03 dekabr 2021 00:42
1205

Azərbaycan Avropa üçün strateji əhəmiyyət daşıyan ölkədir

Prezident İlham Əliyevin Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbulunda Şərq Tərəfdaşlığı Sammitinin gündəliyinin əsas müzakirə mövzusu olması ölkəmizin söz sahibliyinin təsdiqidir

«Azərbaycan ərazilərinin uzun müddət Ermənistan tərəfindən işğalına son qoydu. Azərbaycan Ermənistan qoşunlarının bizim ərazilərimizdən tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamələrini özü yerinə yetirdi və Azərbaycan müharibəyə son qoydu. Ona görə də indi sülh barədə düşünmək və səhifəni çevirmək vaxtıdır. Biz buna hazırıq. Bu gün biz cənab Prezidentlə planlarımızı, təşəbbüslərimizi və yeni yaranmış vəziyyətə yanaşmalarımızı geniş şəkildə müzakirə etdik. Düşünürəm ki, nisbətən qısa zamanda xoş məram və çox praqmatik yanaşma nümayiş etdirməklə, biz hələ də masa üzərində qalan məsələlərin əksəriyyətini həll edə və bölgədə geniş regional əməkdaşlığın təməlini qoya bilərik. Avropa İttifaqı bu baxımdan çox mühüm rol oynayır və əminəm ki, oynayacaq.» Bu ilin iyulunda Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin ölkəmizə səfəri zamanı keçirdikləri birgə mətbuat konfrasında səsləndirdiyi bu fikirlər Azərbaycanla qurum arasında münasibətlərə, eyni zamanda, günümüzün əsas məsələsi olan sülh müqaviləsinin imzalanmasına Avropa İttifaqının dəstəyi ilə bağlı ölkəmizin gözləntilərinə işıq saldı. Dövlət başçısı İlham Əliyev, həmçinin qeyd etmişdir ki, cənab Prezidentin Cənubi Qafqazın 3 ölkəsinə səfəri Avropanın iştirakını, Avropa gündəliyini nümayiş etdirir və bu, bizim gündəliyimizə tam uyğundur. Bu məsələdə də bizim fikirlərimiz üst-üstə düşür və əlbəttə ki, bağlılıq və işğaldan azad edilmiş ərazilərin yenidən qurulması məsələləri baxımından münaqişədən sonrakı inkişaf hər zaman aramızdakı gündəlikdə olacaq.

Azərbaycanın xarici siyasət uğurları, diplomatik qələbəsi göstərir ki, Azərbaycan bütün ölkələrlə, güc mərkəzləri ilə çox səmərəli, işgüzar, bərabərhüquqlu münasibətlər qurub. Bu münasibətlər qarşılıqlı inam, hörmət, bir-birinin işinə qarışmamaq prinsipləri əsasında qurulur. Cənab İlham Əliyev çıxışlarında xarici siyasətimizin əsas prioritet istiqaməti kimi Avropa İttifaqı və quruma üzv olan ölkələrlə əməkdaşlığa xüsusi diqqət yönəldərək bildirir ki, Avropa İttifaqına üzv ölkələrin üçdəbir hissəsi ilə Azərbaycanın strateji tərəfdaşlığı haqqında sənədlər vardır. Bu, əlbəttə, onu göstərir ki, Azərbaycan Avropa üçün strateji əhəmiyyət daşıyan ölkədir.

Dünyanı cənginə alan koronavirus infeksiyası ilə mübarizə tədbirlərinə uyğun olaraq ötən il qarşılıqlı səfərlərdə durğunluq yaransa da, videoformatda təşkil olunan görüşlər, beynəlxalq əhəmiyyətli tədbirlər münasibətlərin inkişafına, yeni prioritetlərin müəyyənləşdirilməsinə əlavə imkanlar yaratdı. Artıq son dövrdə bu səfərlər intensiv xarakter alıb. Dekabrın 1-də Prezident İlham Əliyevin Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edərkən Şərq Tərəfdaşlığı Sammitinin gündəliyinin müzakirə mövzusu olması bir daha Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolunun və yerinin təqdimatı oldu. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizin yaratdığı reallıqlar Azərbaycanın regionda və dünyada mövqeyinə yeni əlavələr etdi. Dünyanın siyasətində dəyişikliklər diqqətdən kənarda qalmır. Azərbaycan tarixi Zəfəri ilə dünya güclərinə, nüfuzlu beynəlxalq təşkilatlara bu həqiqəti çatdırdı ki, ədalət və beynəlxalq hüquq deyilən məfhum var, onların tətbiqi vahid mexanizmin müəyyənləşdirilməsini tələb edir. Azərbaycan dövləti 30 illik işğal dövründə ən yüksək tribunalardan bəyan edirdi ki, ikili standartlara əsaslanan siyasət qəbuledilməzdir. BMT Təhlükəsizlik Şurasının qətnamələri bəzi dövlətlər üçün bir neçə saat ərzində icra edilir, Azərbaycana gəldikdə isə 30 il gözləyir. Eyni bəyanatları cənab İlham Əliyev bir ildir tarixə qovuşan Dağlıq Qarabağ münaqişəsindən bəhs edərkən bu gün də səsləndirir və bildirir ki, problemin həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupu zamanında Ermənistana qarşı sərt addımlar atıb BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etməyə məcbur etsəydi, 44 günlük İkinci Qarabağ müharibəsi baş verməzdi.

