04 mart 2022 15:32
647

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sahibkarları ilə görüş keçirilib

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Ekoloji Təmiz Məhsul İstehsalçıları və İxracatçıları İctimai Birliyinin icra etdiyi “Orqanik Qarabağ: Dayanıqlı İnkişaf İstiqamətləri” layihə çərçivəsində işğaldan azad edilən ərazilərdən olan keçmiş məcburi köçkün sahibkarlarla görüş keçirilib.

Bunu “İki sahil”ə Birliyinin rəsmisi Sitarə Səfərova deyib.

Onun sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarından olan sahibkarların öz torpaqlarına qayıtdıqdan sonra həyata keçirəcəkləri biznes layihələrin müasir dövrün yaşıl artım iqtisadi siyasətinə uyğun olması ilə bağlı maarifləndirici tədbirlər görülür.

“Bu gün təşkil olunan maarifləndirici təlimdə ölkə iqtisadiyyatının uzunmüddətli davamlı və sürətli inkişafı üçün cəmiyyət, biznes və dövlət üçlüyünün əlaqəsi, sahibkarlığın inkişaf etdirilməsi, regionlarda iqtisadi aktivliyin artırılması, azad edilmiş ərazilərə əhalinin qayıdışının və dayanıqlı məskunlaşmasının təmini və bu məqsədlə həmin ərazilərdə cəmiyyətin ən sağlam, müasir, komfortlu və abad yaşayış mühitinin yaradılması barədə danışılıb”, - deyə S. Səfərova bildirib.

Görüşdə həmçinin işğaldan azad edilmiş ərazilərin ölkənin iqtisadi və sosial simasında tarixi mövqeyinin bərpa edilməsi və həmin qazanılan tarixi imic və təbii resurs bolluğunun bu ərazilərə investisiya cəlbinə imkan verəcəyi barəsində də bəhs edilib. “Yaşıl iqtisadiyyatın bazasında sahibkarlıq subyektlərinin qurulması istiqamətində tövsiyələr verilib. Layihə çərçivəsində silsilə tədbirlər may ayına qədər davam edəcək”, - deyə S. Səfərova.