KÖŞƏ

Mahir Rəsuloğlu

Dərviş İrəvanı partladır?

15 avqust 2022 22:59
1025

Yaxud ermənilərin “Sürməli”də şər sürdürmələri

İşğalçı da olsalar, onillərdir bütün bu qanlı hadisələrin baiskarları da olsalar, üstəlik uşağından tutmuş qocasına qədər bizə səbəbsiz düşmənçilik də sərgiləsələr İrəvanın mərkəzindəki “Sürməli” (mövzudan kənar olsa da qeyd edək ki, “Sürməli” adı İrəvandakı vaxtilə azərbaycanlıların yaşadığı məhəllənin adından götürülüb) ticarət mərkəzində baş vermiş partlayış və günahsız insanların ölümü məyusedicidir. Səbəbsiz deyil. Çünki biz o partlayışların daha dəhşətlisini, daha faciəlisini yaşamışıq.

Təəssüf ki, Ermənistan paytaxtında avqustun 14-də baş vermiş hadisənin kadrları tanış gəlir, 2020-ci ili xatırladır bizə. Vətən müharibəsi zamanı açıq döyüş meydanında rəşadətli Azərbaycan Ordusu ilə bacara bilmədiyini görən ermənilər adətləri üzrə, xislətlərinə xas qəddar, insanlığa sığmayan cinayətə əl atdılar. Oktyabrın 4-də gecə saatlarında Gəncə şəhərində dinc sakinlərin yaşadığı məhəlləyə ballistik raketlərlə endirilən zərbələr günahsız insanların yataqlarını kəfənlərinə, evlərini qəbirlərinə çevirdi. Əzizləri, körpə balası, ahıl valideyni dağıntılar altında qalan insanların harayı Allaha qədər yüksəldi, yuxusuna haram qatdı. Bir anın içində 27 məsumun həyatını itirdiyi qanlı hadisənin səbəbi də bəlli idi, suçlusu da. Ancaq indi 6 nəfərə görə ağlaşma quranlar həmin vaxt laqeyd tamaşaçı rolunu oynamaqdaydı...

Gözlənildiyi kimi, “Sürməli”də baş verən güclü partlayış və yanğının səbəbi haqqında rəsmi məlumat yayılmamış müxtəlif versiyalar səslənməyə başladı. Hətta bir sıra tanınmış ekspertlər də partlayışın terror hadisəsi olduğu versiyasını istisna etmədi. Doğrudan da, Ermənistanda siyasi vəziyyət o qədər həssas, sabitlik isə o qədər kövrəkdir ki, partlayışın qəsdən törədilə biləcəyi mümkün görünürdü. Hadisənin kimin törədə biləcəyinə gəlincə, bu haqda da fikirlər fərqli idi. Əsas şübhələr başqa mübarizə üsulları ilə Nikol Paşinyan hakimiyyətinə qarşı heç nə edə bilməyən müxalifətə yönəlsə də, hadisədə tez-tələsik “Türk izi” axtarmaq istəyənlər (yeri gəlmişkən, Türkiyənin Ermənistanla münasibətlərin normallaşması üzrə xüsusi nümayəndəsi Serdar Kılıç “Sürməli”dəki partlayışı faciə adlandırıb, həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verib və yaralananlara şəfa arzulayıb), hətta hadisənin Ermənistanın Zəngəzur dəhlizinin reallaşacağından ciddi narahatlıq keçirən cənub qonşusu və ya baş nazirə gözdağı vermək istəyən Rusiya tərəfindən planlaşdırıldığını iddia edənlər də tapıldı. Ta ki rəsmi olaraq partlayışın terror aktı olmadığı elan edilənə qədər. Ən pisi isə odur ki, baş verənləri heç bir əsas olmadan Azərbaycanla əlaqələndirən ermənilər də kifayət qədər idi. Hadisə yerindən reportaj hazırlayan jurnalist yaşlı bir erməni kişisindən partlayışın nədən baş verməsi ilə bağlı təxminlərini soruşdu. O isə çox fikirləşmədən “Türklərin (yəni azərbaycanlıların) işidir” dedi. Həmişəki kimi, utanmadan, sadəcə şər atmaq xatirinə bizə şər atdı və heç nə olmamış kimi üzünü çevirib getdi. Və indi təsəvvür edin ki, o görüntüləri dünyanın hansısa erməniləri tanımayan və reallığı bilməyən bir ölkəsində izləyirlər. Görəsən dünyada ermənilər qədər nəinki bu cür partlayış və yanğından, hətta hansısa təbiət hadisəsindən belə qara yaxmaq, şər atmaq üçün istifadə edən ikinci bir xalq, tayfa, qəbilə varmı?

Yaxşı ki, avqustun 15-də düşmən ölkənin daxili işlər naziri Armen Pambuxçyan Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri ilə birlikdə partlayışın videogörüntülərini izlədiklərini və hadisənin terror aktı olmadığını bildirdi. Məlum olub ki, partlayışdan əvvəl bir qədər tüstülənmə, daha sonra yanğın əmələ gəlib: “Sonra alov pirotexnik materiallara keçib, ona görə partlayış baş verib. Bizə görə, hadisənin terror aktı olmaması 99 faiz doğrudur.”

Avqustun 14-də Ermənistan paytaxtı paralel olaraq başqa bir həyəcan da yaşadı. Partlayışdan bir az sonra ölkənin Böhran Vəziyyətlərində İdarəetmə Milli Mərkəzinə növbəti dəfə metronun bütün stansiyalarında, bütün mühüm hərbi və mülki obyektlərdə, ticarət mərkəzlərində, zooparkda, kilsədə partlayıcı qurğuların olması barədə məlumat daxil oldu. Xatırladaq ki, son vaxtlar bu cür anonim zənglər bir neçə dəfə edilmişdi və hər dəfəsində məlumatın yalan olduğu təsdiqlənmişdi. Maraqlı olan isə budur ki, yenə də bəzi erməni nəşrləri bu zənglərin Azərbaycanla əlaqəli olduğunu iddia edərək böhtan atmaqla məşğuldurlar. Guya hansısa azərbaycanlı erməni nömrəsi əldə edərək təxribat məqsədilə zəng edib. Özü də “ya şəxsi təşəbbüsü ilə”, ya da “dövlətin aidiyyəti qurumlarının razılığını alaraq”.

Sayələrində artıq təəccüblənmək levlini də adlamışıq. Bəlkə bütün xəbərdarlıqlara baxmayaraq Zabuxdakı evi də biz yandırdıq? Ya bəlkə alçaqcasına, şərəfsizcəsinə Laçın meşələrinə od vuran erməni deyil? Sadəcə maraqlıdır, bu ermənilərin kəllə sümüyünün içində beyin əvəzi yerləşdirilmiş nədir görəsən?

Mahir Rəsuloğlu, “İki sahil”

Məhərrəm Ağalaroğlu
Anama məktub
Elşad Miraləm
BİZ KİMİK?