KÖŞƏ

Mahir Rəsuloğlu

Mədəniyyət naminə sülh

03 dekabr 2021 22:39
1485

Azərbaycanın yeni təşəbbüsü Ermənistan üçün də bir imkandır...

Biz 44 günlük Vətən müharibəsində qazandığımız şanlı Qələbəmizlə yeni reallıqlar yaratmışıq. İstər hərbi və iqtisadi, istərsə də siyasi baxımdan Cənubi Qafqazın ən güclü dövlətinə çevrildiyimizi, Ermənistanın döyüş meydanında olduğu kimi, danışıqlar masasında da məğlubiyyətinin labüdlüyünü artıq bütün dünya bilir və qəbul edir. Dünya bu reallıqları həm də Azərbaycanın baş verənlərdə haqlı tərəf olduğunu, torpaqlarını işğaldan azad etmək üçün çoxillik mənasız sülh danışıqlarının qarşı tərəfin günahı ucbatından nəticəsiz qalması səbəbindən hərbi yola əl atmağa məcbur qaldığını bildiyi üçün qəbul edir. Biz cəmi 44 günə həm erməni faşizminin kökünü kəsdik, eyni zamanda, BMT-nin Qarabağ münaqişəsi ilə bağlı qətnamələrini təkbaşına icra edərək beynəlxalq hüququn aliliyini təmin etmiş olduq.

Düşmən ölkə bu gün məhz uzun illər boyu həyata keçirdiyi işğalçılıq siyasətinin ağır nəticələri ilə qarşı-qarşıyadır və düşdüyü böhrandan çıxa bilmir. Hərbi sənayesinin demək olar ki, tamamilə məhv edilməsi, onsuz da zəif olan iqtisadiyyatının daha da çökməsi, əhalisinin sürətlə azalmasına səbəb olan ciddi demoqrafik problemlər yaşaması, siyasi qarşıdurmaların fasiləsiz davam etməsi, üstəlik beynəlxalq nüfuzunun get-gedə aşağı düşməsi və strateji tərəfdaşlarını itirməsi Ermənistanın bir dövlət olaraq mövcudluğunu sürdürməsinə suallar yaradır. Hər halda, ermənilərdən və hakimiyyətdə olanlar içərisindən yaranmış vəziyyətin səbəbkarlarının elə özləri olduqlarını bilənləri az deyil. Qarabağ vədləri ilə hakimiyyətə gələrək işğalçılıq yolu tutan, qonşu dövlətlərə qarşı əsassız torpaq iddiaları qaldıraraq düşmənçilik toxumları səpən və münasibətləri korlayıb özlərini təcrid vəziyyətinə salan, öz maraqlarını təmin etmək üçün xalqı aldadaraq “dənizdən dənizə böyük Ermənistan” nağılları ilə xalqı zəhərləyən hərbi xunta rejimlərinin əsirinə çevrilmək düşmən ölkənin bu gün qarşılaşdığı problemlərin əsas səbəblərindəndir.

Müharibənin bitməsi ilə azadlığına qovuşmuş ərazilərimizdə dövlətimiz tərəfindən başladılan sürətli bərpa-quruculuq işləri dünyaya bir daha onu göstərdi ki, ermənilərdən fərqli olaraq Azərbaycan xalqı öz torpaqlarına yenidən həyatı qaytarmaq üçün onu qurub-yaratmağa, qısa müddətdə ağlasığmaz dərəcədə böyük işlər görməyə qadir yaradıcı, zəhmətkeş, çalışqan xalqdır. Üstəlik qalib tərəf olmağımıza rəğmən regionda dayanıqlı sülhə və inkişafa nail olunması üçün Azərbaycan Respublikasının Prezidenti, şanlı Qələbəmizin memarı Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən dəfələrlə Ermənistan rəhbərliyinə sülh çağırışlarının edilməsi, mehriban qonşuluq münasibətlərinin bərpa olunması istiqamətində addımların atılması məqsədilə irəli sürülən təşəbbüslər həm də bizim sülhsevər xalq olduğumuzu da göstərdi.

Azərbaycanın növbəti belə təşəbbüsü – “Mədəniyyət naminə sülh” çağırışı artıq BMT-nin Sivilizasiyalar Alyansı və ICESCO kimi beynəlxalq təşkilatların dəstəyini qazanıb. Postkonflikt vəziyyətlərindən sonra mədəniyyətin dirçəlməsi və qorunması üçün davamlı sülhün təmin edilməsi təşəbbüsünə digər təşkilatlar da maraq göstərir, o cümlədən Beynəlxalq Türk Mədəniyyət Fondu da bu təşəbbüsə qoşulmaq istəyir. Layihə ilə bağlı məlumat verən mədəniyyət naziri Anar Kərimov bildirib ki, davamlı sülhün olduğu yerdə davamlı inkişaf olur, mədəniyyət də canlanır və inkişaf edir: “Qarabağda da məhz bunu istəyirik. Artıq 3 beynəlxalq təşkilat təşəbbüsü dəstəkləyir. İndi isə məqsədimiz tərəfdaş təşkilatlarla 5 illik fəaliyyət planı tərtib etməkdir. 5 il ərzində bu ideyanın kağızda yox, əməldə icra edilməsinə nail olmaq istəyirik.”

A.Kərimov Ermənistandan da Azərbaycanın sülh təşəbbüslərinə müsbət cavab gözlədiklərini deyib: "Çağırışlarımızın müsbət qarşılanmasını, dayanıqlı sülhün və etimad mühitinin yaradılmasında Ermənistan tərəfinin də iştirakını istərdik. Nəticə etibarilə bu bölgədə sülh təmin ediləcək. Sülh təmin olunarsa, davamlı inkişaf da təmin olunacaq.”

Azərbaycanın növbəti sülh çağırışına qoşulmaq və beynəlxalq platformada iştirak etmək, postmünaqişə dövrünün reallıqları ilə barışmaq Ermənistanın düşdüyü böhrandan çıxması üçün növbəti imkandır. Bu imkandan istifadə düşmən ölkənin də gələcəyinə ciddi şəkildə təsir göstərə bilər.