19 oktyabr 2021 10:43
1330

Kampinq – yaşam tərzi və turizmin perspektivli növü kimi..

Təbiətlə canlı təması sevənlər üçün

Təbiətin qoynunda çadır qurub müvəqqəti yaşamaq – kampinq turizmin nisbətən müasir növü kimi dünyada xüsusilə son illər daha çox maraq doğursa da, bu, əslində oğlu olanların ağ, qızı olanların qızılı çadırlarda qonaqlandığı, toy çadırının evlənən oğlanın atdığı oxun düşdüyü yerdə qurulduğu Dədəm Qorqud dövründən dağların binələrinin çadır-çadır olduğu günümüzədək davam edən qədim türk yaşam tərzidir. Bu gün də tərəkəmə həyatı sürən minlərlə insanımız yazın gəlişi, havaların isinməsi ilə heyvanlarını saxlamaq üçün çadırlar qurub yaşayacağı yaylaqlara yollanır. Kamplardan, çadır düşərgələrindən geniş istifadə edilən daha bir sahə isə hərbi fəaliyyətlə bağlıdır. Tarixən uzaq məsafələrə edilən hərbi yürüşlərdə, müharibələrdə, günümüzdə isə daha çox təlimlərdə çadırlar müvəqqəti ev, qərargah, hospital funksiyası daşıyıb və daşıyır. Yaşam tərzi kimi daha çox məlumatlı olduğumuz üçün  kampinqi məhz turizmin yeni və maraqlı növü kimi araşdırmaq qərarına gəldik...

Qaynar, səsli-küylü şəhər həyatından uzaqlaşaraq ucqar dağ rayonlarına istirahətə üz tutanlar arasında otelləri, qonaqlama yerlərini seçənlər üstünlük təşkil etsə də, təbiətlə birbaşa təmasda olmaq, meşədə, dağda, bulaq kənarında kamp qurub dincəlmək istəyənlər də az deyil. Bəs Azərbaycanda kampinq turizminin inkişafı hansı səviyyədədir və turizmin bu növünə maraq necədir? Kampinq iştirakçısı olmaq çoxmu vəsait tələb edir? Komfortdan qaçaraq daha ekstremal olan kamp həyatı yaşamaq üçün nələri bilmək lazımdır?

Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə “İki sahil”in suallarını cavablandıraraq bildirdi ki, ölkəmizin zəngin təbiəti kamp etmək üçün saysız imkanlar yaradır: “Kampinq Azərbaycanda inkişaf etməkdə olan aktiv turizm növlərindən biridir. Lakin yeni olduğu üçün bu turizm növü üçün zəruri şərait hələlik lazımi səviyyədə deyil. Belə ki, ölkəmizdə kampinq turizminin əsas komponenti sayılan kampsaytlar (kamp yerləri) az saydadır, elə bu xidməti təklif edən tur operatorlar da çox deyil. Hazırda “Camping Azerbaijan”, “Campsiz”, “Kampinist” və digər bir neçə turizm şirkətləri kampinq turları təşkil edir”.  

K.Quluzadənin sözlərinə görə, bu sahənin inkişafı üçün müəyyən tədbirlərin həyata keçirilməsi istiqamətində iş gedir: “Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun 2021-2023-cü illərdə ekoloji turizmin araşdırılması və Milli parklarda müxtəlif turizm fəaliyyətlərinin təşkilinə dair tədbirlər planı çərçivəsində potensiallı ərazilərdə kampinq yerlərinin yaradılması nəzərdə tutulur. Kampinq infrastrukturu bir çox ölkələrdə Milli parkların ərazisində təşkil olunur. Ölkəmizdə də belə infrastrukturun Milli parklarda yaradılması məqsədəuyğundur. Bununla yanaşı, Azərbaycan Turizm Bürosunun “Dağ piyada marşrutlarının işlənməsi” layihəsi çərçivəsində dağ piyada marşrutları boyunca kamp yerlərinin müəyyən edilməsi və minimal şəraitin yaradılması nəzərdə tutulur”.

