilatlar sonda Vətən müharibəsinin yaşanmasına yol açdıqları kimi,  eləcə  də demokratik dəyərlərin hər addımda ayaq altına atılmasına laqeyd yanaşmaqla, Ermənistana dəstək olmaqla bu prinsiplərin mövcudluğunu sual altına almağa, hazırkı acınacaqlı vəziyyətin yaranmasına stimul verdilər. Demək, müəllifləri dəyişməyən hesabatlarda bu gün faktları dəyişən Azərbaycanın yaratdığı yeni reallıqlardır. Bir daha təsdiqlənir ki, ədalət ən böyük meyardır.

Məhərrəm Ağalaroğlu
Anama məktub
Elşad Miraləm
BİZ KİMİK?