21 aprel 2022 17:35
988

Deputat müəllimlərlə görüşüb - FOTO

Milli Məclisin deputatı Məzahir Əfəndiyev Göyçay şəhər 2 saylı və Ağdaş rayon Xosrov kənd tam orta məktəblərində müəllim və şagird kollektivi ilə görüşüb.

“İki sahil” xəbər verir ki, təhsilin əhalinin maariflənməsində, xüsusilə gənclərimizin formalaşmasında rolunu vurğulayan deputat, pandemiya dövrünun keyfiyyətli təhsil almaq imkanlarını məhdudlaşdırdığını və təhsil səviyyəsinin inkişaf etdirilməsi üçün yeni çağırışların nəzərdən keçirilərək təhsildə yeni idarəçiliyin tətbiq edildiyini qeyd edib. Bu prosesdə pedoqoji heyətin səy və əzmkarlıq göstərməsinin vacibliyi vurğulayıb.

Sonra M.Əfəndiyev məktəblərdə tədris prosesi, məktəb binalarının təchizatı, şəraiti ilə yaxından tanış oub, həmçinin pedaqoji kollektiv tərəfindən məktəb və təhsillə bağlı səsləndirilən təklifləri də müzakirə edib.

Daha sonra millət vəkili Ağdaş rayon Xosrov kənd icra nümayəndəliyində keçirilən qəbul zamanı Xosrov və Sadavat kənd ağsaqqalları, bir qrup kənd zəhmətkeşləri, habelə şəhid ailələri ilə görüşərək onları narahat edən məsələlərə dair müzakirələr aparıb. Qəbula gələn seçicilərin çoxsaylı müraciətləri dinlənilib, onları narahat edən müxtəlif problemlər diqqətə götürülüb.

Eyni zamanda deputat səfər çərşivsində Ağdaş rayon Xosrov kəndinin İkinci Qarabağ-Vətən Müharibəsi şəhidi Kənan Məmmədovun doğum günü münasibəti ilə ailəsini ziyarət edib. Görüş zamanı şəhid ailələrinə dövlət tərəfindən lazımi qayğı və diqqətin göstərilməsi ilə əlaqədar ölkə rəhbərliyi tərəfindən imzalanmış sərəncamların, eyni zamanda şəhid ailələrinə verilən imtiyazların mahiyyəti haqqında ətraflı məlumat verən M.Əfəndiyev ailənin həyat və məişət şəraiti, qarşılaşdığı çətinliklərlə maraqlanıb.

Yaşasaydı Kənanın 23 yaşı tamam olacaqdı. Şəhid Kənan Bəhruz oğlu Məmmədov 22 aprel 1999-cu il tarixində Ağdaş rayon Xosrov kəndində anadan olmuşdur.

Hərbi xidmətini 2017-ci ildə Səngəçalda  keçən Kənan 2018-ci ildə hərbi xidmətini başa vuraraq doğma kəndinə qayıtmışdır.

2020-ci il sentyabrın 21-də qismən səfərbərlik zamanı təlimlərə cəlb olundu və sentyabrın 27- də başlanan İkinci Qarabağ – Vətən Müharibəsi zamanı torpaqlarımızın düşmən tapdağından azad olunması uğrunda başlanan haqq savaşımıza qoşuldu.

Oktyabr ayının 29-da Ağdərə rayonunun Tülkü dərəsi adlanan ərazisində qəhrəmancasına şəhid olmuşdur. 30 oktyabrda nəşi gətirilərək doğulub boya-başa çatdığı Xosrov kənd qəbristanlığında torpağa tapşırılmışdır.

Ali Baş Komandan, Prezident İlham Əliyevin Sərəncamına əsasən Məmmədov Kənan ölümündən sonra  “Vətən uğrunda” medalı ilə təltif edilmişdir.

Bir daha şəhidlərimizə Allahdan rəhmət, yaxınlarına səbr diləyirik.