2001-ci il avqustun 1-dən başlayaraq ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan dili Günü kimi qeyd edilir. Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan Respublikasının siyasi həyatında latın qrafikalı əlifbanın tətbiqinin yazı mədəniyyətimizin tarixində mühim hadisə olduğunu nəzərə alaraq 2001-ci il avqustun 9-da “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” Fərman imzalamışdır.
Ölkəmizdə İslam dininin yayılması ilə ərəb əlifbasından geniş istifadə olunmuş yüz illər boyunca ərəb dili din, elm və təhsil dili rolunu oynamışdır. Latın əlifbasından isə ilk dəfə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra istifadə edilib. Ancaq 70 illik Sovet hakimiyyətinin işğalçılıq siyasəti ərzində Azərbaycanda kiril qrafikalı əlifbadan istifadə edilib. Bu keşməkeşli illərdə məhz Ulu Öndər Heydər Əliyevin qətiyyəti və prinsipiallığı sayəsində 1978-ci ildə qəbul olunan Konstitusiyada Azərbaycan dili dövlət dili kimi təsbit edilmişdir.
Hər bir xalqın milli mədəniyyətinin əsas tərkib hissələrindən birini həmin xalqın əlifbası və yazı sistemi təşkil edir. Dil millətin simasını səciyyələndirən amillərdən biri və onun milli sərvətidir. Azərbaycan dilinin dövlət dili statusuna yüksəlməsi Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi milli dövlətçilik siyasətində tariximizin qızıl səhifəsidir. Dilimizin dövlət dili statusuna yüksəlməsi millətin öz taleyinə sahibliyinin, dövlət qurmaq və qorumaq qüdrətinin, həmçinin Azərbaycan dilinin zənginliyinin sübutudur.
1990-cı ildən etibarən Azərbaycan dilinin mənəvi dirilik atributuna çevrilməsi yolunda kiril qrafikalı əlifbanın dəyişdirilərək yeni müstəqil əlifbaya keçməkdə Azərbaycan ziyalıları – şair, yazıçı, dramaturq və dilçiləri hər zaman böyük fədakarlıqlar göstəriblər. 1 avqust 1990-cı il tarixində görkəmli dilçi-alim Afad Qurbanovun təşəbbüsü ilə Azərbaycan Əlifba Komissiyası yaradılmış və o, həmin komissiyanın sədri təyin edilmişdir. Azərbaycan Əlifba Komissiyasının tərtib etdiyi yeni əlifba 1992-ci ildə təsdiq edilmiş və tətbiq edilməyə başlanılmışdır. Görkəmli dilçi-alim akademik Afad Qurbanovun əsas tezislərindən biri məhz Azərbaycan dilinin daha fəal işlədilməsinin, həmçinin onun ictimai və başqa funksiyalarının genişləndirilməsinin təmin edilməsi məsələləri olub.
Milli-mənəvi dəyərlərin ən qiymətlisi və bir millət kimi milli varlığın rəmzi olan Azərbaycan dilinin inkişafı istiqamətində bu günə qədər də çox mühüm addımlar atılıb. Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə əlaqədar tədbirlərin reallaşdırılması müstəsna əhəmiyyətə malikdir. Prezident İlham Əliyevin 17 iyul 2018-ci il tarixli “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamı da Azərbaycan dilinin inkişafı və tətbiqi dairəsinin daha da genişləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
Ölkəmizdə Azərbaycan dilinin işlək dilə çevrilməsi və beynəlxalq münasibətlər sisteminə yol tapması dilin qorunmasına yönələn düşünülmüş siyasətin nəticəsidir.
Cavid Mehdizadə,
Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının fəalı