Qeyd edək ki, Azərbaycan bu gün istər sülh müqaviləsinin imzalanmasında bütün beynəlxalq təşkilatların potensialından yararlanmağa səy göstərirsə, eyni istəklə 30 illik işğal dövründə də çıxış edirdi. Amma təəssüflər olsun ki, işğalçı Ermənistan və ona havadarlıq edən dövlətlər beynəlxalq fikri çaşdırmaq üçün Azərbaycanın bu addımını ATƏT-in Minsk qrupunun vasitəçiliyindən imtina kimi dəyərləndirirdilər.

Azərbaycan hər zaman Avropa ittifaqı, Avropa İttifaqı isə Azərbaycan üçün önəmli tərəfdaşdir. Ölkə Prezidenti İlham Əliyevin bu və ya digər Avropa ölkələrinə, eyni zamanda, Avropa ölkələri rəsmilərinin Azərbaycana bu günə qədər reallaşdırdıqları səfərlərinə, müzakirə olunan məsələlərə diqqət yetirsək, bu önəmi daha aydın şəkildə görə bilərik. Azərbaycanın bu gün dünyanın enerji təhlükəsizliyinin təminatında artan rolunu nəzərə alsaq, bu səfərlərin hər birində ölkəmizin enerji sektorunda qazandığı uğurlar, gündəmə gətirilən layihələrin coğrafiyasının genişləndirilməsi kimi məsələlər, eyni zamanda, bu gün artıq tarixə qovuşan Dağlıq Qarabağ münaqişəsinin əsas müzakirə mövzusu olduğunu görərik.

Ölkə Prezidenti İlham Əliyev Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimində «Avropa İttifaqı bu layihənin icrasında çox önəmli rol oynamışdır. Hələ 2011-ci ildə Bakıda Avropa İttifaqı ilə Azərbaycan arasında «Cənub Qaz Dəhlizi» haqqında Birgə Bəyannamə imzalanmışdır. Bu illər ərzində Azərbaycan daim Avropa İttifaqının dəstəyini hiss edib» söyləyərək bu məqamı da xüsusi vurğulamışdır ki, 2015-ci ildən bu günə qədər Avropa İttifaqı keçirilən toplantılarda ən yüksək səviyyədə təmsil olunur. Avropa İttifaqı ilə Azərbaycanın əməkdaşlıq formatında energetika sektoru təbii ki, çox böyük yer tutur. Cənub Qaz Dəhlizinin icrasında yeddi ölkə iştirak edirdi - Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya, İtaliya. Göründüyü kimi, geniş beynəlxalq əməkdaşlıq yaradılmışdır. Artıq Cənub Qaz Dəhlizinin 2018-ci ildə rəsmi açılışı oldu. Eyni zamanda, əsas seqmenti olan TANAP, ötən ilin dekabrın 31-də TAP istifadəyə verildi. Azərbaycan reallaşdırdığı enerji layihələri ilə dünyanın enerji xəritəsini yenidən tərtib edir.

Azərbaycanın enerji və nəqliyyat layihələrinin mərkəzi kimi tutduğu mövqe yüksək dəyərləndirilərək, bu günün reallıqlarının qarşıdakı dövr üçün əlaqələrin inkişafına böyük stimul olduğu bildirilir. Azərbaycanın davamlı inkişafı, təkmil sosial-iqtisadi islahatları, yerləşdiyi coğrafi məkan və malik olduğu enerji resurslarından səmərəli istifadə beynəlxalq münasibətlər sistemində yeri və rolunu günbəgün artırır və möhkəmləndirir. Regional iqtisadi inkişafın aparıcı qüvvəsi kimi beynəlxalq aləmdə etibarlı tərəfdaş imicini daha da möhkəmləndirir. Ölkəmizlə Avropa İttifaqı əlaqələrinin sürətlənməsi, Azərbaycanın enerji layihələrinə siyasi dəstək ifadə edilməsi, hazırkı dövrdə sülh müqaviləsinin imzalanmasında Avropa İttifaqının fəallığının artırılması, Azərbaycanın sülhsevər və dünyəvi dövlət kimi regional əməkdaşlıq və təhlükəsizlik məsələlərində oynadığı rolun etirafı bir daha təsdiqləyir ki, tarixi Zəfərimiz ölkəmizin qarşısında bütün sahələrdə geniş imkanlar açmaqla yanaşı, rolunu artırır. Prezident İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsiToivo Klaarı qəbul edərkən Avropa İttifaqı-Azərbaycan əlaqələrinin müxtəlif aspektləri, Cənubi Qafqazda əməkdaşlıq perspektivləri, postmünaqişə vəziyyəti və Ermənistan-Azərbaycan sərhədində noyabr ayında baş vermiş gərginliklə bağlı məsələlər müzakirə edilərək əsas diqqət bu ay Brüsseldə keçiriləcək Şərq Tərəfdaşlığı Sammitinə yönəldilmişdir. Sammitin gündəliyinə dair fikir mübadiləsinin aparılması Azərbaycanın söz sahibliyinə bir daha işıq salır.