K.Quluzadənin də bildirdiyi kimi, komsaytlar kifayət qədər olmasa da, var və Göygöl Milli Parkında artıq düşərgə salınması, gecələmə yerlərinin təyin edilməsi xidməti göstərilir.

Göygöl Milli Parkının direktor müavini Fuad Quliyev mövzu ilə bağlı suallarımızı cavablandıraraq bildirdi ki, son vaxtlar turistlər arasında kampinqə maraq artıb. Xüsusilə gənclər düşərgə salaraq gecələməyə üstünlük verirlər: “Biz kamp qurmaq istəyənlər üçün Milli Parkın ərazisində xüsusi yerlər ayırmışıq. Yerlər müəyyənləşən zaman insanların təhlükəsizliyi baxımından həm qaya uçqunları, sel, güclü külək kimi təbii hadisələrin baş vermə ehtimalı, həm də vəhşi heyvanların yaşayış arealı amili nəzərə alınır. Eyni zamanda, təbiətin zərər görməməsi, kampların ərazinin biomüxtəlifliyinə hər hansı mənfi təsir göstərməməsi də diqqətdə saxlanılır”. 

F.Quliyev qorunmayan ərazilərdə də kampinqlə bağlı bu kimi amillərin nəzərə alınmalı olduğunu bildirdi: “Hesab edirəm ki, Milli parkların ərazisindən kənarda da kamp yerlərinin müəyyənləşməsi məsələsi xüsusilə yerli bələdiyyə orqanları tərəfindən diqqətdə saxlanılmalıdır. Yaxşı olardı ki, həmin ərazilərdə məyyən ehtiyaclar üçün biotualetlərin qurulması, alternativ enerji vasitəsilə işıqlandırılmanın təmini kimi minimal şərait yaradılsın. Bundan başqa, yerli turizmlə məşğul olan şirkətlərin kampinq turlarının təşkilinə üstünlük verməsi və bu sahədə maarifləndirmə işlərini gücləndirməsinə də ehtiyac var”.

Kampinq turlarının qiymətlərilə də maraqlandıq. “Camping Azerbaijan” turizm şirkətinin təklif etdiyi bir günlük turların qiyməti nəqliyyat, qidalanma və digər bütün xərclər daxil bir nəfər üçün 30-80 manat arasında dəyişir. Təklif olunan tura kənd evində gecələmək daxil olduqda qiymət 100-200 manat, çadırlarda gecələməklə kampinq turu isə 200-300 manat təşkil edir. Şirkətdən eyni xarakterli turlardakı qiymət fərqinin məsafə və digər amillərlə bağlı olduğunu bildirdilər. Ancaq təəssüf ki, turizm şirkətlərinin elanları arasında kampinq turları çox az, demək olar yox səviyyəsindədir.

