İkinci Fəxri xiyabanda Vətən müharibəsi şəhidlərinin anım mərasimləri keçirildi
Noyabrın 3-də İkinci Fəxri xiyabanda Vətən müharibəsi şəhidləri - polkovnik-leytenant Qərib İnqilab oğlu Baxşəliyevin, Anar Kərəm oğlu Məmmədovun, İlqar Etibar oğlu Ramazanlının və İsmayıl Ceyhun oğlu Kərimlinin şəhidlik zirvəsinə ucalmalarının ildönümü ilə əlaqədar onların xatirəsini anım mərasimi təşkil olundu.
Mərasimdə Milli Məclisin sədrinin müavini Adil Əliyev, Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyev, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, Yasamal Rayon İcra Hakimiyyətinin nümayandələri, Milli Məclisin deputatları, YAP Xətai, Yasamal, Nəsimi, Nərimanov rayon təşkilatının nümayəndələri, Müdafiə Nazirliyinin idarə və təşkilatlarının əməkdaşları, şəhidlərin ailə üzvləri, yaxınları, Vətən müharibəsi iştirakçıları və digər ictimaiyyət nümayəndələri iştirak edirdilər.
Əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Milli Məclisin sədrinin müavini Adil Əliyev mərasimdə çıxış edərək bildirdi ki, Ermənistan 30 il ərzində torpaqlarımızı işğal altında saxladı: “Müzəffər Ali Baş Komandan İlham Əliyev istəyirdi ki, torpaqlarımız sülh yolu ilə geri qaytarılsın. Lakin işğalçı Ermənistan bütün beynəlxalq konvensiyaları və qanunları pozaraq torpaqlarımızı işğal altında saxlayırdı. 2016-cı ilin Aprel döyüşləri göstərdi ki, yağı düşmən torpaqlarımızı geri qaytarmaq niyyətində deyil. Bu döyüşlərdə qüdrətli Azərbaycan Ordusu ləyaqətlə Ermənistanın təxribatının qarşısını aldı, düşməni yerinə oturtdu. Lakin düşmən bundan dərs almır, yenə də sülh danışıqlarından boyun qaçırırdı. 2018-ci ilin may ayında Günnüt hadisələri baş verdi. Yenidən Azərbaycan ərazisində - Naxçıvan Muxtar Respublikasında təxribat törədən düşmən məğlubiyyətə uğradıldı. Beləliklə, Naxçıvan Muxtar Respublikasının 11 min hektardan artıq ərazisi və Şərur rayonunun Günnüt kəndi düşməndən təmizlənərək dövlət sərhədi boyunca əlverişli mövqelər Azərbaycan Ordusunun nəzarəti altına keçdi. Daha sonra 2020-ci ilin iyul ayında Tovuz hadisələri baş verdi. Bu döyüşlərdə də Ermənistanın təxribatlarının qarşısı uğurla alındı, biz də şəhidlər verdik. Lakin düşmən bundan da nəticə çıxarmadı.”
A.Əliyev qeyd etdi ki, daha sonra Ermənistanın yüksək çinli məmurları müxtəlif sərsəm bəyanatlar səsləndirdilər: “Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağa gələrək “Qarabağ Ermənistandır” deməklə bütün danışıqlar prosesini məhv etdi. O, danışıqlar prosesinin bundan sonra heç bir nəticə verməyəcəyini dilə gətirdi. Artıq Azərbaycan xalqının səbri tükənmişdi. Prezident İlham Əliyevin əmri ilə Azərbaycan Ordusu 2020-ci il sentyabrın 27-də uğurlu əks-hücum əməliyyatı həyata keçirərək Vətən müharibəsinin ilk günündən torpaqlarımızın yağı düşməndən təmizlənməsinə başladı. Beləliklə, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qüdrətli Azərbaycan Ordusu və xalqımızın həmrəyliyi ilə torpaqlarımız işğaldan azad edildi. Müharibənin ilk günündən etibarən Azərbaycanın igid əsgər və zabitləri böyük qəhrəmanlıq göstərdilər.”
