KÖŞƏ

Vəli İlyasov

Cəmşidi gərək deyəydi ki...

08 oktyabr 2021 22:18
1189

“İranın ərəb qonşuları ilə münasibətlərində problemləri var, İraq və Suriyadakı mövqeləri günbəgün zəifləyir, üstəgəl, Gürcüstan da bizə məhdudiyyətlər tətbiq etməyə başlayıb”.

Bu fikirləri iranlı siyasi ekspert Navid Cəmşidi Türkiyənin Anadolu Agentliyinə açıqlamasında deyib. Ancaq o, hamısını deməyib. Deməli idi ki, İran uzun illərdir ABÇ-la düşmənçilik aparır, İngiltərə və Fransaya nifrət edir, əvvəllər İraqda, indi isə Suriyada və digər ölkələrdə “müsəlman qardaşlarının” qanının daha çox axıdılması üçün terrorçulara yüz milyonlarla dollar xərcləyir və buna heç də heyifsilənmir.

Şübhəsiz, Cəmşidi yaxşı bilir ki, hazırda İran burnunu “din qardaşları” Azərbaycan və Türkiyənin daxili işlərinə soxmaqla özünü axmaq vəziyyətə salır. Təbii ki, İranda Türkiyənin əleyhinə yüksələn səslər xalqa aid deyil, bu, hakimiyyətin səsidir və bunun fərqli səbəbləri var. Bunun səbəblərindən biri də Türkiyəni Azərbaycanın strateji və hərbi tərəfdaş olaraq görmələridir. Məşhur “Bir millət, iki dövlət” kəlamı Azərbaycan-Türkiyə sarsılmaz birliyinin göstəricisidir. Ən çətin məqamda Türkiyənin Azərbaycana qardaş dəstəyi göstərməsi bədxah qonşunun “əsəblərini barmaqlayır.” Tələyə düşmüş kimi ora-bura vurnuxur, çıxış yolu tapa bilməyərək qonşularına əzələ nümayiş etdirir. Araz sahillərindəki hərbi təlimlər və bəzi “tamaşalar” Azərbaycana və Türkiyəyə sarı yönəlib.

İranın Azərbaycana qarşı ittihamları ilə bağlı Cəmşidinin fikirləri belə olub: “Müstəqil ölkə olaraq Azərbaycan hər bir dövlətlə əlaqələr qura bilər, İsrail ilə də əməkdaşlıq edə, silah ala və neft sata bilər. Buna görə də, İran da daxil olmaqla heç bir ölkə bundan narahat olmamalıdır. İran sadəcə şüarlar səsləndirir və bunların heç biri beynəlxalq ictimaiyyət tərəfindən qəbul ediləcək hallar deyil. İran xalqının Türkiyə xalqı və hakimiyyəti ilə də heç bir problemi yoxdur. İranlıların çoxu Türkiyəni sevir, ora getmək və orada alış-veriş etmək istəyirlər”.

Cəmşidi öz ölkəsinin xarici siyasətini tənqid etməkdən belə çəkinməyib: İran rəhbərliyi Qərb və ABŞ-a qarşı yürütdüyü yanlış xarici siyasəti səbəbindən ölkəni bugünkü vəziyyətə salıb. İndi də İsrail və Türkiyənin Azərbaycanla müttəfiqlik etməsindən narahatlığını dilə gətirir. İran bu səbəbdən hər kəsə qarşı qəzəblidir və bu, böyük səhvdir.

Görünür, molla siyasətçilər unudublar ki, mühafizəkar dəlisov siyasətləri ilə dünyanın yarısını özlərinə düşmən ediblər. Ancaq sirkə tünd olanda öz qabını çatladır. Bizdə acıqlananlara bir qurtum su iç deyirlər. İranın əsəbiləşmiş təmsilçiləri isə Arazdan istədikləri qədər su içə bilərlər.