KÖŞƏ

Elçin Zaman

Şərtləri güclülər diktə edir

06 oktyabr 2021 21:55
2273

Azərbaycan Ermənistanı Zəngəzur dəhlizinin açılmasına məcbur edəcək hərbi və iqtisadi rıçaqlara malikdir

İkinci Qarabağ müharibəsindəki şanlı Zəfərlə regionda yeni reallıqlar yaradan Azərbaycan hazırda bütün addımları postmüharibə dövrünün tələblərinə uyğun atır. Ölkənin iqtisadi qüdrəti həm pandemiya ilə mübarizə tədbirlərinin, həm də Qarabağda böyük tikinti-quruculuq işlərinin aparılmasına imkan verir. Eyni zamanda, bu gün Azərbaycan əsas diqqəti məhz Qarabağın dirçəlişi, Zəngəzur dəhlizinin açılması istiqamətinə yönəldib.

Amma məğlub Ermənistan yenə də məkrli niyyətini nümayiş etdirərək bu prosesdən, yəni dəhlizin açılması istiqamətində üzərinə götürdüyü öhdəlikdən, xüsusilə də sülh müqaviləsi imzalamaqdan boyun qaçırır. Azərbaycan isə qalib ölkə kimi Ermənistanı 10 noyabr üçtərəfli Bəyanatında üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməyə məcbur etməkdə israrlıdır. Prezident İlham Əliyev müharibədən sonrakı bütün çıxışlarında bəyan edib ki, regionun inkişafı naminə icra ediləcək hər bir layihə özündən sonra digər layihənin reallaşmasına real zəmin yarada bilər. Ona görə də ilk növbədə Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalı və sülh müqaviləsinə imza atmalıdır.

Belə olan təqdirdə yeni əməkdaşlıq platforması hesab edilən Zəngəzur dəhlizinin açılması əsas məsələ kimi gündəmdədir. Son iki həftə ərzində Prezident İlham Əliyev BMT Baş Assambleyasının 76-cı sessiyasındakı videomüraciət formatındakı çıxışında, həmçinin xarici KİV-lərə verdiyi müsahibələrində bir daha bu mövzuya toxunaraq təkliflərini səsləndirib və Ermənistana yenə də çıxış yolu göstərib. Təbii ki, bu bağlantını təmin etmək üçün o qədər də böyük zamana ehtiyac yoxdur. Orada quru yollarla məsafə cəmi 40 kilometrdir. Azərbaycan müharibədən ötən bir il ərzində min kilometrdən çox yol çəkib. Yəni, 40 kilometr yolun açılması böyük problem deyil. Ancaq buna baxmayaraq, aparılan müzakirələr nəticəsiz qalıb. Yəni, Ermənistan 10 noyabr Bəyanatını, onun şərtlərini kobudcasına pozur. Bununla bağlı ölkəmizin başçısı deyib: «Biz hələlik səbirli, təmkinli davranırıq. Amma bizim səbrimizin də həddi var və İkinci Qarabağ savaşı göstərdi ki, səbrimiz tükənəndə nələr baş verir. Ona görə Ermənistan rəhbərliyinə şans veririk ki, noyabrın 10-da imzalanmış Bəyanatın bütün müddəalarını yerinə yetirsin və özünü məsuliyyətlə aparsın».

Dövlət başçısı qeyd edib ki, bu gün Azərbaycan Zəngəzur dəhlizinin yaradılması ilə bağlı genişmiqyaslı işlərə başlayıb: «Zəngilana həm dəmir yolu, həm də avtomobil yolu çəkilir, hava limanları tikilir. Azərbaycan öz ərazisində bütün işləri iki il ərzində görəcək. Çünki burada işin həcmi çox böyükdür.»Deməli belə anlaşılır ki, Azərbaycan işğaldan azad edilmiş rayonlarda yol infrastrukturunu tam başa çatdırdıqdan sonra Ermənistanı Zəngəzur dəhlizinin açılmasına məcbur edəcəkdir. Bunun üçün ölkəmiz həm hərbi, həm də iqtisadi gücə malikdir. Zəngəzur dəhlizi ancaq Azərbaycanın iqtisadi mənfəətinə hesablanmayıb. Bu dəhlizdən qonşu ölkələr, o cümlədən Asiyanın böyük dövlətləri də yararlanmaq istəyirlər.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyalı həmkarı Vladimir Putinlə Soçidə görüşdükdən sonra media nümayəndələrinə açıqlamasında bildirib ki, Zəngəzur dəhlizi bütün bölgə üçün əhəmiyyətli fürsət olacaq: « Burada inşa olunacaq avtomobil və dəmir yolu xətləri bütün bölgə ölkələri üçün ticari-iqtisadi imkanlar yaradacaq. Azərbaycan bu dəhlizin reallaşması üçün genişmiqyaslı işlər görür. Təbii ki, Ermənistan tərəfi də öhdəliklərini yerinə yetirməlidir».

Qeyd edək ki, Zəngəzur dəhlizi həm də regiona sülh və əməkdaşlıq gətirəcək regional layihə kimi də qiymətləndirlir. Düzdür, Ermənistanın baş naziri Nikol Paşinyan Zəngəzur dəhlizi məsələsində hələ də tərəddüd edir. Onu bu tərəddüdlərə məcbur edən isə Ermənistandakı ultra-milliyyətçilər və hakimiyyətdən qovulan «Qarabağ klanı»nın rəhbərləridir.

Bütün bunlara rəğmən hazırda Azərbaycan öz iqtisadi qüdrətindən yararlanmaqla postmüharibə dövrünün reallıqları əsasında siyasətini səbir və təmkinlə davam etdirir. Lakin bütün hallarda Ermənistan tezliklə 10 noyabr Bəyanatının müddəalarına əməl etməsə, yenidən «dəmir yumruğun» hədəfində olacaq. Bu isə İkinci Qarabağ müharibəsində aldığı ağır məğlubiyyətdən hələ özünə gələ bilməyən Ermənistanı daha rəzil duruma sala bilər.