A.Əliyev vurğuladı ki, bu gün biz şəhid qardaşlarımızın sayəsində Vətən müharibəsi haqqında qürurla, fəxrlə danışırıq: “Bu Qələbəni Azərbaycanın igid, qəhrəman oğullarının sayəsində qazandıq. Öz millətimizdən olan xain düşmənlər Vətən müharibəsində qazandığımız Qələbəyə kölgə salmaq istəyirdilər. Lakin Azərbaycan xalqının birliyi, gücü öz sözünü dedi, düşmənləri yerində oturtdu. Bütün dünyaya sübut etdik ki, Azərbaycan xalqı qəhrəman və qorxmaz xalqdır. Şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Şəhidlik ən uca zirvədir. Onların valideynlərinə, yaxınlarına Allahdan səbir diləyirəm. Eyni zamanda, şəhidlərin valideynlərinin qarşısında baş əyirəm. Allahdan bütün şəhidlərimizə rəhmət diləyir, qazilərimizə cansağlığı arzulayıram.”
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin rəis müavini, Vətən Müharibəsi Qəhrəmanı, polkovnik Nizami Mövlanov mərasimdəki çıxışında İkinci Qarabağ müharibəsində qəhrəman əsgər və zabitlərimizin göstərdikləri şücaətdən söz açdı. O, qeyd etdi ki, məhz şəhidlərimizin və qazilərimizin göstərdiyi şücaət, igidlik, Vətən, millət sevgisi bizi Qələbəyə daha da yaxınlaşdırdı: “Bütün şəhidlərimizin ruhu, eləcə də onların övladlarının, valideynlərinin qarşısında baş əyirəm. Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə cansağlığı, Vətən yolunda canını fəda etmiş insanların ailələrinə, yaxınlarına səbir diləyirəm.”
Mərasimdə Xalq artisti Əli Nur çıxış edərək Azərbaycanın Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərdən, şəhidlərin döyüş yollarından, ermənilərin vaxtilə işğal altında olan ərazilərimizdə törətdikləri vəhşiliklərdən danışdı, Vətən haqqında şeirlər səsləndirdi.
Mərasimdə çıxış edən şəhid anası Gülnarə Mirzəyeva söylədi ki, Vətən müharibəsində Azərbaycan xalqı və Ordusu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək böyük Zəfər qazandı. O, Milli Qəhrəman, şəhid polkovnik İlqar Mirzəyevin anası olduğunu və bununla qürur duyduğunu bildirdi. G.Mirzəyeva İlqarla bağlı xatirələrindən danışaraq oğlu ilə fəxr etdiyini, onun doğma torpaqlarımızın azad olunmasında göstərdiyi şücaətdən, qəhrəmanlıqdan danışdı, Allahdan bütün şəhidlərimizə rəhmət dilədi.
Mərasimdə, həmçinin məktəblilər Vətən haqqında şeirlər səsləndirdilər.
Sonda şəhidlərin ruhuna dualar oxundu, məzarları üzərinə əklillər, tər gül-çiçək dəstələri düzüldü.
Sonra Xətai rayonundakı Sarayevo kücəsi 14-də Vətən müharibəsi şəhidi, polkovnik-leytenant Qərib İnqilab oğlu Baxşəliyevin abidə kompleksinin qarşısında onun anım mərasimi davam etdirildi.
Laçın uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Qərib Baxşəliyevin anım mərasimində Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyev, Nəriman Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Milli Məclisin deputatı Mahir Abbaszadə, YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, Müdafiə Nazirliyinin idarə və təşkilatlarının əməkdaşları, şəhidin ailə üzvləri, yaxınları, Vətən müharibəsi iştirakçıları və digər ictimaiyyət nümayəndələri iştirak edirdilər.
Əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyev söylədi ki, bu gün Vətən müharibəsi şəhidi Qərib Baxşəliyevin xatirəsini ehtiramla yad edirik: “Bu qəhrəmanımız İkinci Qarabağ müharibəsində mənfur ermənilərə qarşı şücaətlə vuruşaraq şəhid olub. Bu abidə kompleksinin yaradılması şəhidimizin əziz xatirəsinin daim anılması və xüsusən də gənclərimizin vətənpərvərlik ruhunda yetişməsi məqsədini daşıyır. Hər birimiz şəhidlərimizin vətənpərvərlik nümunələrini özümüzə örnək bilməli, onların həyat və döyüş yollarını öyrənməliyik.”
