KÖŞƏ

Mahir Rəsuloğlu

Müharibə isterikası

01 iyul 2022 02:08
1615

Paşinyan erməniləri necə və niyə qorxudur?

Ermənistanın baş nazirinin iyunun 27-də keçirdiyi onlayn mətbuat konfransında yeni müharibə təhlükəsi ilə bağlı söylədikləri hələ də düşmən ölkənin siyasi elitasının ciddi müzakirə mövzusu olaraq qalmaqdadır. Mətbuat konfransında Nikol Paşinyan açıq şəkildə bildirdi ki, Azərbaycanın Qarabağ iqtisadi rayonu ilə Ermənistanı birləşdirəcək alternativ yol hazır olan kimi 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın müddəalarına uyğun olaraq Laçın şəhəri və Zabux kəndi boşaldılaraq Azərbaycan tərəfinə təhvil verilməlidir. Bundan başqa, kommunikasiyalar, yəni Zəngəzur dəhlizi açılmalıdır və bu, Ermənistana da sərf edir. Bunların alternativi isə müharibədir ki, bu ehtimal da gözləniləndir. Bəs Paşinyan həqiqətənmi daha bir müharibənin mümkünlüyü haqqında danışırdı, yoxsa erməni baş nazirin bu isterik yanaşması onun hansısa siyasi gedişləri üçün hesablanıb? Ermənistanda müharibə tərəfdarı çoxdurmu?

Nikolun çıxışından cəmi iki gün sonra, iyunun 29-u gecə saatlarında bir müddət davam etmiş sabitliyin ardından atəşkəs növbəti dəfə pozuldu. Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Zərkənd və Əzizli yaşayış məntəqələri istiqamətində yerləşən mövqelərindən Azərbaycanın Kəlbəcər rayonunun Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən Ordumuzun mövqelərini müxtəlif çaplı atıcı silahlardan intensiv atəşə tutdu. Erməni əsgərləri sərhəddə vəziyyəti gərginləşdirməyə çalışmaqla sanki N.Paşinyanın yeni müharibə ehtimalı ilə bağlı dediklərinin əsassız olmadığı görüntüsü yaratmaq istəyirdilər. Təxminən belə: Görürsünüzmü, sərhəddə hər an qarşıdurma yarana, gərginlik arta və daha genişmiqyaslı toqquşmalara, hətta müharibəyə çevrilə bilər. Azərbaycan üçtərəfli Bəyanatın bəndlərinin həyata keçirilməsində israrlıdır, Zabux kəndi də daxil olmaqla Laçını boşaltmasaq, yaxud kommunikasiyaların açılmasını təmin etməsək bütün bunları başqa üsullarla əldə etməyə çalışacaq, yəni, güc variantına əl atacaq. Bu, Paşinyanın ictimai rəyi idarə etmək üçün sınaqdan çıxardığı variantdır və bəlli olduğu kimi, əməlli-başlı işə yarayır. Deməli, Ermənistanın baş naziri ölkəsinin müharibə etməyə gücü olmadığını yaxşı anlayır, odur ki, müharibə istəmir, bunun növbəti dəfə baş verməməsi üçün lazımi addımlar atmağa hazırdır.

Qısaca xatırladaq ki, 44 günlük İkinci Qarabağ müharibəsində darmadağın edilmiş erməni ordusunun məğlubiyyətdən keçən il yarım ərzində itirdiyi çoxsaylı canlı qüvvə, müxtəlif növ texnika və silah-sursatın yerini doldurmaq imkanı yoxdur. Düşmən ölkənin iqtisadi vəziyyəti nəinki ordunun gücləndirilməsi üçün hansısa irimiqyaslı layihələri həyata keçirməyə imkan vermir, üstəlik canlı qüvvə çatışmazlığı özünü açıq-aşkar göstərir və bu fakt zaman-zaman silahlı qüvvələrin yüksək rütbəli zabitləri tərəfindən etiraf edilir. Məsələn, iyunun 28-də orduda nəzərdə tutulan islahatlar barədə danışan Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının Səfərbərlik və Təşkilat İdarəsinin rəis müavini, polkovnik Saak Saakyan bildirib ki, çağırışçı əsgərlər mərhələli şəkildə cəbhə xəttində xidmətdən azad ediləcək və döyüş vəzifəsi tamamilə müqaviləli əsgərlərə keçəcək. Ancaq bu yeniliyin tam tətbiqi çağırış resursundan asılı olacaq. Yəni indiki vəziyyətdə bunun üçün lazımi sayda əsgər yoxdur. Ermənistan ordusunda müasir döyüş texnikası, avadanlıq və canlı qüvvə çatışmazlığı bu ölkənin hər hansı müharibə imkanlarının sıfıra bərabər olduğunu göstərir.

Nikol Paşinyan bütün bu vəziyyətin fətqindədir. Odur ki, onun müharibənin yenidən başlaması ehtimalı ilə bağlı dedikləri sırf daxili auditoriyaya yönəlib. O auditoriyaya ki, müharibədən də, Qarabağ məsələsindən də uzun zamandır bezib, sülh arzusundadır.

Nikolun onlayn mətbuat konfransı zamanı açıqlamaları ilə bağlı yerli mətbuatda aparılan müzakirələr müxtəlif ehtimallar üzərində qurulsa da əksər ekspertlər baş nazirin “əhalini yeni güzəştlərə hazırlamaq” istədiyi qənaətindədirlər. Ümumi münasibət təxminən politoloq Vigen Akopyanın “Hraparak” nəşrinə müsahibəsində bildirdiyi kimidir. O qeyd edib ki, Paşinyanın çıxışındakı əsas mesaj Ermənistan tərəfindən yeni “güzəştlərin” gözlənilməsi ilə bağlıdır: “Baş nazirin əsas məqsədi müəyyən siyasi hiylələrdən, manipulyasiyalardan istifadə etməklə ictimaiyyəti yeni güzəştlərə hazırlamaq idi. Paşinyan deyir ki, biz güzəştə getmirik, amma güzəştə getməməyin alternativinin müharibə olduğuna eyham vurur. Yəni müharibə qorxusu səpməklə əhalini çıxılmaz vəziyyətə salır. Belə çıxır ki, cəmiyyət hökumətin dediyi kimi etsin, yoxsa Azərbaycan müharibəyə girib problemlərini belə həll edəcək.”

Müharibə xofu erməni ictimaiyyəti arasında hələ də bir sıra məsələlərin yoluna qoyulmasında istiqamətverici amil olaraq qalmaqdadır.  Belə görünür ki, aşkar etiraf etməsələr də, Azərbaycan əsgərinin endirdiyi zərbənin ağrısı ermənilərin yaddaşından uzun müddət silinməyəcək.