AQUPDK-nun nümayəndəsi: Gənclərin sağlam, təhsilli və müstəqil fərdlər kimi formalaşması üçün hər birimiz üzərimizə düşən sosial məsuliyyəti dərk etməliyik
“İki sahil”in müsahibi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) baş məsləhətçisi, hüquqşünas Rafiq Mahmudovdur.
- Cəmiyyətimizi narahat edən məsələlərindən biri də erkən nikahlardır. Azyaşlı uşaqları erkən evliliyə məcbur etmək heç bir halda normal qəbul edilmir. Belə halların qarşısının alınması istiqamətində dövlət tərəfindən mütəmadi olaraq tədbirlər görülür, qanunvericilikdə dəyişiklliklər edilir. Amma yenə də erkən nikah hallarına rast gəlinir…
- Erkən evliliyin mövcudluğu qanunla nəzərdə tutulmuş cəzaların yüngül olması ilə bağlı deyil. Burada müşahidə olunan daha çox insan faktorudur, dəqiq desək, yetkinlik yaşına çatmayan övladlarının valideynləri və cəmiyyətdə hələ də mövcud olan stereotiplərdir.
Bildiyiniz kimi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) təşəbbüsü ilə, Azərrbaycan Respublikasının Ailə Məcəlləsində müvafiq dəyişikliklər edilib, 1.1. 10.2-ci və 27.2-ci maddələr ləğv edilib. Bu maddələr aşağıdakılardır,
• 10.2. Üzürlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər
• 27.2. Yetkinlik yaşına çatmayan ərin (arvadın) mənafeyi tələb etdikdə, eləcə də nikahın etibarsız sayılması barədə onun razılığı olmadıqda, nikah yaşına çatmayan şəxslə bağlanmış nikahın etibarsız sayılması barədə iddianı məhkəmə rədd edə bilər
- Erkən nikah boşanmalara, ailədaxili münaqişələrə, cəmiyyətdə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olur. Erkən nikahın cəmiyyətimiz üçün yaratdığı uçurumlardan söz açmağınızı istərdik…
- Tamamilə doğru qeyd etmisiniz. Həqiqətən erkən evlilik ailədaxili münaqişələrə, cəmiyyətdə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olur və bu kimi neqativ halların qarşısının alınması üçün bütün yükü təkcə dövlət qurumlarının üzərinə atmaq olmaz. Burada, eyni zamanda, cəmiyyət də aktiv rol oynamalıdır. Bu kimi evliliklərin qabaqcadan aşkar edilməsi çox vacibdir. Bu, ərə verilən və ya evləndirilən uşağın taleyini ola bilsin ki, hətta həyatını xilas etməyə kömək edə bilər. Biz təkcə hüquqların pozulmasından danışmırıq, eyni zamanda, insanların sağlamlığına və həyatına olan riskdən danışırıq.
- Sözügedən problemin kökü nədən qaynaqlanır?
- Erkən nikahların davam etməsinin əsas səbəbləri dərinləşmiş sosial stereotiplər, ailə institutu və gender rolları ilə bağlı köhnə düşüncə tərzidir. Bu hallar xüsusilə bölgələrdə daha geniş yayılıb və bir çox hallarda ailə üzvlərinin təhsil səviyyəsinin aşağı olması, qadının ailədə sosial rolunun zəif olması ilə əlaqədardır. Əksər hallarda erkən evliliklər “qız uşağının taleyi evləndirilməkdir” və ya “ailəyə yük olmamalıdır” kimi yalnış baxışlarla əsaslandırılır.
- Erkən nikahla mübarizədə effektiv nəticə əldə etmək üçün çıxış yolunu, problemin həllini nədə görürsünüz?
- Problemin effektiv həlli kompleks yanaşma tələb edir. Əvvəla, Azərbaycan Respublikasının Ailə Məcəlləsi və Cinayət Məcəlləsinə uyğun olaraq erkən nikahlar qanunla qadağandır və bu istiqamətdə hüquqi mexanizmlər mövcuddur. Lakin qanuni tədbirlərlə yanaşı, sosial maarifləndirmə də vacibdir. Təhsil müəssisələrində erkən nikahın fəsadları ilə bağlı inklüziv tədris modulları hazırlanmalı, valideynlərlə sistemli maarifləndirmə işləri aparılmalı, dini və ictimai liderlər bu prosesə aktiv şəkildə cəlb olunmalıdır.