R.Quliyev qeyd etdi ki, Azərbaycan Ordusu 2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq uğurlu əks-hücum əməliyyatı həyata keçirərək Vətən müharibəsinin ilk günündən torpaqlarımızın yağı düşməndən təmizlənməsinə başladı: “Qısa zaman kəsiyində - 44 gün ərzində işğalçı Ermənistan ordusu darmadağın edildi. Azərbaycan Ordusunun peşəkarlığı sayəsində Vətən müharibəsi zamanı hər gün qələbələr qazandıq. Azərbaycanın Vətən müharibəsində qazandığı Qələbədə bütün xalqımızın xidməti olub. Hazırda düşmən işğalından azad olunmuş ərazilərimizdə böyük abadlıq-quruculuq işləri həyata keçirilir. Bu ərazilər qısa zamanda ən müasir görkəm alacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin!”
Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev çıxışında vurğuladı ki, Azərbaycanın bütün şəhidləri xalqımızın şərəf, qürur mənbəyidir: “Bu gün şəhidlərimizin uyuduqları məzarlar xalqımızın müqəddəs ziyarətgahına çevrilib. Biz 30 il vaxtilə işğal altında olan doğma torpaqlarımızın həsrəti ilə yaşamışıq. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həmin ərazilərimizdə böyük abadlıq-quruculuq işləri reallaşdırılır. Azad olunan doğma torpaqlarımızda bütün şəhərlər, kəndlər, qəsəbələr yenidən qurulacaq, böyük infrastruktur layihələri həyata keçiriləcək. Füzuli rayonunda 8 ay ərzində beynəlxalq hava limanı istifadəyə verildi. Oktyabrın 26-də Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimi, Zəngilan rayonunda “Ağıllı kənd”in təməlqoyma mərasimi oldu, dövlət başçıları orada həyata keçirilən infrastruktur layihələri ilə bağlı işlərlə tanış oldular. Bu gün Şuşa şəhərinə çəkilən Zəfər yolu xalqımızın Zəfərinin ən gözəl nümunələrindən biridir.”
A.Fərzəliyev qeyd etdi ki, Qərib Baxşəliyevin övladları xalqmızın fəxrdirlər, xoşbəxt yaşamağa layiqdirlər: “Onun dörd uşağı yadigar qalıb. Arzu edirəm ki, onların xeyir işlərinə yığışaq. Bütün şəhidlərimizin ruhu şad olsun. Onların ruhu qarşısında baş əyirəm. Mərasimin təşkilatçılarına təşəkkür edirəm. Allah şəhidlərimizə rəhmət eləsin.”
Milli Məclisin deputatı Mahir Abbaszadə şəhid Qərib Baxşəliyevin ailəsinin son bir ildə bütün qayğılarını, çətinliklərini qarşıladıqlarına görə Xətai və Nərimanov rayonları icra hakimiyyətlərinin başçılarına təşəkkür etdi: “Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman oğullarımızın həyatları bahasına azad olunmuş torpaqlarımızda bu gün müqəddəs bayrağımızın dalğalanması hər birimiz üçün qürurvericidir: “Şəhidlərimiz Azərbaycan tarixinin ən şanlı səhifəsini yazmış igidlərimizdir. Bu qəhrəmanların timsalında biz Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qüdrətini, gücünü əyani şəkildə gördük. Onlar bizim qəlbimizdəki 30 illik Qarabağ nisgilinə son qoydular. Şəhidlərimiz Azərbaycan oğullarının qəhrəman, igid, yenilməz olduqlarını sübut etdilər. Onlar Azərbaycanın hər bir vətəndaşına örnək olan bir həyat yolu keçdilər. Mən bütün şəhidlərimizin valideynləri qarşısında baş əyirəm. Şəhidlər təkcə valideynlərinin deyil, hər bir azərbaycanlının, Azərbaycanı sevənlərin əzizi, doğmasıdır. Onlar Azərbaycan tarixində, xalqımızın yaddaşında əbədi yaşayacaqlar. Allah bütün şəhidlərimizə rəhmət eləsin!”
