KÖŞƏ

Mahir Rəsuloğlu

Toplanmayanların yerini dəyişəndə...

16 noyabr 2021 22:13
664

Cəm Paşinyanın “zuqzvanq” vəziyyətində qalması deməkdir

Ermənistanın baş naziri Nikol Paşinyanın gözlənilmədən növbəti dəfə müdafiə nazirini dəyişməsi düşmən ölkənin informasiya məkanında ermənilərin öz təbirincə desək, “əsl fırtına” yaradıb. Xatırladaq ki, noyabrın 15-də Paşinyanın təklifi ilə prezident Armen Sarkisyan Arşak Karapetyanı nazir vəzifəsindən azad edərək, onun yerinə baş nazirin müavini Suren Papikyanı təyin edib. Bu, İkinci Qarabağ müharibəsi başa çatandan sonra Ermənistanda artıq dördüncü müdafiə naziri dəyişikliyidir.

Müharibə zamanı düşmən ölkədə bu postu tutan David Tonoyan Ermənistanın acı məğlubiyyətindən dərhal sonra – 2020-ci ilin noyabrın 20-də işdən çıxarıldı və həmin posta Vaqarşak Arutyunyan təyin olundu. O, 2021-ci ilin iyulun 20-də vəzifəsindən azad edildikdən sonra avqustun 2-də yerinə Arşak Karapetyan gətirildi. Nəhayət, Azərbaycan-Ermənistan sərhədində düşmən ölkə ordusunun tör-töküntüləri tərəfindən son günlər törədilmiş uğursuz təxribat cəhdlərindən sonra Paşinyan Müdafiə Nazirliyinin rəhbərliyində yenidən kadr dəyişikliyi etdi.

Yeni təyinatla bağlı Ermənistan mətbuatında yazılanlara və erməni ekspertlərin münasibətinə keçmədən öncə qeyd edək ki, Suren Papikyan mülki şəxsdir və hərbi xidmətini çıxmaq şərtilə rəhbərlik edəcəyi sahə ilə hər hansı əlaqəsi olmayıb. Hərbi xidmətini isə yeni nazir yarımçıq keçib – çünki dəfələrlə zorlandığı üçün komandirini bıçaqlayıb, həbs edilib və 2006-cı ildə amnistiya nəticəsində azadlığa çıxıb.

Erməni hərbi ekspert David Arutyunov yerli mətbuata açıqlamasında Karapetyanın vəzifədən uzaqlaşdırılmasını hakimiyyətin sərhəddəki hadisələrə həssas yanaşması ilə əlaqələndirib. Papikyanın təyinatına gəlincə, hakimiyyət Müdafiə Nazirliyindəki sistemli problemlərin həllinə ümid edərək, nazir postunu hakim elita içərisində yüksək statusa malik olan şəxsə həvalə edib. Lakin ekspert Papikyanın bunun öhdəsindən gələ biləcəyinə şübhə edir. Birincisi, ona görə ki, bu problemlər heç bir halda Müdafiə Nazirliyi ilə məhdudlaşmır, daha geniş xarakter daşıyır. Üstəlik, problemlərin etimologiyasını da siyasi rəhbərlik daxilində axtarmaq lazımdır. Bu baxımdan, təkcə naziri dəyişməklə Müdafiə Nazirliyində “asayişi” bərpa etmək mümkünsüzdür:

“Ermənistan silahlı qüvvələrinin qarşısında duran problemlər o qədər çoxdur ki, bir nəfər onları həll etmək iqtidarında deyil. Bu mənada hakimiyyətin yanaşmasını o qədər də düzgün hesab etmirəm. Hərbi təcrübəsi, bu sahədə bilik və bacarıqları olan şəxsi təyin etmək lazım idi.”

Politoloq Suren Sureniantsın isə yeni kadr dəyişikliyinə münasibəti daha kəskindir. O, hesab edir ki, Papikyanın nazir təyin edilməsi Paşinyanın istefasını elan etməsinə bərabərdir: “Mənə elə gəlir ki, Papikyanın müdafiə naziri postuna gətirilməsi Nikol Paşinyanın düşdüyü zaman çətinliyindən və ya “zuqzvanq” (almanca “hərəkət etməyə məcbur etmək” - dama və şahmatda hər hansı bir oyunçunun hərəkətinin onun mövqeyinin pisləşməsinə səbəb olması-red.) vəziyyətindən xəbər verir. Mənim başqa izahım yoxdur.”

Erməni politoloqun fikrincə, hamı üçün aydındır ki, Papikyanın təyinatında məqsəd Paşinyan hökumətinin Müdafiə Nazirliyi üzərində nəzarətini gücləndirməkdir: “Ancaq bu, özlüyündə çox zəif və uğursuz tədbirdir. Hansısa mülki şəxs və ya siyasi xadim müdafiə naziri ola bilər, amma heç olmasa onun ordu ilə müəyyən qədər əlaqəsi olmalıdır. Yeni nazir isə hərbi sahəyə hər hansı yaxınlığı ilə öyünə bilməz.”

Qeyd edək ki, Suren Papikyanın təyinatı son günlər erməni kütləvi informasiya vasitələrinin ən çox müzakirə edilən mövzusudur və artıq yerli mətbuatda müdafiə nazirinin bu vəzifəyə müvəqqəti olaraq gətirildiyi, məqsədin isə nazirlik sistemində ciddi kadr islahatlarının aparılması olduğu barədə xəbərlər yayılıb. “Joqovurd” qəzeti dünənki nömrəsində bu barədə öz məlumatına istinadən yazır: “Ermənistan 

hökumətindəki mənbələrimizin bildirdiyinə görə, Nikol Paşinyan Papikyanı Müdafiə Nazirliyinə sırf bu qurumda baş verənləri anlamaq məqsədi ilə təyin edib. Baş nazir bu nazirliyi layiqincə “silkələmək” niyyətindədir. Nəticədə çoxlu rəhbər şəxslər, o cümlədən yüksək rütbəli hərbçilər – baş qərargah rəisi Artak Davtyan, onun müavinləri və digər generallar “uçacaq.”

“Past” qəzeti də öz növbəsində yazır ki, Müdafiə Nazirliyində kadr “təmizləmələri” bir nazir dəyişikliyi ilə məhdudlaşmayacaq. Qəzetin məlumatına görə, yaxın vaxtlarda həm Müdafiə Nazirliyində, həm də baş qərargahda köklü dəyişikliklər gözlənilir.

İkinci Qarabağ müharibəsindəki məğlubiyyətin yüksək çinli zabitlərin səhvi ilə bağlı olmadığını, nəticələrinin kökündə məhz Ermənistanın işğalçılıq siyasətinin dayandığını anlayana, öz mənfur siyasətlərindən əl çəkənə qədər düşmən ölkədə hələ çox belə yerdəyişmələr, qarşılıqlı ittihamlar baş alıb gedəcək. Məntiqi nəticə isə belədir ki, əgər ordu darmadağın olubsa, yaxud bir yerə toplamağa əsgər yoxdursa, o zaman bu “toplanmayanların” yerinin dəyişməsi Paşinyanı “zuqzvanq” vəziyyətindən çıxara bilməz. Ya da belə deyək: Toplanmayanların yerini dəyişəndə də cəm dəyişmir...

Məhərrəm Ağalaroğlu
Anama məktub
Elşad Miraləm
BİZ KİMİK?