44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qəhrəmanlıq səlnaməsinin bütün cahan şahidi oldu. İgid vətən oğullarının göstərdiyi yüksək şücaətə görə Qarabağın ən mühüm strateji mövqeyə malik olan məntəqələrindən biri olan Suqovuşan qəsəbəsi 3 oktyabr 2020-ci il tarixində düşmən işğalından azad edilmişdir. Bu önəmli qələbədən 1 il müddət keçir. 3 oktyabr 2021-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Suqovuşan qəsəbəsinə səfər etmişdir.
Suqovuşanın azad edilməsi ordumuz üçün bir sıra üstünlüklər də yaratmışdır. Tərtər rayonunun Suqovuşan yaşayış məntəqəsinin ordumuz tərəfindən işğaldan azad edilməsi ilə Azərbaycan Qarabağın açarını əldə etmişdir. Həmin ərazidə düşmən ordusunun 6-cı dağ atıcı alayının qərargahı yerləşirdi.Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində həmin ərazi düşməndən tam təmizlənmiş, Suqovuşan yaşayış məntəqəsinin azad edilməsi ilə işğal altında olan Ağdərə və Ağdam şəhərlərini birləşdirən əsas təminat yolu qüvvələrimizin nəzarətinə keçmişdir. Azərbaycan Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında keçirilən hərbi əməliyyatlar böyük uğurla başa çatmışdır. Azərbaycan Ordusunun hər hansı bir istiqamətdə apardığı döyüş əməliyyatları müəyyən plan üzrə əvvəlcədən işlənib hazırlanmışdı. Bütün istiqamətlər üzrə əməliyyatlar müəyyənləşdirilmişdi. Müharibə Planı Azərbaycanın əsas sənədlərindən biri olmuş və daim üzərində dəqiqləşdirilmələr aparılmışdır. Suqovuşanın işğaldan azad edilməsi ümumi hərbi planın bir tərkib hissəsi olaraq həyata keçirilib. Suqovuşanın azad edilməsi birinci növbədə onun ətrafındakı strateji yüksəkliklərin tutulması və özünün azad edilməsi ilə Ağdərə və Ağdam istiqamətlərindəki yolun açılması demək idi. 2020-ci il oktyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Madagizin tarixi adı - Suqovuşan adı bərpa olunub. Azərbaycanın Suqovuşan su anbarını işğaldan azad etməsi ilə düşmənin enerji potensialına zərbə vurulmuş, Tərtər, Goranboy və Yevlax rayonlarına suyun verilməsi ilə ekoloji tarazlıq təmin olunmuşdur. Ümumiyyətlə, deyə bilərik ki, Suqovuşan Qarabağ müharibəsinin əsas düyünü idi. Bu mühüm məntəqə düşməndən təmizləndikdən sonra Ağdərə və Ağdam istiqamətində Ermənistan ordusu uzun müddət duruş gətirə bilməyərək geri çəkilməyə məcbur olmuşdur. Suqovuşanın azadlığını əbədiləşdirmək üçün “Suqovuşanın azad olunmasına görə” medalı təsis edilmişdir. Suqovuşanın azad olunması uğrunda döyüşlərdə iştirak etmiş hərbçilər “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif olunmuşdular.
Suqovuşan ətraf rayonların su ilə təminatı baxımından vacib əhəmiyyətə malik idi. Həmin rayonlarda kənd təsərrüfatı inkişaf etdiyi üçün suya ciddi təlabat var idi. Xüsusən nəzərə alsaq ki, bu il Azərbaycanda su qıtlığı yaranmışdı, bu qıtlıq fonunda yeni su mənbələrinin tapılması və kənd təsərrüfatı üçün istifadə edilməsi olduqca əhəmiyyətlidir. Suqovuşanın azad edilməsi həmin ərazidə yerləşən rayonlarımızın iqtisadi inkişafı baxımından çox vacib idi. Bu, Tərtər, Goranboy və Yevlax rayonlarının su ilə təminatına müsbət təsir göstərəcək. İmkan verəcək ki, kənd təsərrüfatında suya olan tələbin ödənilməsi mümkün olsun. Suqovuşanın azad edilməsi ilə həmin tələb ödəniləcək. Bütövlükdə isə, işğaldan azad olunan torpaqlarımızın Azərbaycan iqtisadiyyatına töhfəsi olacaq. Suqovuşan həmin ərazilərdə kənd təsərrüfatının inkişafı baxımından vacib iqtisadi paya malik olacaq. Digər işğaldan azad olunan və olunacaq rayonlarımızda həm sənaye, həm də kənd təsərrüfatına xüsusi töhfələr bəxş edəcək.
Torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası çox vacib və qürurvericidir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə Rəşadətli Ordumuz düşmən üzərində tam qələbə qazanmışdır. Bu Zəfərin əldə olunmasında xalq-iqtidar birliyi mühüm əhəmiyyət kəsb edirdi. İgid Azərbaycan əsgəri xalqımızın yeni tarixini yazdı, şanlı qəhrəmanlıq tariximiz ilə hər birimiz fəxr edirik. İşğaldan azad edilmiş torpaqlarda bu gün böyük quruculuq işləri aparılır, böyük infrastruktur layihələri icra edilir. Azərbaycan xalqı Qarabağa bu torpaqların sahibləri kimi qayıtmışdır və azad edilmiş bütün torpaqlarda-Qarabağımızda Azərbaycan bayrağı dalğalanır. Bu bayraq burada əbədi dalğalanacaq. Biz azərbaycanlılar bundan sonra öz dədə-baba torpaqlarımızda əbədi yaşayacağıq. Bütün dağılmış şəhərləri, kəndləri yenidən quracağıq, həyat qayıdacaq, insanlar qayıdacaq və biz bütün dünyaya bir daha xalqımızın böyüklüyünü göstərəcəyik. Yaşasın Müzəffər Ali Baş Komandan! Yaşasın Şanlı Ordumuz!
Fazil Məhəmmədov,
Pirallahı rayon Ağsaqqallar Şurasının üzvü