30 mart 2022 17:37
737

Milli parklar ekoloji zənginliyimizdir

İnsanlar iş yorğunluğundan, səs-küydən bezdikləri zaman sakit, havası təmiz olan, əsas da yaşıllıq olan yerlərdə dincəlməyə üstünlük verirlər. Belə məkanlar isə ya böyük şəhərlərdə milli parklar ya da dövlər qoruqları olur. Milli parklarda həm təbiət kompleks şəkildə qorunur, həm də insanların əraziyə girmələri, təbiətlə tanış olmaları, estetik zövq almalarına imkan yaradılır.

Hazırda ölkəmizdə 10 milli park, 10 dövlət təbiət qoruğu fəaliyyət göstərir. Milli Parklar və qoruqlar sayı azalmaqda olan bitki və heyvan növlərini qorumaq üçün nəzərdə tutulub. Qoruqlar həm də elmi əhəmiyyət daşıyır. Burda alimlər bitki və heyvanlar üzərində müşahidə aparır, nəsli kəsilməkdə olan növlərin sayını artırmaq üçün müəyyəjn tədbirlər görürlər.

Hazırda ölkəmizdə 893 min ərazini əhatə edən xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkələri mövcudur. Bu, ölkə ərazisinin ümumilikdə 10.3 faizini təşkil edir. Bunun da 3.7 faizi Milli Parkların payına düşür. 1925-ci ildə Azərbaycanda ilk dəfə Göy-göl Dövlət Təbiət Qoruğu yaradılıb. 1929-cu ildə Qızılağac və Zaqatala qoruqları, 1936-cı ildə Hirkan qoruğu təsis edilib. 1958-ci ildən, 1990-cı ilə kimi qoruqların yaradılması prosesi davam etdirilib və bir neçə ildən bir yeni qoruq təşkil edilib. 1990-cı ildə Altıağac Dövlət Təbiət Qoruğu yaradılıb. 2003-cü ildə Naxçıvanda Şahbuz, 2004-cü ildə isə Eldar şamı, 2007-ci ildə Bakı və Abşeron yarımadasının Palçıq Vulkanları Qrupu, 2008-ci ildə icə Korçay Dövlət Təbiət Qoruğunun əsası qoyulub. Eyni zamanda 2003-cü ildə Türyançay, Pirqulu, İlisu, Qarayazı, İsmayıllı, 2008-ci ildə isə Zaqatala Dövlət Təbiət Qoruqlarının əraziləri 2-3 dəfədən çox genişləndirilib. Onu da qeyd edək ki, ölkəmizdə 2003-cü ilə kimi Milli parklar mövcud olmayıb. 2003-cü ildən başlayaraq ETSN tərəfindən Ordubad, Şirvan, Ağ göl, 2004-cü ildə Hirkan, Altıağac, 2005-ci ildə Abşeron, 2006-cı ildə Şahdağ, 2008-ci ildə isə Göygöl Milli Parkları yaradılıb. Bundan başqa xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin genişləndirilməsini, biomüxtəlifliyin qorunub saxlanılmasını, təbii resurslardan səmərəli istifadəsini və ekoturizmin inkişafını təmin etmək məqsədilə 2018-ci ilin 26 sentyabrında Prezident İlham Əliyevin sərəncamına əsasən Qızılağac Milli Parkı yaradılıb. Bununla da Milli parkların sayı 10-a çatdırılıb

Ən son yaradılan milli parkımız Qızılağac Milli parkıdır və 2018 ci ildə yaradılıb. Ümumiyyətlə Milli Parkların yaradılma tarixi 2003-cü ilə təsadüf edir. 2003-cü ildən başlayaraq ölkəmizdə Milli Park statuslu təbiət əraziləri yaradılmışdır. Ümumiyyətlə xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılmasında əsas məqsəd unikal təbiət komplekslərinin, landşaftın, Qırmızı kitaba düşmüş, nəsli kəsilməkdə olan fauna flora növlərinin , mühafizəsindən ibarətdir, ekoloji maarifləndirmənin təşkil olunmasından ibarətdir.

Milli parklarımızın hər birinin özünəməxsus zəngin bioloji müxtəlifliyi əhalinin ekoloji maariflənməsində böyük əhəmiyyət daşıyır. İnsanlar Milli Parklarımızın bioloji resurslarının, zəngin flora və faunasının ətraf mühitə müsbət təsir göstərdiyinin, əhalidə ruh yüksəkliyi yaratdığının, onlara müsbət enerji verdiklərinin şahidi olub bu tarixi sərvətin, zənginliklərin qorunub saxlanılmasının həyati vacibliyini dərk edirlər. Milli Parklarımız turizmin inkişafı üçün də potensial iqtisadi imkanlar deməkdir.

O ki, qaldı milli parklarla qoruqların fərqinə deyə bilərik ki, yalnız milli parklarda həyata keçirilən ekoturizm təbiətdən zövq almaq və onu dərk etmək məqsədi daşıyır.

Dövlət həm milli parkların infrastrukturunu təmin etməklə yanaşı orada turistlər üçün lazımı şərait yaradır, yollar, cığırlar çəkir, marşrutlar təşkil edir, həm də onun təbliğatını həyata keçirir.

Belə zənginlikləri qorumaqla gələcəyimizi qorumuş oluruq.

Röya Rasimqızı, “İki sahil”