21 noyabr 2021 10:32
1197

Beynəlxalq əlaqələrin genişləndirilməsi YAP-ın fəaliyyətinin əsas istiqamətlərindən biridir

29 il öncə– 1992-ci il noyabrın 21-də yenicə müstəqilliyini bərpa edən gənc respublikamızın tarixində çox əlamətdar bir hadisə gerçəkləşdi. Həmin gün Yeni Azərbaycan Partiyası siyasi həyata vəsiqə aldı. Təsis konfransını 1992-ci il noyabrın 21-də  respublikanın müxtəlif bölgələrindən 550 nümayəndənin iştirakı ilə Naxçıvanda keçirən Yeni Azərbaycan Partiyası bu gün milyonların partiyasına çevrilərək, 760 minə yaxın üzvü sıralarında birləşdirməklə   ulu öndər Heydər Əliyevin  ideyalarının,  həyata keçirilən siyasətin təbliğatçısı və iştirakçısı kimi yeni-yeni hədəflərin gerçəkləşməsinə öz töhfəsini verir. Yeni Azərbaycan Partiyasının yaradılması həqiqətən də xalqımızın və dövlətimizin həyatında tarixi hadisə idi.

YAP yarandıqdan bu günə qədər ölkəmizdə ciddi və məqsədyönlü islahatlar aparılıb. Xüsusi qeyd etmək lazımdır ki, respublika ərazisində mövcud olan bütün xoşagəlməz halların qarşısı alınıb, ölkədə daxili sabitlik yaranıb. Önəmli məsələlərdən biri də Yeni Azərbaycan Partiyasının xarici əlaqələridir. Məlum olduğu kimi, bu əlaqələr gündən-günə genişlənir. YAP təsis edildikdən, xüsusilə iqtidar partiyasına çevrildikdən sonra Azərbaycan müstəqil dövlət kimi dünyaya inteqrasiya etməyə başladı. Bu proses həm də xarici siyasətimizdə önəmli rol oynadı. Belə ki, xarici siyasət sahəsində aparılan islahatlardan sonra bu istiqamətdə prioritet məsələlər müəyyənləşdirildi. Bu da öz növbəsində ölkəmizin inkişafına və beynəlxalq arenada nüfuzunun artmasına səbəb oldu.

Yeni Azərbaycan Partiyası Azərbaycan tarixindəki müstəsna roluna istinad edərək keçmişlə yaşamır, gələcəyə hədəflənir, dünyada, regionda və ölkədə baş verən proseslərə çevik reaksiya verir, ictimai düşüncənin, bəzən hətta ciddi məntiqi arqumentlərə əsaslanan fərdi baxışların formalaşdırdığı yeni tələbləri daha düzgün qiymətləndirməyə çalışır.  Ekspertlərin qənaətinə görə, Azərbaycanın müstəqil və səmərəli xarici siyasətinin fonunda Yeni Azərbaycan Partiyasının da beynəlxalq əlaqələri mütəmadi olaraq genişlənir və birmənalı şəkildə dövlətin milli maraqlarına xidmət edir. 

Qeyd etdiyimiz kimi, Yeni Azərbaycan Partiyasının fəaliyyəti yalnız ölkə sərhədləri ilə məhdudlaşmır və müxtəlif ölkələrin aparıcı siyasi partiyaları YAP-la əməkdaşlığa və əlaqələrin möhkəmlənməsinə xüsusi əhəmiyyət verirlər. YAP bundan sonra da ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində özünün xarici əlaqələrini genişləndirməyi nəzərdə tutur. Çünki beynəlxalq müstəvidə əlaqələrin genişləndirilməsi YAP-ın fəaliyyətinin əsas istiqamətlərindən biridir. Bu vacib amili diqqət mərkəzində saxlayan partiyanın beynəlxalq əməkdaşlığının coğrafiyası genişlənərək keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. YAP müasir qloballaşan dünyanın çağırışlarına çevik reaksiya verərək, əməkdaşlıq imkanlarından maksimum faydalanır və Azərbaycan həqiqətlərini beynəlxalq ictimaiyyətə çatdırmaq istiqamətində geniş fəaliyyət göstərir.

