KÖŞƏ

Zahid Rza

Faktların dili ilə...

22 iyun 2022 23:50
2868

Ermənilərin Türküstanda törətdikləri soyqırımı

Üç ay ərzində Özbəkistanın Fərqanə vilayətində erməni daşnakları tərəfindən 35 000 özbək öldürülüb. 10 il davam edən bolşevik-erməni terroru nəticəsində isə Türküstanda 1 milyon 700 min nəfər günahsız insan həyatını itirib

 Öz havadarları tərəfindən daim hərbi-siyasi alət kimi istifadə olunan ermənilər tarixən türk xalqlarına qarşı əsl soyqırımı  siyasəti həyata keçirmişlər. Bu vandallar himayədarlarının əli ilə XX əsrdə Cənubi Qafqazda azərbaycanlılara, Türküstanda yerli əhaliyə qarşı kütləvi qırğınlar və soyqırımı törətmiş, deportasiyalar həyata keçirmişlər. 1918-1919-cu illərdə ermənilərin Türküstanda, eləcə də bu tarixi türk yurdunun bir parçası olan Özbəkistanda törətdikləri vəhşiliklər, talan və soyğunçuluqlar bunun əyani təsdiqidir.

Həmin dövrdə erməni-daşnak qırğınları əsasən Fərqanədə baş verdiyindən bu barədəki materiallar əsasən Özbəkistanın arxivlərində saxlanılır. Fərqanə vadisinin əhalisinin erməni daşnakları və bolşeviklər tərəfindən etnik təmizləməyə məruz qalmaları barədə həm Özbəkistanın Mərkəzi Arxivində, eləcə də Özbəkistan Prezidentinin Arxivində kifayət qədər materiallar var. Fərqanə, Əndican və Namanqan vilayətlərinin arxivlərində də daşnak qırğınları haqqında onlarla faktlar var.

Ümumiyyətlə, Özbəkistanda,  bütün Türküstanda daşnak-bolşevik qırğınları haqqında özbək tarixçiləri zaman-zaman araşdırmalar apararaq həmin dövrdə bu tarixi türk yurdunda erməni cəlladları tərəfindən günahsız insanların vəhşicəsinə qətlə yetirilməsini tarixi faktlar və arxiv sənədləri əsasında sübuta yetiriblər. Özbəkistanın tarixçi-alimi Ş.Şamaqdiyev özünün “Fərqanə vadisindəki vətəndaş müharibəsinin oçerkləri” kitabında 1961-ci ildə erməni daşnaklarının Fərqanə və Türküstan müxtariyyətinin digər şəhərlərində törətdikləri vəhşiliklər barədə yazırdı: “Daşnaklar Kokanda xəstəxanasını orada müalicə alan 500 nəfər yaralı və xəstə ilə birgə barbarcasına yandırdılar. Kokanda pambıq zavodunun 50 nəfər fəhləsinin də ailə üzvlərini qılıncdan keçirmişdilər. “Muxtariyyatçılar”ın darmadağın edilməsindən sonra daşnak cinayətkar dəstələri sovet drujinaçısı bayrağı altında 9 gün ərzində Kokandı soyğuna məruz qoydular. Onlar şəhərin 10 məhəlləsində ucdantutma qırğınlar törətdilər”

Müəllif daha sonra yazır ki, öz qurbanları ilə vəhşicəsinə davranan bu cəlladlar onların əlini, ayağını, qadınların isə döşlərini kəsirdilər. Daşnaklar hətta uşaqları cadadan-yonca doğramaq üçün xüsusi hazırlanmış  dəzgahdan keçirirdilər. Tarixçi-alim həmçinin qeyd edir ki, daşnaklar Suzaq, Bazar -Kurqan, Kokan-qışlaq əhalisi tamamilə  qırıb-çatdılar və Fərqanədə 180 kəndi dağıtdılar.

Vaxtilə RSFSR Xalq Komissarları Sovetinin sədr müavini, Türküstan Muxtar Sovet Sosialist respublikasının sədri vəzifələrində işləmiş, Türkistanın türk xalqlarının tarixi vətəni olduğuna dair tezisləri irəli sürdüyünə görə qanlı stalin rejimi tərəfindən xalq düşməni elan edilərək 1938-ci ildə edam edilən qazax ictimai-siyasi xadim Turar Ri skulov “İnqilab və türküstanın köklü əhalisi” adlı kitabının “Daşnaklar Fərqanədə nələr etdilər” bölümündə daşnakların yerli əhaliyə  qarşı törətdikləri vəhşilikləri təkzibolunmaz faktlarla oxucuya çatdırır: “Kokandda üsyanın boğulduğu 9 gün ərzindəki tozanaq altında müxtəlif soyğunçuluqlar da həyata keçirildi. Şəhər “təmizlənməyə” məruz qaldı”.

