KÖŞƏ

Elçin Zaman

Paşinyanı cənab Ərdoğanla görüşməyə nə məcbur edir?

22 sentyabr 2021 23:17
1892

Ermənistanı Rusiyadan qopara biləcək ciddi faktorlar mövcuddur

Ötən günlərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan belə bir açıqlama verdi ki, Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin vasitəsi ilə onunla görüşmək istədiyini bildirib. Qeyd edək ki, bu istəkdən əvvəl isə Nikol Paşinyan Türkiyə ilə münasibətlərin yumşalmasının tərəfdarı olduğunu bir neçə çıxışında xüsusi vurğulamışdı. Bütün bunlar bir daha təsdiq edir ki,  Ermənistanda anlayırlar ki, Türkiyəsiz və onun ən yaxın müttəfiqi olan Azərbaycansız bu ölkənin gələcəyi yoxdur. Hətta Rusiyanın ən yüksək himayəsi belə bu ölkəni iflasdan qurtara biləcək səviyyədə deyildir. Ona görə də Rusiyanın qıcıqlanmasına baxmayaraq, rəsmi İrəvan üçün hərbi-siyasi rəqibi olan Azərbaycanın müttəfiqi ilə əməkdaşlıq daha cəlbedici görünür.

Paşinyanın Türkiyə ilə bağlı son yumşaq açıqlamaları isə Rusiyanın siyasi dairələrində ciddi narahatlıqla qarşılanır. Bu səbəbdən də  hazırda Kremlə yaxın media qurumları Paşinyan hakimiyyətini ciddi şəkildə tənqid etməyə başlayıblar. Tənqidçilər isə «Türkiyə Ermənistana nəyə görə lazımdır» sualına cavab axtarırlar. Onların qənaətinə görə, Ermənistanın indiki hakimiyyətinə etibar etmək sadəcə sadəlövhlükdür. Məsələ ondadır ki, rəsmi İrəvan hər dəfə Rusiyanı məyus edəndə erməni baş nazirin «Soros» Fondunun adamı olması dərhal xatırladılır. Hesab edilir ki, o, Kremlə münasibətdə qətiyyən səmimi deyil və heç vaxt da olmayacaq. Çünki onun hakimiyyətə gəlişi Moskvanın geosiyasi maraqlarına cavab vermir.

Maraqlıdır ki, bu məsələdə rus şərhçilər müəyyən mənada haqlı görünürlər. Çünki erməni baş nazir öz hakimiyyəti dövründə heç vaxt stabil siyasi kurs yürütməyib. 44 günlük savaş dönəmində demək olar ki, hər gün Rusiya prezidenti Vladimir Putinə zəng edərək müharibənin dayandırılmasında yardım istəyib. Lakin  buna nail olduqdan bir qədər sonra Rusiyanı məyus edən açıqlamalar verib.O, savaşdan sonra Ermənistanın biabırçı məğlubiyyətinin əsas günahını məhz Rusiyanın üzərinə yükləməyə cəhd göstərirdi. O, bir tərəfdən Rusiyanı öz hərbi müttəfiqlik öhdəliklərini yerinə yetirməməkdə qınayırdı. Digər tərəfdən isə Rusiyanı Ermənistana köhnə və yararsız silahlar satmaqda ittiham edirdi. Halbuki heç kəsə sirr deyil ki, Rusiya Ermənistana silah satmayıb, hədiyyə edibdir. Onun böyük qalmaqala səbəb olmuş  «İsgəndər partlamır» açıqlaması dünya silah bazarında Rusiya hərbi texnikasının imicinə vurulmuş ən ciddi zərbə hesab olunur.

Sonrakı mərhələdə erməni baş nazir Rusiyanın «hərbi müttəfiqlik çətiri»ndən imtina edərək ABŞ və Fransaya sığınmağa cəhd göstərdi. Ancaq bu, kifayət qədər mürəkkəb və təhlükəli məsələ olduğundan çox tezliklə yenidən Kremlin yanında olmaqdan daha məmnun olduğunu bəyan etməklə Rusiyanı Ermənistanın təhlükəsizlik sistemində əsas faktor kimi qabartdı. Xüsusilə Moskvadan  həm Ermənistan ordusunun rekonstruksiyası, həm də növbəti dəfə hərbi texnika hədiyyəsi ilə bağlı təminatlar aldı.