Yeni Azərbaycan Partiyası ən sıx və geniş beynəlxalq əlaqələrə malik olan partiyadır. YAP Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının üzvüdür. Bu təşkilat 50-dən artıq dövləti və siyasi partiyanı özündə birləşdirir. YAP Konfransın təkcə sıravi üzvü deyil, o, həm də daimi komitənin üzvü kimi də təqdim olunur. YAP-ın Türkiyənin Ədalət və İnkişaf Partiyası ilə həm Asiya Siyasi Partiyalar Beynəlxalq Konfransı çərçivəsində, həm də ikitərəfli qaydada sıx əməkdaşlığı mövcuddur. Onun, həmçinin Rusiyanın “Yedinaya Rossiya” Partiyası, Gürcüstanın, Tacikistanın, Qırğızıstanın, Özbəkistanın, Qazaxıstanın da bəzi partiyaları ilə sıx əməkdaşlığı var. YAP Avropa Xalqları Partiyasında da təmsil olunur. Həmin blok çərçivəsində digər partiyalarla  sıx münasibətlər qurur. Bu əməkdaşlıq çərçivəsində həmin partiyalarla YAP arasında bir sıra layihələr həyata keçirilməkdədir. Hazırda YAP-ın ən sıx əməkdaşlıq etdiyi partiyalardan biri isə Çin Kommunist Partiyası və Vyetnam Sosialist Partiyasıdır. Bu partiyalarla həm Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı çərçivəsində, həm də ikitərəfli qaydada sıx əməkdaşlıq münasibətləri qurulub.

Göründüyü kimi, YAP-ın beynəlxalq əlaqələri həm başqa ölkələrin siyasi partiyaları ilə əməkdaşlığın, həm də beynəlxalq təşkilatlarda təmsilçiliyinin yüksək nümunəsidir. Bu əlaqələrdə dost və qardaş Türkiyənin, MDB üzvü olan ölkələrin, Avropa və Asiyanın bir sıra aparıcı siyasi partiyaları və qurumları ilə münasibətlər prioritet istiqamətlərdir. Yeni Azərbaycan Partiyası Türkiyə, Rusiya, Ukrayna, Gürcüstan, Qazaxıstan, Kanada, Hindistan, Çin, Cənubi Koreya, Pakistan, Tacikistan və digər ölkələrin əsas siyasi partiyaları ilə uzun müddətdən bəri sıx və qarşılıqlı münasibətlərə malikdir. Mütəmadi olaraq bu partiyalar arasında intensiv görüşlər keçirilir, fikir və təcrübə mübadilələri aparılır. Eyni zamanda, YAP nüfuzlu beynəlxalq qurumlarda təmsil olunmaqla Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində mühüm tribuna əldə edib. Partiya beynəlxalq əlaqələrini bir neçə istiqamətdə inkişaf etdirir. Həm Avropanın, həm də Asiyanın müxtəlif siyasi təşkilatları ilə geniş əməkdaşlıq münasibətləri quran YAP Mərkəzçi Beynəlxalq Demokratlar Təşkilatı ilə də geniş əlaqələrə malikdir.

Bütün bunlarla bərabər, YAP-ın təşəbbüsü və təşkilatçılığı ilə ölkəmizdə müxtəlif konfrans və forumların keçirilməsi, partiyanın nümayəndələrinin Avropada müxtəlif siyasi forumlarda uğurla təmsil olunmaları kimi faktlar da partiyanın əhatəli əməkdaşlıq əlaqələrinə dəlalət edir. Bundan başqa, partiyanın Gənclər Birliyinin nümayəndələrinin Avropanın gənclər təşkilatlarının müxtəlif forumlarında uğurla təmsil olunmaları kimi amillər də çoxşaxəli əməkdaşlıq əlaqələrinin inkişafına mühüm töhfələr verir.

Bütün bunlar belə bir qənaətə gəlməyə əsas verir ki, YAP fəaliyyət göstərdiyi müddətdə həm də Azərbaycanın beynəlxalq imicinin möhkəmlənməsində müstəsna rol oynayıb və hazırda bu proses uğurla davam etməkdədir. Bu əlaqələr həm də belə bir əminlik yaradır ki, ümumxalq partiyası olan YAP bundan sonra da özünün xarici əlaqələrini ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində uğurla davam etdirəcək.

Yaqut Ağaşahqızı, “İki sahil”