T.Rıskulov yazır ki, daşnaklar Kokanda ayaq basdıqdan sonra  ermənilərin tacir təbəqəsi də “inqilabçılar”a çevrildi və şəhərin darmadağın edilməsinə girişən dəstələrə qoşuldu.  Müəllif yazır ki, bütün mağazalar darmadağın edilir, anbarlar yandırılır,kütləvi qətllər baş alıb gedirdi: “Əndincanda üsyandan sonra həmin daşnaklardan ibarət qarnizon bütünlükdə köhnə şəhəri günahkar elan etdi və orada axtarış aparılmasına dair qərar qəbul olundu. Həftə ərzində sürən axtarış soyğunçuluq, qətllər və zorlamalarla müşayiət olundu”.

 Özbək alimi M. Həsənov də özünün “Kokand muxtariyyəti” kitabında erməni daşnaklarının Türküstandakı vəhşiliklərindən ətraflı bəhs edib. Bundan başqa, tanınmış özbək alimi, tarixçi Şöhrət Barlas müəllifi olduğu “Türküstan və Cənubi Qafqaz XIX - XX əsrlər. Daşnaklar - Qarabağdan Fərqanəyə qədər” kitabında ermənilərin Orta Asiya xalqlarına qarşı törətdikləri soyqırımı tarixi faktlarla sübuta yetirib. Müəllif  bu barədə qeyd edir: “Araşdırma nəticəsində Qafqaz və Türküstanda XIX əsrin birinci yarısında baş vermiş dəhşətli hadisələrin üzərinə işıq salındı. Hər iki regionun xalqlarının xarici qüvvələr tərəfindən başına gətirilən dəhşətli bəlalar haqda faktlar ortaya çıxdı”.

Tarixçi-alim, həmçinin qeyd edir ki, Mərkəzi Asiya ölkələrinin arxivlərində, eləcə də Özbəkistanın Mərkəzi Arxivində erməni-daşnak qırğınları ilə bağlı kifayət qədər fakt var. Bundan başqa, Fərqanə, Əndican və Namanqan vilayətlərinin arxivlərində də daşnak qırğınları haqqında onlarla fakt mövcuddur:  “Bu qırğında erməni daşnaklarının rolu böyükdür! Dinc əhalidə qorxu yaratmaq üçün onun vəhşicəsinə qırılması əsl terrordur, etnik təmizləmədir və soyqırımdır... Özbək tarixçisi Ş.Şamaqdiyevin arxiv materialları əsasında ortaya çıxardığı rəqəmlərə görə, 1918-1919-ci illərdə Fərqanə vadisində 180 yaşayış məntəqəsi əhalisi ilə birlikdə yandırılıb. Kokandda 3 günə 10 000, Mərgilanda 7000, Əndicanda 6000, Namanqanda 2000, Kokand yaxınlığındakı Bazarkurqanda 4500, Oşda 2000, Çustda 1500 insan vəhşicəsinə qətlə yetirilib və cinayətin izini itirmık məqsədilə daşnaklar bütün meyitləri yandırıblar. Türküstanda bütün bu bolşevik-daşnak terroru arxiv materialları ilə təsdiqlənir. Üç ay ərzində Fərqanə vadisində erməni daşnakları tərəfindən 35 000 özbək öldürülüb. 10 il davam edən bolşevik-erməni terroru nəticəsində isə Türküstanda 1 milyon 700 min nəfər öldürülüb”.

Maraqlı faktlardan biri də odur ki, 1897-ci ildə 120.000 əhalisi olan Kokandın 1926-cı ildə 69.300 əhalisi qalmışdı.

Bütün bunlar onu deməyə əsas verir ki, ermənilərin Orta Asiyada, o cümlədən 1918-1919-cu illərdə Özbəkistanda törətdikləri qətliamlar əsl soyqırımı cinayətidir. Təbii ki, həqiqətlər üzə çıxdıqca, təhrif edilmiş hadisələr özünün əsl qiymətini aldıqca insanlıq tarixinə qanla yazılan bu faciələr erməni faşizminin əsl simasını bir daha bütün dünyaya göstərdi. Bosniya və Herseqovinanın ilk Prezidenti, Bosniya müsəlmanlarının əfsanəvi lideri, atası bosniyalı, anası türk olan mərhum Aliya İzzetbeqoviç yazırdı: “Soyqırımı unutmayın. Çünki unudulan soyqırım təkrarlanır...”