Ancaq erməni baş nazirin Moskva ilə  anlaşma mühiti içərisində uzun müddət qala biləcəyi də xeyli şübhə doğurur. Birincisi, Paşinyanınn xarakterindəki buqələmunluq deməyə imkan verir ki, o, Rusiya ilə daimi dost ola bilməz. İkincisi isə  yaxşı anlayır ki, Rusiya hərbi sistemi güclü Ermənistan ordusu yaratmaq imkanında deyil. Əvəzində Qərbə və Avropaya meyillənməklə normal ordu qura bilər. Nikol Paşinyan yaxşı anlayır ki, Ermənistanın hərbi-siyasi və maliyyə-iqtisadi cəhətdən Azərbaycanla rəqabət aparmaq şansı yoxdur. Üstəlik, Azərbaycanın NATO ölkəsi olan Türkiyə ilə müttəfiqlik faktı da var. Bu fakt rəsmi İrəvanın güvənə biləcəyi Rusiya amilini neytrallaşdırmağa qadirdir. Digər tərəfdən, rəsmi İrəvanın bu dəfə Rusiyadan daha müasir silahlar almaq ümidləri də özünü doğrultmur.

Düzdür, Ermənistan müdafiə naziri Arşak Karapetyan məsələn, yeni rus avtomatlarını özü şəxsən sınaqdan çıxarmağa nail olub. Ancaq müasir rus silahlarının alınması əlçatmaz olaraq qalır. Çünki heç bir ölkə özünün ən müasir silah növlərini başqa dövlətə pulsuz verməz. Ermənistanın isə yeni silahlar alacaq maliyyəsi yoxdur. Deməli, yenə də Kremlin hədiyyə edəcəyi köhnə hərbi texnika ilə kifayətlənərək, Rusiyanın «silah zibilliyi» rolunu oynamaq taleyi ilə barışmalı olacaq.

Nəhayət, Rusiyanın orbitində qalmaq Ermənistana Kremlin təlimatları ilə idarə olunan forpost statusundan daha yaxşı heç nə vəd etmir. Üstəlik, Kreml Ermənistanın düşdüyü dərin sosial-iqtisadi böhrandan çıxması üçün rəsmi İrəvana hava-su kimi lazım olan maliyyə dəstəyi vermək imkanından da uzaqdır.  Çünki Rusiyanın özündə dərin maliyyə iqtisadi böhran mövcuddur.

Maraqlıdır ki, Paşinyan hakimiyyəti müxtəlif manevrlərlə alternativ inkişaf istiqamətlərinə yönəlməyə can atır. Ermənistan hakimiyyətindəki anti-Rusiya qədər də müxalifətdə Rusiyaya meyilli qüvvələr var. Nikol Paşinyan Rusiyadan aralanmaq istəyəndə əks qüvvələr onu ölkədə vətəndaş müharibəsi başlada biləcəkləri ilə qorxudurlar. Ermənistanda Rusiyaya meyilli qüvvələrin başında isə «Qarabağ klanı» dayanır.

Bütün bunlara baxmayaraq, Paşinyan hakimiyyəti vaxtaşırı Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşdırılmasının vacibliyini gündəmə gətirir. Ermənistan üçün bu iki dövlət ilə nəqliyyat-kommunikasiya xətlərinin açılmasının və iqtisadi-ticari əlaqələrin qurulmasının faydalı olduğunu arqumentləşdirməyə çalışır. Bu baxımdan Ermənistan hakimiyyətinin son davranışları yeni münasibətlər anlayışının ön plana keçməsinə yol aça bilər.

Maraqlıdır ki, TürkiyəPrezidenti Rəcəb Tayyib Ərdoğan bu məsələ ilə bağlı növbəti mesajını verib: «Azərbaycan Ermənistanla hərtərəfli sülh sazişi üçün danışıqlara başlamağı təklif edib. Birtərəfli ittihamlar yerinə, gələcəyə baxan, realist yanaşmalar üstünlük təşkil etməlidir. Bu istiqamətdə hərəkət etməyə hazır olduğunu bəyan edən Ermənistan hökuməti ilə münasibətlərimizi tədricən normallaşdırmaq üçün çalışa bilərik».

Göründüyü kimi, Türkiyənin mövqeyi sabitdir. Paşinyan hakimiyyəti real addımlar atacağı təqdirdə Ermənistanın mövqeyi cavabsız qalmayacaq. Qardaş ölkə sadəcə, Ermənistana ilkin şərtini xatırlatmağı da qətiyyən unutmur. Yəni, Türkiyə ilə normal münasibətlər  qurulması üçünErmənistanın Azərbaycanla yekun sülh sazişini imzalaması vacibdir. Bu, baş verərsə, digər problemlərin həlli daha da asanlaşa bilər.

Belə anlaşılır ki, Paşinyan hakimiyyəti Ermənistanı Rusiyadan uzaqlaşdırıb, Türkiyə üzərindən Qərbə yaxınlaşdırmaq baxımdan, olduqca real şans qazanmış kimi görünür. Bu şansdan yararlanmaq üçün isə rəsmi İrəvanın Rusiyadan gələcək təzyiqləri dəf etməyə hazır olması vacibdir.