Vəli İlyasov |
Azərbaycan-Türkiyə-Pakistan birliyinin qarşısında dura biləcək qüvvə yoxdur
Azərbaycanın Türkiyə və Pakistanla qardaşlıq münasibətləri yüz illərin sınağından keçib. Qardaş ölkələr dar günlərində bir-birlərinin köməyinə gəliblər, yardımlarını əsirgəməyiblər, özü də tamamilə əvəzsiz və təmənnasız. Xatırladaq ki, keçən əsrin əvvəllərində Pakistanda taun xəstəliyi tüğyan edəndə, əhali kütləvi surətdə qırılanda Bakı milyonçusu, məşhur messenat Hacı Zeynalabdin Tağıyev qardaş ölkəyə 300 000 ampula vaksin göndərmişdi. Pakistanlılar bu kömək sayəsində dəhşətli taunun pəncəsindən xilas olmuşdular. Bu təmənnasız qardaşılq yardımı barədə məlumat Pakistanın dərsliklərində indi də tədris olunur ki, yeni nəsillər unutmasınlar.
Birinci Dünya müharibəsində Antanta dövlətlərinə qarşı ölüm-dirim müharibəsi aparan qardaş Türkiyənin böyük rəhbəri Mustafa Kamal Atatürk kömək üçün Azərbaycana müraciət etdi. Özünün də vəziyyəti gərgin olan Azərbaycan çətinliklərə baxmayaraq Türkiyəyə hər cür yardım göstərdi. Vəziyyət sabitləşəndən sonra Atatürk Nəriman Nərimanova yardımların dəyərini ödəmək istədiyini bildirəndə Nərimanov demişdi ki, qardaş-qardaşa borc verməz, biz sizə qardaşlıq köməyi göstərmişik. Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyi qazananda onu ilk tanıyanlar Türkiyə və Pakistan oldu. Müstəqil Azərbaycan isə öz növbəsində mübahisəli Kəşmir məsələsində qardaş Pakistanı dəstəklədi. Belə faktlar çoxdur. Bunlardan əlavə də üç xalqı birləşdirən başqa amillər də var. Musiqimiz, mədəniyyətimiz, ədəbiyyatımız, adət-ənənələrimiz, mətbəximiz çox oxşardır, üçümüz də İslam dininə bağlıyıq.
II Qarabağ müharibəsində isə hər iki qardaş dövlət Azərbaycana hər cür kömək etməyə hazır olduqlarını bildirdilər və hər gün, hər saat müharibənin gedişi ilə maraqlanırdılar. Doğrudur, Azərbaycan Ermənistandan istər hərbi texnika, istərsə də canlı qüvvə sarıdan dəfələrlə güclü idi və heç bir yardıma ehtiyacı yox idi. Ancaq belə bir deyim var ki, döyüşçü öz yanında dostunun, qardaşının durduğunu görəndə daha ürəkli və qələbəyə inamlı olur. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Pakistan İslam Respublikasının Baş naziri İmran Xanın çıxışları, Azərbaycanın yanında olduqlarını bəyan etmələri həm bizim ürəyimizdə, həm də bütün dünyada əks-səda verdi. Həmin çıxışlar bir çox düşmənlərimizin yerlərindən qalxmalarına imkan vermədi. Bu, bizim üçün bir ordunun görə biləcəyi işdən də qiymətli idi. Təbii ki, qardaşlarımızın köməyi bizim tarix dərsliklərinə və qəlbimizə əbədi yazılacaqdır.
Bütün bunlarla bərabər hər iki qardaşımız yenə də bizimlə birgədirlər. Sentyabrın 12-də Bakıda Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin nümayəndələrinin iştirakı ilə “Üç Qardaş - 2021” beynəlxalq təliminin açılışına həsr olunan təntənəli mərasim keçirilib.
Göründüyü kimi, getdikcə daha da sıxlaşan əlaqələrimiz ona dəlalət edir ki, ölkələrimiz döyüş meydanlarında qazandıqları qardaşlıqlarını əbədi davam etdirəcəklər. Azərbaycan-Türkiyə-Pakistan birliyinin qarşısında dura biləcək qüvvə yoxdur. Bu birlik Cənubi Qafqazda əsas söz və mövqe sahibi olduğunu göstərməkdədir. Çünki birlik ölkələrinin heç bir ölkəyə qarşı ərazi iddiaları yoxdur və Azərbaycanın böyük Qələbəsini həzm edə bilməyən ölkələrin rəhbərləri bu birlikdən nahaq yerə təşviş keçirirlər.
Üç ölkənin qardaşlığı ilk növbədə Azərbaycanın mövqelərini sarsılmaz həddə çatdırır, Ermənistana və onun havadarlarına regiondan əlini və gözünü tamamilə və birdəfəlik çəkməyi xəbərdar edir. Bu qardaşlıq dostlarımızı sevindirəcək, düşmənlərimizi isə xar edəcəkdir.