Əvvəldə də qeyd etdiyimiz kimi, Azərbaycanın xarici siyasətinin dəyişməz prinsipləri ona daim uğurlar qazandırır. Böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı hörmət və maraqlar prinsipi əsasında əlaqələr quran Azərbaycan yeni dostlar, tərəfdaşlar qazanır. Bu gün ölkəmiz etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirir. Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələri dövlətlər, xalqlar arasında körpü roluna yeni əlavələr edir. Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, enerj sektorunda əməkdaşlığın coğrafiyasının genişləndirilməsi, regional çərçivədən beynəlxalq müstəviyə keçməsi Azərbaycanın bu gününə və gələcəyinə olan inamdan irəli gəlir. Soçi görüşü, onun ardınca İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısı və dekabrın 15-də keçiriləcək Şərq Tərəfdaşlığı Sammiti qalib Azərbaycanın tarixi Zəfərini şərtləndirən amillərin və postmünaqişə dövrü üçün müəyyənləşdirilən prioritetlərin reallığa çevrilməsi mexanizmlərinin təqdimatında əhəmiyyətli rol oynayır. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidentinin və Ermənistanın baş nazirinin Şərq Tərəfdaşlığı Sammiti çərçivəsində görüşünün təşkil olunması Azərbaycanın növbəti diplomatik uğuru olacaq. Reallaşacaq bu görüş, eyni zamanda, əvvəldə qeyd etdiyimiz kimi, Şarl Mişelin iyul ayında ölkəmizə səfəri zamanı qurumun sülh müqaviləsinə dəstəyi ilə bağlı səsləndirdiyi fikirlərin reallıqda təsdiqi olacaq. Həmin səfərdə də əsas müzakirə olunan məsələlərdən biri məhz Şərq Tərəfdaşlığı Sammitinə hazırlıq idi. İyul ayında Avropa Şurasının Prezidenti Şarl Mişel ölkəmizə səfər edərkən keçirilən mətbuat konfransında «İkinci Qarabağ müharibəsində Qələbədən sonra Azərbaycan hökuməti açıq şəkildə Ermənistanla sülh razılaşması və iki ölkənin sərhədlərinin delimitasiyası ilə bağlı danışıqlara başlamağa hazır olduğunu bəyan etdi. Əfsuslar olsun ki, Ermənistan bu təklifi rədd etdi. Bu, o deməkdir ki, Ermənistan sülh istəmir. Mənim sualım isə ondan ibarətdir ki, siz bu məsələni Ermənistan hökuməti ilə müzakirə etdinizmi və sülh razılaşması üzərində danışıqlara başlamağa Ermənistanı inandırmaq üçün Avropa İttifaqı nə edə bilər» sualını cavablandırarkən bildirmişdir ki, mən həqiqətən də vəziyyətlə əlaqədar və mümkün sülh sazişi çərçivəsində irəliləyişə nail olmaq üçün işin aparılmasının əhəmiyyəti ilə bağlı Ermənistan hökuməti, Ermənistanın baş naziri ilə müfəssəl müzakirələr aparmışam. Həm Azərbaycan Prezidentinə, həm də Ermənistan baş nazirinə Avropa İttifaqının mümkün qədər müsbət və konstruktiv rol oynamağa hazır olduğunu bildirdim. Əlbəttə ki, biz Minsk qrupunun oynadığı rola hörmət bəsləyirik. Lakin bu, Avropa İttifaqı tərəfindən müəyyən mütəxəssis biliyi, dəstək və ideyaların təmin edilməsinin və daha çox sabitliyin, təhlükəsizliyin təmin olunması, regionda dayanıqlı sülhün bərqərar olmasından əmin olmaq üçün müəyyən mümkün irəliləyişlərə dəstək verilməsinin mümkün olmaması anlamına gəlməməlidir.

Bugünün reallıqlarından göründüyü kimi, dünya gücləri, həmçinin nüfuzlu beynəlxalq təşkilatlar Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsində, sülh müqaviləsinin imzalanmasında maraqlıdırlar və dəstək göstərməyə hazırdırlar. Yeni əməkdaşlıq formatlarının yaradılması üçün bölgədə dayanıqlı sülhün, təhlükəsizliyin təmin olunması vacibdir. İndiki məqamda, yəni Vətən müharibəsindən sonra iqtisadi böhran içərisində çabalayan Ermənistan üçün sülh müqaviləsi yeganə çıxış yoludur.

Yeganə Əliyeva, «İki sahil»