KÖŞƏ

Vəli İlyasov

Pallonedən acı istehza doğuran tələb

28 iyul 2022 22:20
2784

Görəsən sülhü pozmağa çalışmaqda onun məqsədi nədir?

Okeanın o tayında erməni diasporunun əlində saxladığı Co dayıların olduğu məlumdur. Onlar yaxşı haqq müqabilində erməniləri müdafiə etməyə kökləniblər. Biz bunu otuz ildən artıq davam edən Ermənistan-Azərbaycan münaqişəsi zamanı gördük. Onu da qeyd edək ki, bəzi ermənipərəst konqresmenlərin və senatorların təhdidlərini eşitdik, Azərbaycana qarşı tamamilə ədalətsiz olan və qərəzlə qəbul edilən düzəlişlərin çətinliklərini öz çiynimizdə daşıdıq. ABŞ dövləti adından danışan bir qrup ermənipərəstin iddiaları, hədə və zərbələri bizi çaşdırmadı və qorxutmadı. Nəhayət, dözümlülük göstərən, lakin ağıllı siyasət yeridən Azərbaycan öz qədim torpaqlarını Ermənistanın otuz illik işğalından qısa müddətdə azad etdi. Düşünmək olardı ki, münaqişə bitdi, yəqin ki, Ermənistan və ona havadarlıq edənlər ağıllandılar, bundan düzgün nəticə çıxardılar, dəlisov iddialardan birdəfəlik əl çəkdilər. Çox güman ki, bundan sonra barışıq olacaq, qarşılıqlı qonşuluq münasibətləri normal məcraya salınacaqdır. İndi məlum olur ki, heç də belə deyilmiş. Ermənilərdən daha çox erməni olanlar meydanı yenidən "sulamağa" başlayıblar. Həmin şəxslər Azərbaycanla Ermənistan arasında bağlanmalı olan sülhü pozmaq, müharibəni yenidən alovlandırmaq yolunu seçiblər. Onlardan biri, ABŞ Nümayəndələr Palatasının üzvü, Konqresin erməni məsələləri üzrə komissiyasının həmsədri Frank Pallone bu günlərdə Azərbaycana qarşı ağlasığmaz tələb irəli sürüb. Komissiyanın adından da göründüyü kimi, erməniləri hər cür müdafiə etmək onun boyuna biçilib. Pallonenin tələbləri ilə tanış olanda dərhal düşünürsən ki, yüksək səviyyələrdə adı hallanan bir dövlət adamı necə belə çiy fikir irəli sürə bilər? Yəni, bunun dövlətçilikdən, beynəlxalq hüquqdan,  müharibə aparmış ölkələrdə nizamlamalardan heç xəbəri yoxdur? İki ölkə arasında sülhü pozmaqla nəyə nail olmaq istəyir?

 Frank Pallone ABŞ dövlət katibi Entoni Blinkenin Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı ilə bağlı twitter səhifəsində fikrini bildirib. “Dövlət katibi Entoni Blinkenin Cənubi Qafqazda gedən prosesləri izlədiyini və Azərbaycanın “qeyri-qanuni saxladığı” erməni əsirlərini azad etməyə çağırdığını görmək çox xoşdur. Birləşmiş Ştatlar Azərbaycan qoşunlarını sərhədyanı ərazilərdən çıxarmağa çalışmalıdır ki, bu da sülh prosesinə töhfə verəcək”, - deyə Frank Pallone qeyd edib.

Görürsünüzmü, erməni təəssübkeşliyini necə açıq büruzə verir? Eyni zamanda bizə qarşı qərəzli möveyini də. Ancaq biz çox belə Palloneləri yola salmışıq. Onun qeyd etdiyi Azərbaycanın "qeyri-qanuni saxladığı" erməni əsirləri cinayətlərinə görə saxlanılıblar. Həmin ermənilər əllərində silah qanunsuz olaraq 202-ci ilin 10 noyabr razılaşmasından sonra Azərbaycan ərazilərinə keçərək diversiyalar, terrorlar törədiblər və ya buna çalışarkən tutulublar. Haqlı olaraq cəzalarını da alıblar. Yoxsa vətəndaşlarımızın qanını axıdan qatillərin başını tumarlamalı idik?

 Yaxşı olardı ki, mister Frank xəritəyə yaxşı baxaydı, onda görərdi ki, Azərbaycan Ordusu öz ata-baba ərazisini işğaldan azad edib və öz ərazisindədir. Yəqin Pallone bilməmiş deyil ki, Ermənistan adlı dövlət Sovet hökumətinin təzyiqi ilə Azərbaycan torpağında qondarılıb. 1920-ci ilədək dünya xəritəsində Ermənistan adlı dövlət olmayıb. Ermənistan süni surətdə qondarılanda onun babalarından biri olan polkovnik Haskel də o "iş"də fəal iştirak edib və Azərbaycandan mümkün qədər çox ərazinin, o cümlədən Haxçıvanın alınıb ermənilərə verilməsinə çalışıb. Heç kimi və heç nəyi unutmamışıq. Cənab Pallonenin tarixə diqqətlə nəzər salması və oradakı faktlarla hesablaşması vacibdir. Hamının yadda saxlaması lazımdır ki, ermənilər 1813-1828-ci illərdə İrandan, Türkiyədən demək olar ki, zorla köçürülərək Azərbaycan ərazilərində məskunlaşdırılıblar. Pallone gəlmə ermənilərə ev sahiblərinə hörmət göstərməyi, minnətdarlıq etməyi məsləhət görsəydi, daha ağıllı addım atmış olardı.  Təəssüf ki, başqa yol seçib. O, Azərbaycana buynuz göstərən ermənilərin ağılsız iddialarına dəmtutanlıq edir, amma unudur ki, Ermənistanın buynuzları iki il əvvəl sındırılıb. Yamaq buynuzun isə kiçik bir zərbə ilə cilik-cilik olacağı labüddür. İyirmi birinci əsrdə yaşayan Pallone gərək bunu da unutmasın...Quldarlıq quruluşunun düşüncələri ilə fikir irəli sürmək isə cənab Palloneyə heç yaraşmır, yəni, yüksək səviyyədə yer tutan adamın səviyyəsiz fikir və iddiaları cəmiyyətimizdə eybəcər görünür və acı istehza doğurur...