Bundan başqa, media vasitəsilə insanlara erkən evliliyin fiziki, psixoloji və sosial zərərləri barədə davamlı və emosional təsirli kampaniyalar təqdim olunmalıdır. Bu məsələlərdə dövlət qurumları, vətəndaş cəmiyyəti institutları, gənclər təşkilatları və gender məsələləri ilə məşğul olan QHT-lər birgə fəaliyyət göstərməlidirlər.
- Statistik rəqəmlər necədir, ötən illərlə müqayisədə artım ya azalma varmı? Araşdırma nəticəsində rəqəmlər bizə nə deyir?
- Dövlət Statistika Komitəsinin 2023-cü il üzrə məlumatlarına əsasən, erkən nikahların sayı əvvəlki illərlə müqayisədə azalmağa doğru inkişaf edir. Əgər 2022-ci ildə 270 erkən nikah faktı qeydə alınıbsa 2023-cü ildə bu göstərici 230 olub. Bu azalma erkən nikahların qarşısının alınması istiqamətində həyata keçirilən maarifləndirmə tədbirlərinin və hüquqi tənzimləmələrin effektivliyini göstərir. Qeyri-rəsmi nikahların aşkarlanması və qarşısının alınması istiqamətində tədbirlərin gücləndirilməsi vacibdir və bu istiqamətdə daimi olaraq işlər aparılır.
- Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən yeniyetmə və gənclərin erkən nikahın mənfi nəticələrinə dair məlumatlılıq səviyyəsinin artırılması üçün hansı işlər görülür və qarşıda hansı hədəflər var?
- Komitə tərəfindən bölgələrdə yerli icmalarla əməkdaşlıq çərçivəsində davamlı görüşlər, seminarlar və treninqlər təşkil edilir. Bu tədbirlərdə hədəf qrup yalnız yeniyetmə və gənclər deyil, eyni zamanda, valideynlər, icma liderləri və müəllimlərdir. Eyni zamanda, hüquq-mühafizə orqanları ilə əməkdaşlıq çərçivəsində risk altında olan ailələrin monitorinqi gücləndirilir.
- Bu problemin həllində medianın rolunu necə dəyərləndirirsiniz? Əslində, erkən nikahla bağlı xəbərlər mediada nə cür təqdim edilməlidir, kütləvi informasiya vasitələrinin nümayəndələri bu mövzu ilə bağlı məlumat hazırlayarkən nələrə xüsusi diqqət yetirməlidirlər?
- Media bu məsələdə yalnız informativ deyil, eyni zamanda, formativ rola malikdir. Erkən nikahla bağlı məlumatlar mediada sensasiya xarakterində deyil, məsuliyyətli və məlumatlandırıcı formatda təqdim olunmalıdır. Jurnalistlər mövzuya həssas yanaşmalı, insan hüquqlarını və şəxsi həyatının toxunulmazlığını qorumalıdırlar. KİV nümayəndələri erkən nikah hallarını aşkarladıqları zaman bunu aidiyyəti dövlət qurumlarına bildirməklə ictimai nəzarət funksiyasını yerinə yetirə bilər.
- Son olaraq, erkən nikahla bağlı cəmiyyətə hansı çağırış və tövsiyələr çatdırmaq istərdiniz ...
- Yeniyetmələri erkən nikaha daxil olmağa vadar edən valideynlərdir. Öncə onlar öz istəklərini və öz maraqlarını yox, övladlarının istəklərinin öyrənərək qəbul etməlidirlər, onlara bu həyatda dəstək olmalıdırlar. Valideynlərə müraciətimiz ondan ibarətdir ki, övladlarını öz arzularının həyata keçiricisi deyil, onların şəxsiyyətini tanıyaraq, onların hüquqlarına hörmət edən bir yanaşma nümayiş etdirsinlər. Unutmaq olmaz ki, erkən nikah yalnız bir ailənin yox, bütöv cəmiyyətin gələcəyinə zərbədir. Gənclərin sağlam, təhsilli və müstəqil fərdlər kimi formalaşması üçün hər birimiz üzərimizə düşən sosial məsuliyyəti dərk etməliyik.
Yaqut Ağaşahqızı, “İki sahil”