KÖŞƏ

Mahir Rəsuloğlu

İran TIR-larına Stop!

22 oktyabr 2021 00:58
1262

Azərbaycan dövlət sərhədlərini bərpa etdiyi kimi, onu qorumağı da bacarır

Nəhayət, İranın başındakı başbilənləri anladılar ki, Azərbaycan ötən əsrin 90-cı illərində müstəqilliyini yenicə qazanan zaman olduğu kimi gücsüz, zəif və tək deyil. Başa düşdülər ki, təkcə Ermənistanı yox, onun böyük havadarlarını da qarşısına alıb 21-ci əsrin müharibəsini aparan, cəmi 44 gündə torpaqlarını 30 illik işğaldan azad edən, Cənubi Qafqazın şəriksiz liderinə çevrilmiş, artıq dünyada sözü eşidilən və söz haqqı olan bir dövlətlə hədə dili ilə danışmaq xeyir gətirməz. Nəhayət, qandılar ki, Azərbaycanın düşməni ilə qucaqlaşıb işğal altındakı torpaqlarımızda dədə-baba evlərimizin daşlarına tamah saldıqları, söküb daşıdıqları, gözəl Qarabağımızın ərazisindən qara niyyətlə “ağ ölüm”ün tranzit yolu kimi istifadə etdikləri günlər geridə qaldı. Yəqin həm də anlamağa başlayıblar ki, Azərbaycanın mehriban qonşuluq çağırışlarına düşmən mövqeyi sərgiləyərək cavab vermək nə qədər ziyanlı bir yanaşmadır...

Şanlı Qələbəmizlə başa çatan Vətən müharibəsindən sonra da işğal və müharibə dövründə olduğu kimi, dövlət sərhədimizi pozaraq Qarabağa qanunsuz yüklər daşıyan İran maşınlarına bu ölkənin rəsmiləri tərəfindən nəhayət qadağa qoyuldu. Baxmayaraq ki, buna qədər artıq Azərbaycan tərəfindən bu istiqamətdə ölkəmizin və beynəlxalq qanunvericiliyin tələblərinə uyğun lazımi addımlar atılmış, zəruri tədbirlər görülmüşdü.

Qısa bir xatırlatma. Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin “Anadolu” Agentliyinə müsahibəsində bildirmişdi ki, İran TIR-larının qanunsuz şəkildə Qarabağ bölgəsinə getməsi ilk dəfə baş vermir. Belə hallar işğal dövründə də dəfələrlə baş verib: “Bu barədə bizim məlumatımız vardı, ancaq əlbəttə, indiki kimi tam dəqiq məlumatımız yox idi. Bunu nəzərə alaraq, müxtəlif kanallar vasitəsi ilə İran tərəfinə narahatlığımızı ifadə edirdik. Bu durumda Prezident Administrasiyasının əməkdaşlarına təlimat verdim ki, İranın Azərbaycandakı səfiri ilə danışsınlar, bunu rəsmiyyətə çevirmək istəmirik. Dostca danışsınlar və buna son qoyulmasının vacibliyini söyləsinlər. Bu, bizə hörmətsizlikdir, Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlikdir, buna son qoyulmalıdır.” Qeyri-rəsmi danışıqlar nəticəsiz qaldığından Azərbaycan artıq rəsmi formada diplomatik nota verməli oldu. İranın ölkəmizdəki səfiri Azərbaycan Xarici İşlər Nazirliyinə dəvət edildi, şikayətlər səfirə bildirildi və bu duruma son qoyulması xahiş edildi. Notanın verilməsindən keçən bir ay ərzində daha 60 İran TIR-ının qanunsuz şəkildə Qarabağa hərəkət etdiyi məlum oldu və Azərbaycan bunun qarşısını almaq üçün artıq praktik addımlara keçdi: “Bizim davranış və addımlarımız məsuliyyətlidir, dostluq münasibətlərinə əsaslanmaqdadır. İlk dəfə sözlə xəbərdarlıq, ikinci dəfə rəsmi nota, üçüncü dəfə nəzarət məntəqələri, gömrük, sərhəd, polis. Beləliklə, biz Azərbaycan ərazisindən keçən yola nəzarət etməyə başladıq və sonrasında Qarabağa gedən TIR-ların sayı sıfıra düşdü. Baxın, məsələni bu həddə çatdırmağa gərək vardı?”

Doğrudan da, cənab Prezidentimizin dediyi kimi, məsələni bu həddə çatdırmadan, iki dövlət arasındakı qonşuluq münasibətlərinə xələl gətirmədən, İran vətəndaşları Azərbaycanın dövlət sərhədini qanunsuz keçdikləri və gömrük qanunvericiliyinin tələblərini kobudcasına pozduqları üçün həbs edilmədən problemi yoluna qoymaq daha yaxşı olmazdımı?

Nəhayət ki, 20 oktyabr 2021-ci ildə İran Avtomobil Nəqliyyatı Təşkilatının Beynəlxalq Daşımalar və Tranzit İdarəsinin baş direktoru Məhəmməd Cavad Hidayəti bu ölkənin yük maşınlarının Laçın dəhlizindən keçməklə Qarabağa getməsini qadağan edən qərar imzalayıb. Təşkilat Xarici İşlər Nazirliyinin 9 oktyabr tarixli direktivinə əsaslanaraq İran beynəlxalq nəqliyyat şirkətlərinin həmkarlar ittifaqlarına məktub ünvanlayıb. Məktubda qeyd olunub ki, qurum rəsmi sərhəd-keçid məntəqələri xaricində Azərbaycan Respublikası ərazisinə hər hansı bir girişi bu ölkənin ərazi bütövlüyünün pozulması kimi qiymətləndirir. Bundan əlavə, nəqliyyat şirkətlərinə Rusiya sülhməramlılarının müvəqqəti nəzarət etdiyi ərazilərdə yaşayan ermənilərlə hər hansı bir ticarət müqaviləsinin imzalanması və bu regiona göndəriş sənədlərinin verilməsi də qadağan edilib.

Qarşılığında Azərbaycan yenə humanizm, qarşılıqlı hörmət və mehriban qonşuluq prinsiplərindən çıxış edərək xoş niyyət nümayiş etdirdi. Dövlət Gömrük Komitəsinin məlumatına görə, İran vətəndaşları Barzegar Haghı Jafar Ghazanfar və Norouzı Shahroud Heıdarı öz ölkələrinə qaytarılıb.

Xatırladaq ki, adıçəkilən şəxslər malları sənədlərdən və gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə Azərbaycanın gömrük sərhədindən qaçaqmalçılıq vasitəsilə keçirmələrinə, habelə mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda, qanunsuz olaraq keçdiklərinə görə saxlanılmışdılar.

Azərbaycan regionda sülh, qonşu dövlətlərlə qarşılıqlı hörmət və mehriban qonşuluq münasibətləri istəyir, bu yöndə addımlar atır. Eyni zamanda, Vətən müharibəsindən keçən bir ilə yaxın müddət ərzində işğaldan azad olunmuş ərazilərdə yeni hərbi hissələr, sərhəd zastavaları tikilib, dövlət sərhədimizin yüksək səviyyədə qorunması üçün zəruri işlər görülür. Çünki biz öz ərazi bütövlüyümüzü bərpa etdiyimiz kimi, onu qorumağı, sərhədlərimiz çərçivəsində qanunlarımızın aliliyinin təmin edilməsini də bacarırıq.