Mərasimdə YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə çıxış edərək söylədi ki, bu gün şəhid Qərib qardaşımızın ruhu bu məkanda başımızın üzərində dolaşır: “O, bu məkanda yaşayıb, böyüyüb. Həqiqətən də Qərib kimi oğullar xalqımıza, dövlətimizə Vətən sevgisi nümunəsini ortaya qoyublar. Bu qəhrəmanlar xalqımız üçün əsrlər boyu böyük bir vətənpərvərlik nümunəsi yaratdılar. Əminəm ki, hər bir gənc soydaşımız, ümumilikdə bütün vətəndaşlarımız şəhidlərimizin qəhrəmanlıq yolunu – xalqına, Vətəninə, dövlətinə bağlılıq nümunəsini öyrənəcək və bu sevgi ilə öz həyatlarını quracaqlar. Ordumuz, xalqımız Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək işğal altında olan torpaqlarımızı azad etdilər. Bu, əsrlər boyu yaşayacaq bir qəhrəmanlıq tarixi, Zəfər salnaməsidir. Bu salnamə bizim tariximizdə əbədi yaşayacaq bir hadisədir. Mən bu şəhid qəhrəmanların ruhu, onları böyüdən valideynlərin qarşısında baş əyirəm. Həmçinin qazilərimizə, ordumuzda xidmət edən hər bir hərbçimizə dərin hörmət və ehtiramımı ifadə edirəm.”
V.Rəhimzadə vurğuladı ki, həqiqətən də bu insanlar bizim qürurumuzun olduğunu təsdiq etdilər, Vətənə, torpağa bağlılığımızın bir nümunəsini ortaya qoydular: “Həmçinin onlar əsl vətəndaş olmağın nümunəsini yaratdılar. Respublikamızın bütün rayon və şəhərlərində şəhidlərimizin xatirəsi əbədiləşdirilir. Bu insanlar çox böyük bir qəhrəmanlıq nümunəsi göstəriblər, onlar hər bir Azərbaycan vətəndaşının qəlbində özlərinə əbədi abidə ucaldıblar. Zaman keçdikcə şəhidlərimiz haqqında filmlər çəkiləcək, böyük romanlar, povestlər yazılacaq. Çünki onlar Azərbaycan tarixinin əbədi, parlaq nümunəsini ortaya qoyan qəhrəmanlarımızdır. Mən bir daha Qərib qardaşımızın timsalında bütün şəhidlərimizə Allahdan rəhmət diləyir, ruhları qarşısında baş əyirəm. Həmçinin onların valideynlərinin və övladlarının, qazilərimizin qarşısında baş əyirəm.”
Mərasimdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin rəis müavini, Vətən Müharibəsi Qəhrəmanı, polkovnik Nizami Mövlanov və Vətən Müharibəsi Qəhrəmanı, polkovnik-leytenant Anar Mirzəyev çıxış edərək şəhid Qərib Baxşəliyevlə bağlı xatirələrini bölüşdülər, onun yüksək insani və peşəkar hərbçi keyfiyyətlərinə malik olduğunu vurğuladılar.
Mərasimdə şəhid Rövşən Nurzadənin atası, Xalq artisti Əli Nur çıxış edərək şəhidlərin qəhrəmanlığından, onların döyüş yolundan söz açdı.
Daha sonra məktəblilərin təqdimatında Vətənə, şəhidlərə həsr olunan şeirlər səsləndirildi.
Şəhidin atası İnqilab Baxşəliyev çıxış edərək respublikamızın ərazi bütövlüyü uğrunda şəhid olmuş Qərib kimi qəhrəmanların həyat yolunun gənc nəslə örnək olduğunu vurğuladı. Şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirdi. Həmçinin abidə kompleksinin yaradılmasına görə Xətai Rayon İcra Hakimiyyətinin rəhbərliyinə təşəkkür etdi.
Mərasimdə şagirdlər Vətənə, şəhidlərə həsr olunan şeirlər səsləndirdilər. Sonda mərasim iştirakçıları hərbi orkestrin marş sədaları altında xatirə lövhəsinin qarşısına əklillər qoydular, tər gül-çiçək dəstələri düzdülər.
Cavid Əkbərov,
Vüsal Cahanov (foto),
“İki sahil”