Məlum olduğu kimi, fərdi qaydada, ailə üzvləri və ya yaxın dostlarla hər hansı turdan kənar da kampinq iştirakçısı olmaq mümkündür. Bunun üçün zəruri avadanlıqlara və onların qiymətinə gəlincə, təbiət qoynunda düşərgə salıb gecələmək istəyənlərə mütləq çadır lazımdır. Ov, kampinq və balıqçı ləvazimatları satılan mağazalarda müxtəlif ölçülərdə çadırlar mövcuddur. Kiçik 2 nəfərlik çadırların qiyməti daha ucuz olsa da, kamp həvəskarları daha çox qurulub-yığılması asan olan 4 nəfərlik çadırlara üstünlük verirlər. Belə çadırların qiyməti 80 manatdan başlayır və istehsal yerinə, keyfiyyətinə görə dəyişə bilər. Təbii ki, 6, 9 nəfərlik daha böyük tutumlu çadırlar nisbətən daha bahadır. Yüngül, daşınması asan yataq kisələri də çox baha deyil. Birnəfərlik olan bu kisələri 60-70 manata almaq mümkündür. Düşərgə üçün istənilən rahat geyimdən istifadə etmək olar, ancaq havanın necəliyindən asılı olmayaraq ehtiyat üçün kamp ləvazimatlarınızın içində isti, sukeçirməyən gödəkcə, uzunboğaz ayaqqabı saxlamağınız məsləhətdir. Əl və ya baş üçün fənərlər, kiçik çıraqlar kimi işıqlandırma vasitələri 2-3 manatdan başlayır, lakin çox ucuz həm də keyfiyyətsiz deməkdir. Odur ki, qaranlıqda qalmaq narahatlığı yaşamamaq üçün nisbətən baha, 10-15 manata olan işıqlandırma vasitələri daha məqsədəuyğundur. Əgər özünüzlə evdən qab-qacaq, stəkan, çəngəl-bıçaq kimi əşyalar daşımaq istəmirsinizsə, rahat yemək yeyə bilmək üçün qiyməti 30-40 manatdan başlayan “kamp dəstləri” ala bilərsiniz. Xüsusi qatlama stol və stullar isə sırf komforta hesablandığı üçün zəruri kampinq avadanlığı hesab edilmir, yəni, onsuz da ötüşmək mümkündür. Xüsusi hazırlanmış qatlanan stol və stulların qiyməti nisbətən bahadır – 120-130 manatddan başlayır. Kampinq turizmi üzrə mütəxəssislər kamp iştirakçılarına adətən özləri ilə yürüş çubuqları və xüsusi günəş eynəkləri götürmələrini də tövsiyə edirlər. Bu vasitələr daha çox dağlıq ərazilərdə işə yarayır və təhlükəsiz hərəkətinizə, günəş şüalarından qorunmağınıza yardım edir. Qeyd edək ki, fərdi qaydada kampinq yaşamaq istəyənlərin sadaladıqlarımızı bir dəfə alması onları növbəti dəfələrdə bu xərclərdən azad edir, çünki alınmış əşya və avadanlıq uzunmüddətli istifadə üçündür.

Çadır qurarkən sel, qaya uçqunları, güclü külək və digəri təbii hadisələrin baş vermə ehtimalını, həmçinin vəhşi heyvanların yaşayış arealı kimi yuxarıda qeyd etdiyimiz amilləri, ocaq qalayarkən isə yanğın təhlükəsizliyini mütləq nəzərə almaq lazımdır. Hər hansı biganəlik həyatınız üçün təhlükə ilə, habelə böyük yanğınlarla nəticələnə bilər. Xüsusilə ocaq qalayarkən ətrafında daşlardan və torpaqdan qoruyucu sədd yaratmaq, sonda isə ocağın tam söndürüldüyünə əmin olmaq vacibdir. Diqqət yetirilməli başqa bir mühüm məsələ isə düşərgə saldığınız yerin təmizliyini qorumaqdır. Axı biz həmin yerdə havasına, suyuna, gözəlliyinə, təmizliyinə görə düşərgə salırıq və təbiətin bu “ürəyiaçıqlığından” sui-istifadə etmək olmaz. Odur ki, tullantıları və zibilləri yığıb kamp yerindən götürmək mütləqdir.

İstifadə edəcəyiniz qida və ərzaq məsələsinə gəlincə, tez xarab olan məhsullardan mümkün qədər az istifadə etmək məsləhətdir. Və hər hansı mümkün pis ehtimal üçün özünüzlə ilk tibbi yardım ləvazimatları götürməyi unutmayın.

...Qaldı gedəcəyiniz yerə, bu, artıq büdcənizi də nəzərə almaqla sizin seçiminizdir – Vətənimizin səfalı yerləri çoxdur və hər qarışı gözəldir!  Əsas olan isə istəkdir – təbiətlə təmasda olmaq, istirahət etmək istəyi. İstirahətiniz şən və mənalı olsun!

Mahir Rəsuloğlu, “İki sahil”

Dövlət Turizm Agentliyi tərəfindən elan edilmiş müsabiqəyə təqdim edilir